Bir tərəfdə yara sarıdıq, bir tərəfdə... - BAŞ HƏKİM Lent.az-a YAZIR
10 noyabr 2021 12:33 (UTC +04:00)

Bir tərəfdə yara sarıdıq, bir tərəfdə... - BAŞ HƏKİM Lent.az-a YAZIR

Zəfər gününü bayram etdik.

Hamı sevinirdi, hamı şadlanırdı. Səbəb bəllidir-biz qələbə çaldıq. Ali Baş Komandanın dəmir yumruğu ilə 30 illik torpaq həsrətimiz bitdi. Yurdumuz, yuvamız düşmən tapdagından azad oldu. Hamımız bir yumruq olduq, birləşdik və qalib gəldik. Ordumuzun qəhrəmanlıgı qarşısında sözlər acizdir. Bir peşə sahibləri var ki, onların bu qələbədə rolu danılmazdır. Söhbət fədakar həkimlərimizdən gedir.

Füzuli Müalicə Diaqnostika mərkəzi döyüşlərin başladığı ilk saatlardan qəbul etdi yaralıları İTS və TƏBİB-in yaratdığı tükənməyən dərman və sarğı materialları ehtiyatı, təcili yardım maşınlarının həyəcanlı səsləri, həkim və tibb işçilərinin yuxusuz gecələri, Füzuli camaatının həqiqi mənada ayaq üstə qalması… Bütün bunlar gözümün önündən getmir. Çətin, ağlasığmaz günlər idi. O anları yaşadığımızı təsəvvür etmək belə çox acıdır.

44 gündə bir tərəfdə yara sarıdıq, bir tərəfdə ürəyi yaralı Şəhid valideynlərinə dayaq olmağa, təskinlik verməyə çalışdıq. Çox çətinlikdən keçdik, amma dəyərdi. Azad olunan hər rayona, hər kəndə, hər qarış torpağa və təbii ki Şuşaya görə necə sevindiyimiz, necə qışqırdığımız, həyəcanımız, göz yaşlarımız… unudulmaz anlar idi.
Bu gözəl və bənzərsiz hissləri bizə yaşadan, bizi üzü ağ və başı uca edən Şəhidlərimiz, sizə borcluyuq. Önünüzdə baş əyirəm, müqəddəs ruhunuz qarşısında baş əyirəm! Şəhid həkim və tibb bacılarının ruhu şad olsun!

Bu gün Füzuli Müalicə Diaqnostika mərkəzi öz adi, gündəlik həyatını yaşayır, mülki xəstələr yoxlanır…Daha həyətimizdə üstü palçıqlı ambulanslar, qana boyanmış xərəklər və ezamiyyətə gəlmiş həkimlər, tibb bacıları, sürücülər-o gözəl insanlar yoxdur.

Amma yalnız biz həkimlər mərkəzin divarına, daşına hopmuş, hər palatasına çökmüş şəhidlərin, yaralıların səslərini, nəfəslərini duyuruq. Və onların - şəhidlərin ruhlarınıda görürük; onlar çox qürurlu və şaddırlar. Şəhidlərin son nəfəsində əllərindən tutan, yaralı əsgərlərin suyunu, yeməyini verən, saçını, ayağını yuyan tibb bacıları, təcili yardım maşınlarını bütün qaydaları pozaraq sürən sürücüləri və 24 saat ayaqda qalan  həkimlər- var olun. Çəkdiyimiz əziyyətə dəydi , bəli, biz bacardıq. Şəhidlərin ruhu bu gün şaddır.  Bu şadlıq bizə yetər! 
Vətənimiz azaddır, düşmən yerlə-yeksandır, bu bizə yetər! 
Az sonra xəstəxana, məktəb, yaşayış evləri tikiləcək Füzuli şəhərində. Bizdə köçüb gedəcəyik, orada yeni, abad Füzulidə çalışacağıq, işləyəcəyik. 
Füzuli şəhərindəki Mərkəzi xəstəxanada görüşənədək!

Füzuli bizimdir!

Qarabağ bizimdir!

QARABAĞ AZƏRBAYCANDIR!

Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru Şaiq Şükürov

# 4161
avatar

Oxşar yazılar