Arzu Nağıyev
24 iyun 2024 15:09 (UTC +04:00)

Arzu Nağıyev

“Bildiyim sirlər mənimlə məzara gedəcək” – Arzu Nağıyevlə QEYRİ-RƏSMİ SÖHBƏT

Lent.az-ın “Rəsmilərlə qeyri-rəsmi” rubrikasında növbəti müsahibi, “Şöhrət” ordenli deputat Arzu Nağıyevdir

- Arzu müəllim, mən sizi əslən tovuzlu bilirdim, amma haqqınızdakı məlumatlarda doğum yeriniz Oğuz rayonu yazılıb.

-  Tovuzluyam. Anamla atam təyinatla Oğuzda həkim işləyiblər, orda doğulmuşam deyə sənədimdə elə yazılıb.Tovuzun Bozalqanlı kənd orta məktəbini bitirmişəm.

- Öncələr inşaat mühəndisi, sonra Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, media orqanında rəhbər, Yazıçılar Birliyinin üzvü, şair və deputat. Bütün bu fərqli sahələr sizin həyatınızda necə birləşib?

- Orta məktəbi bitirdikdən sonra Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsil proqramı çərçivəsində 1985-ci ildə Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili bölməsindən məzun oldum. 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı və baş iqtisadçı vəzifələrində, 1987–1989-cu illərdə  komsomolun Nərimanov rayon Komitəsinin təlimatçısı və şöbə müdiri işləyirdim. O zaman belə bir təklif gəldi, razılaşdım. 2 il oxuduqdan sonra 1991–2011-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində  həqiqi hərbi xidmətdə oldum. 30 il əməliyyat müvəkkili -şöbə rəisi vəzifələrində çalışmışam.

- Adətən deyirlər, bu peşədə işləyənlərin ailələrinin belə onların  nə iş görməsindən xəbəri olmur...

- Orda bir tam məxfi qrup var, bir də məxfi. Mənim ətrafımdakılar harada işlədiyimi bilirdilər, amma nə iş gördüyümü bilmirdilər. Bunu ancaq iş yoldaşlarım və rəislərim bilirdi.

- Hələ də gizlətdiyiniz sirlər var?

- Var və yəqin ki, mənimlə məzara gedəcəklər. Ümumiyyətlə, bu peşə çox maraqlı, maraqlı olduğu qədər də məsuliyyətlidir. Hər bir əməliyyat işçisinin ikili həyatı var, onu heç vaxt açıqlamaq olmaz. 

- Deputat olduqdan sonra həyatınızda, ətrafınızda çox şey dəyişdi?

- Yox. Bəzi məqamlar oldu ki, onları mən özüm bir az çərçivəyə salmalı oldum.

- Köhnə peşə vərdişi olaraq insanlarla tanışlıq, yoldaşlıq edərkən, onların kimliyini araşdırıb, ələdiyiniz olur?

- Olur. Hətta sosial şəbəkədə dostluq təklifləri göndəriləndə belə, araşdırıram, o adamın yaşam tərzini, həyata baxışını nəzərdən keçirirəm.

- Dostlarınız çoxdur?

- Var. Amma çox deyil. Hər oturub çörək yediyin adama da dost deyilməz. Dost ailənin içinə buraxdığın, evinin açarını verib, “biz evdə yoxuq, evimizə bax” deyə biləcəyin qədər güvəndiyin adamdır. 

- Səhvlərinə görə uzun illər yol getdiyiniz dostlarla yolunuzu ayırmısınız ? 

- Olub. Bir zamanlar çox şirin dostluq olub. Sonra müəyyən fikir ayrılıqlarına görə uzaqlaşmışıq. Mənim məramıma, düşüncələrimə, əqidəmə zidd olanda uzaqlaşıram. Mənim məramım dövlətdir, dövlətçilikdir. Həmişə fəxr eləmişəm ki, çiyinlərimdə, alnımda dövlətin gerbini gəzdirmişəm.

- Özünüzü hansı yaşda hiss edirsiniz?

- Vallah sənədə baxmayınca inanmıram ki, mənim 61 yaşım var. Deyirlər kişilər hiss etdikləri, qadınlar isə göstərdikləri yaşdadırlar. Necə deyərlər, dəyərəm yüz cavana. Özümü hardasa 40 yaşımda hiss edirəm.

