Bu kinodu, kino! - Nazirlik niyə susur?  
15 mart 2024 14:03 (UTC +04:00)

Bu kinodu, kino! - Nazirlik niyə susur?  

İctimai Televiziyada (İTV) bir serial yayınlanır. Serialdan sosial mediada paylaşılan hissədə məktəbə gələn jurnalistlə müəllimin dialoq-davası səhnələşdirilib. 

Dialoq, obrazların şitliyi, bəsitlik - bunları heç müzakirə eləmirik. Gündə televizyalarda yayınlanan seriallarda olan obrazların ənənəvi danışıq tərzi elə bu cürdür. 

Sosial mediada paylaşılan bu balaca hissə isə jurnalistlərlə müəllimləri qəzəbləndirib. Jurnalistlərin yekə bir qismi hesab edir ki, bu parçada onlar təhqir olunublar. Amma mənə görə burda daha çox müəllimlər, təhsil sistemi və məktəbdəki hazırkı vəziyyəti göstərməyə çalışıblar. 

Çünki imla yaza bilməyən jurnalist də elə ona imla yazdıran müəllimin və təhsilin yetirməsidir. Özü də hörmətli təhsil naziri Emin Əmrullayev özü mediaya açıqlama verib demişdi ki, Azərbaycan müəllimlərinin xeyli faizi imla yaza bilməyiblər və lazım olan minimumu toplamayıblar. Yəni, səhv səhvi gətirər. Nəsə belə bir atalar sözü. 

Bu hadisədə diqqətimi çəkən isə başqa mətləblərdir. 

Camaat bu paylaşılan hissədən elə başa düşüb ki, bu, Elm və Təhsil Nazirliyinin hazırladığı video çarxdır. Jurnalistlərin çoxu nazirliyin onu tənqid edən jurnalistlərə söz atdığını düşünüb hirsləniblər və nazirliyi ağ yuyub qara sərirlər. Yəni, sosial mediadan göründüyü qədər İTV-də belə serialın yayınlanmasından çox adamın xəbəri yoxdur.   

Bu isə o deməkdir ki, televiziyaların kontenti  televizor adlanan cihazdan daha çox sosial mediada izlənilir. Ya da sosial mediadakı anonslar, bu cür “reklam paylaşımları” daha sonra adamları televizor adlı cihazın pultunu çevirməyə vadar edir. Yəni, mənbə, rəy yaradan, daha çox baxış imkanı sosial mediadır. 

İkinci məsələ isə Elm və Təhsil Nazirliyi ilə bağlıdır. Artıq bir sutkaya yaxındır ki, video sosial mediada yayılır, əksəriyyət nazirin adını qeyd edib, tənqidi postlar yazır. Elm və Təhsil Nazirliyindən bir nəfər çıxıb demir ki, ay camaat, bu kinodu, kino! 

Görəsən niyə? 

Yəqin sənətə və sənətkara hörmətlərindəndir.

Yox, bu serialda Elm və Təhsil Nazirliyinin hər hansı formada iştirakı, sifarişi, rolu varsa, onda ikiqat pəs. Jurnalistləri öz aləmlərində aşağılamaqlarını başa düşdük, müəllimi və məktəbi niyə o günə qoyublar?)) Yəni, bunun heç kinoda göstərmək üçün də yaxşısı yoxdur?))

Yazıdakı smaylklar da sosial media üçündür)))))

# 5028
avatar

Cavidan HUN

Oxşar yazılar