Bakıda bir ev qiymətinə velosiped satılır. Söhbət “Ferrari Scuderia CF01” markalı velosipeddən gedir.
Lent.az-ın məlumatına görə, “Ferrari” markasına məxsus bu velosipedlər sadə görünsələr də, dünyanın ən əlçatmaz, lüks nəqliyyat vasitələrindən sayılır. Qiyməti 42 min manatdan başlayır. Velosipedin pedalı hər kəsə xüsusi qaydada hazırlandığı üçün onu ayrıca əldə etmək lazımdır, pedalların qiyməti ən az 700 manat təşkil edir.
Bu markalı velosipeddən dünyada cəmi 100 ədəddir. Satışı xüsusi mağazalarda mümkündür. “Biyanki” diller şirkətinin nəzarəti altında olan bu mağazalardan biri də Bakıdadır və həmin 100 velosipeddən birini paytaxtımızda da görə bilərik.
Velosipedin gövdə hissəsi “Formula 1” avtomobillərində də istifadə olunan aviasiya karbonundan hazırlandığı üçün çox yüngüldür, cəmi 780 qram təşkil edir və onu 1 barmaqla yerdən qaldırmaq mümkündür. Buna baxmayaraq, xüsusi texnologiya ilə hazırlanmış velosiped böyük sürət əldə etsə də, qırılmır və sürərkən problem yaratmır.