- Bürclərə inanırsınız?

-  Şir bürcüyəm. Çox inanmasam da, bu bürcün xüsusiyyətlərinin məndə olduğunu görürəm. Liderlik qabiliyyəti, çətinliklərdən qorxmamaq, öz dəmir prinsipləri olmaq və s.

- Hobbiniz var?

- Rəsm qabiliyyətim yaxşıdır. Köhnə mebellləri restavrasiya etmək, piano çalmaq hobbimdir. Hətta bir neçə bəstələrim də var. Gənclikdə ov eləməyi sevirdim. Yaxşı ov köpəklərim və ov silahlarım var idi.

- Heç yalan danışmısınız?

- Bir dəfə atamdan soruşdum ki, yalan demək olar, ya yox. O dedi ki, bəzən acı həqiqətdənsə şirin yalan yaxşıdır. Bir insana ümid vermək, həyata bağlamaq üçün. Belə baxıram, yalanım olubsa da az olub, elə bu məqsədlə olub. Yalandan  sözlər verib, böyük-böyük danışmamışam. Əslində mənim peşəmlə yalan danışmaq heç mümkün də deyildi.

- Borc verməyi xoşlayırsınız?

- Vallah o qədər borc verdim, sonra qaytarmadılar ki, indi biri min manat borc istəyəndə deyirəm, al bu 200 manatı, olanım budur, geri istəmirəm, məndən borc istəmə. Əlimlə verib, ayağımla axtarmaqdan xoşum gəlmir. 

- Siz həm də I Qarabağ müharibəsi iştirakçısınız. Bildiyimə görə uzun illər başınızda qəlpə ilə gəzmisiniz.

- Hə əridimi, çürüdümü bilmirəm, yoxa çıxdı o qəlpə. Amma heç vaxt onun varlığı məni narahat eləməmişdi. Qarabağ müharibəsinə 1991-cı ilin aprel ayında getmişəm. Onda DTK da kapitan idim, amma adi döyüşçü kimi iştirak eləmişik. Allah rəhmət eləsin, bu yaxınlarda Milli Qəhrəman Riad Əhmədovun nəşi tapılıb dəfn edildi, mən də dəfndə iştirak elədim. O bizim xüsusi təyinatlı dəstələrin komandiri idi. Çaykənd əməliyyatı ilə döyüşlərə başlamışıq. Bu ermənilərin ən qorxduğu əməliyyat olub, hələ də “operasiya kolso” (üzük əməliyyatı) deyə xatırlayırlar onu. 131 gün döyüş bölgələrində olmuşam. Vətən qarşısında borcumu yerinə yetirməyimlə fəxr eləyirəm. Bir də fəxrlə veteran pulu alıram, ayda 80 manat. O pulu xərcləmirəm, kartda toplayıram.

- Sizcə 80 manat az deyil?

- Azdır, 80 manatla yaşamaq olmaz və bu barədə dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam.

- Ölüm qorxusu yaşamısınız?

- Döyüş zamanı bir dəfə hiss elədim ki, snayper başımı nişan alıb. Avtomatı alnıma tutdum, atəş açıldı, avtomatın dəstəyi alnımı parçaladı. Qan axa-axa ailəmi düşünürdüm ki, uşaqlar balacadır, çətin dövrdür. Ölümü o qədər yaxından bir tək onda düşündüm. Vəssalam. İşimlə bağlı həmişə əldə silah, cinayətkar dəstələrin  üstünə getmişəm. Narkotiklər və insan alveri şöbələrində çalışmışam. Ota Asiyada əməliyyatlarda olmuşam. Təhlükə hər an bir addımlığımda olub. Atamın zarafatla bir sözü var. Deyir “birdən adi ölümlə, urvatsız ölüb bizi biabır edərsən. Motosiklet zad vurar səni rüsvay olarıq. Öləndə kişi kimi ölmək lazımdır, ucuz ölümlə ölmə”. Mənə adi ölümü yaraşdırmır atam.

- Ovçuluğa həvəsli adam çöl adamı olur. Yemək hazırlamaqla aranız necədir?

- Lazım gəlsə özüm və yanımdakıları ac qoymaram. Yaxşı çölçüyəm.

