Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Kənan Kərimzadə elm və təhsil nazirinin müavini təyin edilib.
Bu barədə Lent.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
K.Kərimzadə bu təyinata qədər nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsində işləyib.
Qeyd edək ki, Kənan Kərimzadə 1989-cu ildə Bərdə şəhərində anadan olub.
2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-cu ilin fevral-aprel aylarında ABŞ-nin Dyuk Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi tərəfindən keçirilən “İqtisadi inkişaf üçün tətbiqi dövlət maliyyəsi” kursunu bitirib. 2011-2012-ci illərdə “Edmund S.Muskie Mübadilə Proqramı" çərçivəsində Nyu-Yorkda yerləşən Fordham Universitetində “Beynəlxalq siyasi iqtisad və inkişaf” proqramında təhsil alıb.
2017-2019-cu illərdə ABŞ-nin CFA İnstitutunun “İnvestisiyaların idarə edilməsi” proqramını bitirib və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasını əldə edib.
2013-2016-cı illərdə “Capital Motors” MMC-də maliyyə və təhlil üzrə mütəxəssis, 2016-2019-cu illərdə “PMD Group” MMC-də investisiyalar üzrə baş mütəxəssis, investisiyalar üzrə rəhbər, departament menecerinin müavini, 2019-2020-ci illərdə isə Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri vəzifələrində çalışıb.
2020-2021-ci illərdə Elm və Təhsil Nazirliyində nazirin müşaviri vəzifəsində işləyib. 2021-ci ildən Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir. 2023-cü ilin fevral-may aylarında nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib.
Ailəlidir, iki övladı var.