Bu dünyadan bir mələk keçdi... - Qənirəsiz  40 gün
07 noyabr 2023 15:21 (UTC +04:00)

Bu dünyadan bir mələk keçdi... - Qənirəsiz 40 gün

Məni hara basdırırsanız basdırın
Adım da qalmasın bir daş üstündə.
Bir qəbir yeri, bir nişanə də...
Üstümdə ağlasınlar, istəmirəm
Gözyaşından doymuşam
Çox ağlatdı dünya məni
Kimsə üzülməsin, heyif deyə
Kədərdən yorulmuşam
Həyat həsrətdi mənə...
Kimsə sığallamasın qəbir daşımı
Saçımı sığallamadısa
Sevib-sevdalandığım
Kimsə öpməsin soyuq məzarı
Yalnızlıq alın yazımdı...

Bu kiçik şeir parçasında hamının gözü önündə olan deputatın, aktiv həyat tərzi ilə seçilən ictimai xadimin kövrək qadın ürəyinin, bəlkə də nakam sevgisinin pıçıltısı var. Ömrünün son gününü görürmüş kimi yazmışdı bu şeiri Qənirə Paşayeva. 

Kimsə “arxamca ağlamasın” demişdi, amma bu vəsiyyətinə əməl edən olmadı. Arxasınca gözüyaşlı qoyduğu milyonlarla insan ağladı. Çünki Qənirə vətən qadın, hamının halına yetən qadın idi.

Ölümündən bir il öncə Bakı-İstanbul reysində halı pisləşmiş bir nəfəri ölümdən xilas etmiş, ilk tibbi yardımı o göstərmişdi. O beləydi. Kömək lazım idisə Qənirə orda olurdu, kiminsə xahişini, ricasını gözləmədən. Ali tibb təhsili var idi. Amma həkim kimi heç işləmədi. Buna baxmayaraq minlərlə insanın dərdinə dərman oldu, loğmanına çevrilməyi bacardı.

O bəlkə də çox az sayda deputatlardan biri idi ki, seçkidən seçkiyə yox, həmişə insanların içində idi, yalnız öz rayonunun seçicilərinə deyil, hamıya pür diqqət qulaq asar, əlindən gələni də gəlməyəni də etməyə çalışardı. Onu hətta ilk dəfə görən adamları belə mehribanlıqla qarşılayıb, bağırna basmağı var idi. Yaddaşlara da belə köçdü- gözəl, mehriban, üzügülər.

Bu dünyadan Qənirə adlı bir mələk keçdi. Dövlətinə, Millətinə, Vətəninə bağlı bir türk övladı! Cismi torpağa qoyulsa da, ürəklərdə dəfn olundu sanki. 

Xalqının sevgisini vicdanlı davranışı, mərhəməti, işgüzarlığı, əsl insan olması ilə qazanmışdı. Adları ürəklərə qazınanlar ölmürlər. Xatırlandıqca bir az  kövrəldir, göynədirlər insanı. 
Qənirə üçün hamının dilindən yana-yana çıxan bir söz var. “Heyf ondan”. Bu söz hamı üçün işlənmir, hər gedən üçün təəssüflənmirlər. Hamının dilindən ürəkdən gələn  rəhmət kəlməsini eşitmək üçün yaşamın boyu çətin bir missiyanı yerinə yetirməlisən – həyatın gətirdiyi bütün sürprizlərə qarşı insan olaraq qalmağı bacarmalısan.

O,  əsl insan kimi yaşadı, əsl insan kimi köç etdi. Öldü demək istəmirəm. Əsl insanlar missiyaları bitincə sadəcə başqa bir aləmə köç edirlər. Sağlıqlarında etdikləri yaxşı əməlləri xatırlayan son insan ölməyənə qədər yaşayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6240
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar