Tripadvisor dünyanın ən yaxşı restoranlarının yeni reytinqini təqdim edib. Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən Fogón Asado restoranı Tripadvisor versiyasına görə 2026-cı ildə dünyanın ən yaxşı restoranı seçilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, reytinq müəllifləri restoranı asado steyklərinin hazırlanmasında zəngin ənənələri müasir və orijinal formada təqdim etdiyinə görə yüksək qiymətləndiriblər. Asado Argentinada ətin açıq odda bişirilməsinin ənənəvi üsuludur. Məkanın əsas özəlliyi bütün yeməklərin provoleta pendirindən tutmuş ribay steykinə və tira-de-asadoya qədər birbaşa qonaqların gözü qarşısında hazırlanmasıdır.
Mövsümi məhsullar əsasında hazırlanan səkkiz təqdimatdan ibarət dequstasiya menyusu adi steykhauslarda təklif olunan çeşiddən xeyli fərqlənir. Yeməklərin dadını daha yaxşı açmaq üçün onlara xüsusi seçilmiş Argentina şərabları təqdim olunur. Fogón Asado-da steyk dadmaq istəyənlərə isə xəbərdarlıq edilir ki, restoranda yerlərin sayı məhduddur. Buna görə masanı əvvəlcədən bron etmək tövsiyə olunur. Ümumilikdə Travellers' Choice Awards: Best of the Best Restaurants reytinqinə dünyanın müxtəlif ölkələrindən 25 restoran daxil edilib.
İlk onluq belədir:
Fogón Asado - Buenos-Ayres, Argentina
KOMA Singapore - Sinqapur
The Rhythms Restaurant - Hanoy, Vyetnam
The Witchery Restaurant - Edinburq, Böyük Britaniya
Meat Market - Valensiya, İspaniya
Abrasado - Quaymalyen, Argentina
Catherine Gramado - Qramadu, Braziliya
Careyes Restaurant - Kankun, Meksika
Acre - San-Xose-del-Kabo, Meksika
El Mercado - Buenos-Ayres, Argentina
Maraqlıdır ki, ilk onluqda yer alan restoranlardan üçü Argentinada yerləşir.