Pilotlardan biri turistlərin günorta saatlarında uçuşlardan qaçmalı olduqlarını söyləyib.
Lent.az xəbər verir ki, bu barədə pilot Cerri Conson bir neçə səbəb göstərib.
Pilotun sözlərinə görə, uçuş üçün ən yaxşı vaxt səhər saat 11:00-12:00 arasıdır.
“Gün keçdikcə hava dəyişir və yer isindikcə uçuşlar çətinləşir. Buna görə də turbulentliyə tutulma riski artır. Həmçinin günorta saatlarında tufan qopmaq ehtimalı səhər saatları ilə müqayisədə daha yüksəkdir. Erkən uçuşları seçməyin başqa bir səbəbi, onların gecikmə ehtimalının çox az olmasıdır”, - Conson bildirib.
Cerri Conson onu da vurğulayıb ki, günortadan sonra uçuşlar əksər insanlar üçün əlverişli ola bilər. Amma onlar kifayət qədər risklidir, çünki gecikmələr və ya ümumiyyətlə uçuşların ləğvi ilə qarşılaşma ehtimalı yüksəkdir. Statistikaya görə, saat 15:00-dan sonra uçan təyyarələrin ləğv olunma ehtimalı daha yüksəkdir.
Eyni zamanda, 2022-ci ilin yayında uçuşların ləğv edilməsini təhlil edən “FlightRadar24”ə görə, uçuş üçün ən yaxşı vaxt səhər saat 11:00-12:00 arasıdır.
Bu müddət ərzində planlaşdırılan uçuşların orta hesabla yalnız 0,75 faizi gecikib və ya ləğv edilib.