Son zamanlar ictimai nəqliyyatda sıxlığın yaranması ilə bağlı metronun açılması tələbi də artıb. Sosial şəbəkədə bu və xüsusən də kafelərin insanlarla dolu olduğu halda şadlıq saraylarının fəaliyyət göstərməməsi geniş müzakirələrə səbəb olub.
Sözügedən müzakirələrlə əlaqədar deputat Aqil Abbasda öz fikrini bildirib. Lent.az xəbər verir ki, millət vəkili öz yazısında maska cəriməsinə də toxunub:
“Keçmişdə sosializm yarışı deyilən bir anlam vardı. Özü də bu yarış bütün sahələri əhatə edirdi, xüsusilə də kənd təsərrüfatı və sənaye müəssisələri arasında. Rayonda kolxozlararası, respublikada rayonlararası, ittifaqda da respublikalararası. Yarışın qalibləri də həm keçici Qırmızı Bayraqla, həm də hədiyyələr və pulla mükafatlandırılırdı. Yarışlarda daha böyük nailiyyətlər qazanmış fərdi şəxslərə də avtomobil bağışlanırdı. İctimaiyyət də bu yarışı maraqla izləyirdi. Və həm də Məhsul bayramları keçirilərdi.
İndi belə yarışlar nə rayonlar üzrə keçirilir, nə də respublika üzrə. İttifaq da ki day yoxdu. Amma biz yarışmağa öyrənmişik. İndi ölkədə başqa bir yarış geniş vüsət alıb. Bu da «Kim daha çox cərimə elətdirər» yarışıdır. Müxtəlif nazirliklər, müxtəlif komitələr, müxtəlif təşkilatlar… Cərimə eləyən təşkilatların sayı cərimə olunanlardan çoxdu. El dilində desək, dəllək müştəridən çoxdu.
Qurban olduğumuz hökumət də elə yüksək cərimələr tətbiq edir ki! Məsələn, maska taxmamağa görə 200 manat. Ölkədə də minimum əmək haqqı 250 manatdır. Bu cəriməni tətbiq edənlər deyə bilər ki, canı çıxsın, maskasını taxsın. Amma onu da fikirləşmirlər ki, bəzi insanlar var ki, onlar maskanı taxanda canı çıxır, yəni müəyyən xəstəlikləri var, havaları çatmır. Məcbur olur maskasını bir balaca aşağı endirir. Vəssalam ey, 200 manat. Canın çıxsın, tap ver”.
Aqil Abbas
Aqil Abbas kafelərin 12-dən sorna fəaliyyətinə olan qadağanı və kafelərin dolub-daşdığı təqdirdə toy mərasimlərinə olan qadağanı qəti şəkildə qınayıb:
“Gecə saat 12-dən sonra kafe və restoranlar işləməməlidir. Çox gözəl. Amma bəzən müştəri beş-on dəqiqə gecikir. Həmin obyektin sahibinin də qanı getdi, müştərinin də yeyib-içdiyi burnundan tökülür. Deməli, virus gecə saat 12-dək yatır, bir dəqiqə keçən kimi hücuma keçir?! Başdan-ayağa komediyadır. Avtobusda ağız-ağıza getmək olar, metroda yox. 40 kv.metrlik avtobusda 60 adam ağız-ağıza gedə bilər, amma 2000 kv.metrlik bir şadlıq sarayında 50 adam bir yerdə çörək yeyə bilməz.
40 kv.metrlik avtobusda 60 adam ağız-ağıza gedə bilər, amma 35 minlik stadionda 300 adam müxtəlif sektorlarda bir-birilərindən 50 metr aralı oturub futbola baxa bilməz. Niyə? Ümumdünya Səhiyyə Təşkilatı və onun Azərbaycandakı filialı Operativ Qərargah belə istəyir. Gözəllik salonunda müştəri maskasızdır, cərimələ! Hamamlar fəaliyyət göstərə bilməz. Belə getsə, Bakı şəhər əhalisinin yarısı pandemiyadan sonra kirə çıxacaq. Hamının evində ki hamam yoxdu? İbtidai icma quruluşunldakı kimi gərək çəlləkdə çiməsən.
Keçmişdə bir oboxeyis vardı, indi maşallah,on-on beş oboxeyis var. Bəli, nazirliklər, komitələr və müxtəlif təşkilatlar arasında Cərimə yarışı gedir. Görək, bu sosializm yarışının qalibi axırda kim olacaq?!”.