Yollarda hərəkətin təhlükəsizliyi üçün bir neçə qurum xidmət aparır. Hər bir pozuntuya görə, qanunla müəyyən olunmuş miqdarda cərimə tətbiq olunur. Bəs görək, yol hərəkəti pozuntularına görə, ən çox cərimə yazan qurum hansıdır?
Avtomobil məsələləri üzrə ekspert Elməddin Muradlı Lent.az-a bildirib ki, hazırda bu istiqamətdə ən çox cəriməni Dövltə Yol Polisi əməkdaşları yazır:
“Azərbaycanda yollarda ən çox cəriməni təbii ki, yol polisi yazır. Bu da tam qanunidir. Çünki yol hərəkəti qaydalarına ən çox nəzarəti yol polisi edir. Buna görə də xüsusi texniki vasitələrlə də bu və ya digər xətalar aşkarlanır.
Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi dayanma-durma ilə bağlı pozuntulara görə ikinci yerdə gəlir. Dövlət Avtomobil Nəqliyyat Xidməti isə üçüncü yerdədir. Yol polisinin xüsusi texniki vasitələri ilə gün ərzində 1000-dən çox sürücü cərimələnir. Hətta elə gün olub ki, gündə 2500-3000 sürücüyə də cərimə tərtib olunub. Bunlar da təbii ki, radar və müşahidə kameraları vasitəsilə qeydə alınır. Radarlar sürət həddinə görə, kameralar da digər hərəkət pozuntularını çəkir. Bundan əlavə, həm də yol polisi əməkdaşları çoxdur. 2000-dən çox DYP əməkdaşı var ki, onun da 500-ü Bakı şəhərində xidmət aparır. Elə Bakıdakı hər yol polisi 5 protokol yazsa, günə 2500 protokol edir. Amma onalrın hamısı protokol tərtib etmir. Çünki onların çoxu hərəkətin təşkilinə nəzarət edirlər. İndi gündəlik protokolların 70 faizi xüsusi texniki vasitələrlə sistemə ötürülür.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti də şəhərlərarası avtobuslara, sərnişindaşımaya nəzarət edir. Amma onların sayı elə də çox deyil”.