Cinayət Məcəlləsinə yeni maddələr  əlavə olundu, istintaqı DTX aparacaq
24 yanvar 2024 09:13 (UTC +04:00)

Cinayət Məcəlləsinə yeni maddələr əlavə olundu, istintaqı DTX aparacaq

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.

Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib. Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək.

Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər dövrümüzdə ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılıb.

Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5688
avatar

Oxşar yazılar