 - Yenidən deputat seçilmək arzunuz var?

-  Vəziyyətə baxacam. Əsas odur deputat işlədiyim bu müddətdə seçicilərimi özümdən narazı salmadım. Bir şeyi heç vaxt unutmuram. Tovuzda mənim anamın məzarı var və 62 il bu rayonda həkim işləmiş atam yaşayır. Elə işləməliyəm ki, ora gedəndə üzüm ağ olsun.

-  Özünüzə ən yaxın bildiyiniz deputata kimdir?

-  Heç kimlə münasibətlərim pis deyil. Milli Məclisin sədri Sahibə xanımdan rahatlıqla bilmədiyim sahələr üzrə məsləhət alıram, iqtisadçı deputatlardan iqtisadiyyata dair suallar verirəm, hərbi və təhlükəsizlik məsələlərini isə məndən soruşurlar.

- Həmişə qızıl orta prinsipini qoruyursunuz. Həyatda da bu belədir? Özünüzə kənardan qiymət versəniz, pis cəhətiniz nədir?

-  Unuda bilməmək. Mənə edilmiş heç bir əməli unutmuram. Bu kin saxlamaq da deyil. Xalq olaraq başımıza hər şey unutmaq üzündən gəldi. Nə unutqanam, nə tələskən. Ola bilər cavanlıqda çılğınlıqlarım olub. İndi yaxşını, pisi analiz edirəm, hər şeyin yerli-yerində olmasına cəhd göstərirəm.

- Gözəl sevgi şeirləriniz var. Sizə görə, sevgi nədir?

- Sevgi cismani və ruhani istəyin vəhdət tapdığı nöqtədir. 

- Şeirlərinizi həsr etdiyiniz o gizli qəhrəman kimdir? 

- Bir-iki dəfə evdə də bu sualı veriblər, demişəm hər şeirin öz qəhrəmanı var.

-  O dərəcədə?

-  (Gülür). Buna başqa nə cavab verəsən? Şeirlər ruh halı ilə, ilhamla yaranır, xəyali qəhrəmanlara həsr olunur.

- Xanımınızı sevib ailə qurmuşdunuz?

- Ailələrimiz yaxın idilər, biz bir- birimizi 6-7 ay tanıyıb sonra evləndik. Əsas odur sevgisiz deyildik. Baxdım ki, ziyalı qızdır. İndi İqtisad Universitetində dərs deyir. Eşq olsun ona ki, 30 il orqanda işləmiş əməliyyatçının həyat yoldaşı olaraq çox çətinliklərə dözüb. Hara təyinat almışam addım-addım mənimlə gedib, rayonlarda, hərbi şəhərciklərdə yaşayıb.

- Övladlarınızın karyerasında öz satusunuzdan istifadə eləmisiniz?

- Onların təhsilinə həddən çox diqqət göstərmişəm. Bir oğlum  xaricdə təhsil alıb, NATO qüvvələrində çalışır, ikinci oğlumun da iki ali təhsili var. Təhsil bizim ailədə atamdan gəlmə bir şərt, tələb olub.

- Uşaqlıq dostlarınızla görüşürsünüz?

 - Bəzən hə. Görüşəndə elə bilirik heç yaşlanmamışıq, elə həmin uşaqlarıq.

- Mən sizdə bahalı əşyalara, markalara bir maraq hiss eləmişəm. Ən qiymətli əşyanız nədir?

- Ən bahalı əşyam atamla anamın nişan üzüyüdür. O mənim talismanımdır və həmişə üzərimdə gəzdirirəm. Üzüyün içində atam Nəsibin adı yazılıb. Anam ölməzdən öncə onu mənə hədiyyə elədi. Dedi gəlininə verərsən. Mən nəvəm Nəsibin xanımına verəcəm qismət olsa. Nəvəm Nəsiblə atam Nəsibin arasında  düz 84 il yaş fərqi var. Allah ikisinə də can sağlığı versin.

- Ömrün bircə gününə geri qayıtmaq şansı verilsəydi, hansı günü seçərdiniz, hansı günə geri qayıdardınız?

- Bircə dəfə anamın sağ olduğu günlərə qayıdıb onunla dərdləşmək istəyərdim. Deyərdim ki, sənin arzularının çoxusunu yerinə yetirmişəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10452
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar