Ölkə başçımız Füzuli rayonuna səfəri zamanı Dədəli və Pirəhmədli kəndlərinin təməlini qoyub.
APA-nın xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib.
Eldar Seyidov deyib ki, kəndlərin ərazisi müvafiq olaraq 314 hektar və 178 hektar təşkil edəcək. Ümumilikdə Dədəli kəndində 1050 ədəd, Pirəhmədli kəndində isə 565 ədəd fərdi yaşayış evləri tikiləcək: “Hər bir evin həyətyanı sahəsi 1200 kv. m olacaq. 1-ci mərhələ üzrə iki kənddə birlikdə 607 ədəd ev inşa olunacaq. Kəndlərdə sosial infrastruktur layihələri - məktəb, bağça, idman klubu, tibb mərkəzi, bazar, məscid, ticarət obyektləri də inşa olunacaq. Kəndlərdə tarixi ənənələri qorumaqla müasir üsluba malik olan istilik tutumlu evlər layihələndirilib. Bu yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kəndlərdə tikinti işlərinin 2025-ci il ərzində başa çatdırılması planlaşdırılır”.
Eldar Seyidov Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsi barədə də məlumat verib: “Şəhərdaxili yolların ümumi uzunluğu 87.34 km təşkil edir. İlkin mərhələdə 18.47 km uzunluğunda yolun inşası nəzərdə tutulub. Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, yaşıllıq zolaqları, velosiped yolları, ictimai nəqliyyatı təmin etmək üçün xüsusi hərəkət zolaqları mövcud olacaq. Prospektlər 4 zolaqlı , küçə və yollar isə 2 zolaqlı olacaq. Layihə Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, həmçinin, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur. 1-ci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. Qalan 20 faizinə xidmət göstərən su anbarı 2-ci mərhələdə inşa ediləcək. Bu su anbarın tikintisi ilə şəhərə köçəcək sakinlərimizin daimi su təchizatı təmin olunmuş olacaq. Bildiyiniz kimi, Füzuli şəhərində Özbəkistan Prezidenti Şovkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olunan 960 şagirdlik məktəb inşa olunur və layihəyə əsasən tikinti işlərinin bitməsi bu ilin sonuna gözlənilir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. Füzuli şəhərinə qayıdan ilk şagirdlər məhz bu məktəbdə təhsil alacaqlar. Cənab Prezident söylədiyi kimi, bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq”.