“Gizlinləri” özü ilə böyüyən övladlarımız... - GÜNAHKAR KİMDİR?
05 may 2022 17:35 (UTC +04:00)

“Gizlinləri” özü ilə böyüyən övladlarımız... - GÜNAHKAR KİMDİR?

“Özünü yandırdı”, “özünü asdı”, “özünü hündür mərtəbədən atdı”...

Son günlər belə səpkili intihar xəbərlərinə o qədər rast gəlirik ki, artıq adi hala çevrilib. 

Ağrılı duyğulardı... Ən ağrılısı isə intihar qurbanları arasında uşaq və yeniyetmələrin də olmasıdır.
 
Bəs övladlarımızın arzuolunmaz “məqama çatması”nda günahkar kimdir?

Əlbəttə ki, birinci növbədə biz valideynlər, buna görə daha çox özümüzü qınamalıyıq.

Kimi deyir, uşaqlar ailənin güzgüsüdür, kimi deyir, onlar gələcəyimizin aynasıdır və s. Övlada qarşı hər kəsin öz yanaşma tərzi var və bu da təbiidir. 

Belə olan halda gələcəyimizin vaxtından əvvəl “sınmasına” niyə şərait yaradırıq?

“Övladlarımızın xoşbəxt gələcəyini istəyiriksə, ilk növbədə onların düzgün tərbiyəsinə diqqət yetirməliyik” – belə ifadələri də çox eşitmişik, çox oxumuşuq.

Lakin həqiqət odur ki, tərbiyə ilk növbədə biz valideynlərdən başlayır – öncə özümüzü tərbiyə etməli, sonra övladlarımızın tərbiyəsini qurmalıyıq.

Sözsüz, tərbiyə amili geniş anlamdır – tərbiyə işinin qurulmasında müəllimlərin, ətraf mühitin, bir sözlə, cəmiyyətin də üzərinə məsuliyyət düşür.

Təbii ki, bu və ya digər mənada problemi, psixiki sarsıntısı olmayan uşaq yoxdur. Onların daxili aləmindəki “gizlinləri” özü ilə böyüyür… Vaxtında müdaxilə olmadıqda, “gizlin” aşkara faciə kimi çıxır. 

Bəli, əsas problem də məhz övladı ilə “işləyə bilməyən” valideyndə - anada və atadadır.
 
Fransız maarifçisi Jan Jak Russo tərbiyə haqqında yazdığı əsərində “Ana yoxdursa, uşaq da yoxdur” deyirdi.

Bu gün adını hörmətlə yad etdiyimiz xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev isə israrla vurğulayırdı ki, “Anaları savadsız olan millət kordur”.

Bu kəlam millətin maarifləndirilməsi kimi başa düşülsə də, digər tərəfdən savadlı ananın övladının daxili aləminə nüfuz edə bilməsini də özündə şərtləndirir. Oxumuş, dünyagörüşlü ana övladını daha həssas duyur, onun sıxıntılarını aradan qaldırmağı bacarır. 

Valideynlərin həm də psixoloji baxımdan hazır olması mütləq şərt kimi götürülməlidir.

Bəzən filmlərdə, bədii ədəbiyyatlarda, elə real həyatın özündə “ana olmağa, ata olmağa hazır deyiləm” ifadəsini çoxlarımız gülüşlə qarşılayırıq ki, “bəs nə vaxtı gözləyirsən?”. Adam öz düşüncəsində, vücudunda bunu hiss edir, lakin ictimai qınaq onu fikrində israr etməkdən çəkindirir və sonluq – dünyaya gətirdiyi övladla valideyn arasındakı münasibətlərdə uçurum yaranır, ona görə ki, tərbiyə prosesi kortəbii qurulmuşdu…   

Bu məsələdə son dərəcə həssas və ayıq olmalıyıq, atalar demiş, sonrakı peşmançılıq fayda verməz. Dahi Viktor Hüqonun dili ilə desək: “Uşağını itirən ana üçün hər gün ilkdir; yarası heç vaxt qaysaqlamaz”.

Bəs övladlarımızı neqativlərdən - səhv addımlardan, faciəyə yol açan qərarlardan necə yayındırmalıyıq?

Hesab edirəm ki, yenə də nəticə gəlir bu fikrə dirənir: Onlarla başa düşəcəkləri tərzdə davranmalı, könülqıran ifadələrdən çəkinməli, ən əsası isə fikirlərini aydın şəkildə ifadə etməyə şərait yaratmalıyıq. Bir növ, övladla dost olmalıyıq ki, sonra balaca dostun sənə ömrünün sonunadək unutmayacağın qədər “xəyanət” etməsin!

Övladlarımızla öz təfəkküründə davrananda onların fikir dünyasındakı daxili təhlükəsizlik hissi də güclənmiş olur. Unutmayaq ki, uşaqlarımız xoşlayırlar ki, valideynləri həmişə onlardan razı olsunlar – onları buna inandırmaq lazımdır. 

Sonda bir deyimlə fikrimi sonlandırmaq istərdim: Hər kəs ata, ana ola bilər, amma hər kəs atalıq, analıq borcunu layiqincə bacarmaz. Gəlin bacaranlardan olaq! 

# 3861
avatar

Rəşad Sarıyev

Oxşar yazılar