Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bir sıra alim və mütəxəssislərinin iştirakı ilə müşavirə keçirilib.
Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə qeyd edilib ki, artıq bir müddətdir mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir ki, bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir. Keçirilən müşavirənin də əsas məqsədi Abşeron iqlimi üçün çox əlverişli olan bu ağacların kütləvi qurumasının səbəbləri, xəstəliyin fəsadlarının aradan qaldırılması, onunla mübarizə tədbirlərinin müəyyənləşdirilməsi və birgə tədbirlərin görülməsidir.
Müşavirədə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, ağacları qurumasına səbəb olan göbələk xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində Nazirlik tərəfindən bu günə kimi 3000-dən çox bu xəstəliyə yoluxan ağacın kəsilməsi barədə rəy verilib. Həmin rəylər əsasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları xəstə ağacları kəsərək oduncaqları utilizasiya edib.
Müzakirələrdə çıxış edən alimlər və mütəxəssislər dünya ölkələrinin praktikasında oxşar halları, o cümlədən qonşu Gürcüstanın da nümunə gətirərək bildirdilər ki, bu xəstəlikdən qurtulmağın yeganə yolu xəstə ağacların kəsilməsi, utilizasiya edilməsi, çıxarılan ağacların yerinin və ətrafdakı ağacların dərmanlanmasıdır.
Müşavirədə bu xəstəliklə mübarizə tədbirləri çərçivəsində bu günədək bir sıra vacib aqrotexniki tədbirlərin həyata keçirilməsi vurğulanıb, bununla yanaşı operativliyin artırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən xəstə ağaclarla bağlı rəy verilməsini, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin isə bu ağacların kəsilərək utilizasiyası işlərinin tezləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.
Həmçinin qərara alınıb ki, Bakıda iynəyarpaqlı ağacların mühafizəsi məsələlərinin müəyyənləşdirilməsi üçün xaricdən ekspert dəvət edilsin.