İcbari Tibbi Sığortanın tətbiqi ilə vətəndaşlar dövlət xəstəxanaları və poliklinikalarda bir çox xidmətlərdən pulsuz şəkildə yararlana bilirlər. Lakin növbəyə yazılmaq üçün verilən çeklər təəssüf ki, bəzən həkimin otağına açılan qapıda öz hökmünü itirir.
Lent.az-a gələn şikayətlərdə bildirilir ki, bəzi poliklinikalarda həkimlər və onların köməkçiləri öz məsləhətlərinə uyğun növbəni dəyişir, ilk sırada olan insan, bəzən axrıncı qəbula düşməli olur. Məhz bu problemə görə hər gün növbədəkilərlə həkim köməkçiləri arasında münaqişələr yaranır.
Bəzən elə olur ki, vətəndaş sübhdən poliklinikaya getsə də, 15:00-a kimi qəbula düşə bilmir. Saat 3-dən sonra isə həkimlər çıxıb, gedirlər.
Növbələrin əlindən təngə gələn şikayətçi Lent.az-a bildirib ki, qəbula düşmək üçün səhər saat 7-8-də xəstəxanaya yollanırlar:
“Həkimlər saat 10-dan sonra xəstə qəbul edirlər. Amma həkim gəldiyi an qəbula düşə bilmək üçün sübhdən gəlib, dəhlizdə gözləyirik. Heç kim əlimizdəki növbə çekinə baxmır. Həkim sonradan gələnləri bizdən əvvəl qəbul edir. Anlamırlar ki, bizim də şikayətimiz olmasa, işimizi-gücümüzü qoyub, xəstəxanaya gəlmərik”,-deyə bildirib.
Digər şikayətçi isə qeyd edir ki, qeydiyyatçı tərəfindən verilən növbə çekləri sadəcə kağız olaraq qalır:
“Məndən sonra gələn 3 nəfər içəri keçdi. Çekimi göstərib dedim ki, bu mənim növbəmdir. Həkimin köməkçisi dedi, ‘biz özümüz çağırırıq’. Əgər əməl olunmayacaqdısa, onda niyə belə sistem var?!”,-deyə bildirilib.
Poliklinikalarda yaranan bu qarışıqlıq artıq gündəlik narazılıq, bəzən isə mübahisə və dava-dalaşla nəticələnir. Qadınlar, yaşlılar, hətta uşaqlı analar belə həkim qəbuluna düşmək üçün səs tonlarını yüksəltmək məcburiyyətində qalırlar.
Şikayətçilər növbə sisteminin pozulmasının əsas səbəbi kimi bəzi poliklinikalarda həkimlərin şəxsi tanışlarını, qonşularını və ya “xüsusi razılaşma ilə gələnləri” növbədən kənar içəri buraxmasını göstərirlər.
Sosial şəbəkələrdə bu tip videolar və şikayətlər günü-gündən artır. İnsanlar bilmir öz canlarının dərdini çəksinlər, ya növbənin...
Lent.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sözügedən şikayətlər və həkimlərin növbəsinə düşmək üçün verilən çeklərin əhəmiyyəti ilə bağlı ünvanlayıb.
Qurumun cavabı olan zaman xəbər yenilənəcək.