Ayağını ayı dişləyən xanım üzərək necə xilas oldu? – REPORTAJ
19 aprel 2022 18:15 (UTC +04:00)

Ayağını ayı dişləyən xanım üzərək necə xilas oldu? – REPORTAJ

“Bura bir xanım gəlirdi. Zooparkda ayağını ayı dişləmişdi. Ukraynada həkim ona hovuza gedib, üzməyi məsləhət görüb. Artıq 1 ilə yaxındır ki, həmin xanım bizim üzgüçülük hovuzuna gəlir. Yeni-yeni düzəlib”.

Bu sözləri Lent.az-a üzgüçülük hovuzunda çalışan Sevda Hüseynova deyir.

Üzgüçülük hovuzundayıq. Yay mövsümünün yaxınlaşdığı bir vaxtda bir çox insanların üz tutduqları yerdə. Kimi sadəcə idman xətrinə, kimi də üzməyi öyrənmək üçün gəldiyi məkanda.

Bu, Naildir. 

Nailin 13 yaşı var və hər il yay aylarına yaxın üzgüçülüyə gəlir. O, həm də futbolla məşğul olur. Deyir ki, bədən quruluşunun formalaşması və dənizə gedəndə daha rahat üzmək üçün müəllim yanına gəlir. Naili dərsə hər dəfə anası Nabat xanım gətirirmiş. Xanımın sözlərinə görə, Nail üzgüçülüyə gəlsə də, ən sevdiyi idman növü futboldur. 

Bu isə məşqçi Sakit Quliyevdir. Sakit bəy müxtəlif əl hərəkətləri ilə uşaqlara suda üzərkən ayaqlardan və əllərdən necə istifadə etmək lazım olduğunu izah edir.
 
Eşitdiklərimizdən aydın olur ki, üzgüçülüyün 4 - sərbəst, arxa, qurbağa, kəpənək növləri var. Uşaqların ən çox sevdiyi isə sərbəst növdür. İlk dərslərində uşaqlar əlləri ilə hovuzun qıraqlarından tutub suda ayaq hərəkətlərini öyrənirlər. 

Məşqçi deyir ki, ayaq hərəkətlərini bilmək vacibdir. Təzə başlayanlar mütləq qolçaqlarla suya girməlidir. Bu, onların rahat və sərbəst üzməyinə kömək edir. Müəyyən qədər öyrəndikdən sonra isə qolçaqsız üzmək olar. Dərs prosesi bitdikdən sonra məşqçi ilə həmsöhbət olub, üzgüçülüklə bağlı olan suallarımızı ünvanlayırıq.
 
Sakit bəy deyir ki, həkim məsləhəti ilə gələnlər çox olur:

“Bayaq Sevda xala da sizə danışırdı. Bir xanımın ayağını ayı dişləmişdi. Ukraynaya müalicəyə gedəndə ordakı həkimlər ona üzgüçülüyə getməyi məsləhət görüb. Artıq uzun müddətdir ki, xanım gəlir. Və düzəlib artıq. Uşaqları daha çox 6 yaşından qəbul edirik, amma elə istedadlı uşaqlar olur ki, 4 yaşdan da götürürük. Nə üçün 6 yaş? Çünki öyrənmək üçün ən ideal yaşdır. Yuxarı yaşda öyrənmək çətin olur. Bu yaşda üzgüçülüyə gedən uşağın inkişafı birə beş artır. Uşağı qəbul etməmişdən əvvəl valideynlə söhbət edirik. İlk olaraq uşağın sağlamlığı ilə maraqlanıram. Onun xlorlu suya allergiyasının, nəfəs çatışmazlığı kimi problemin olub-olmadığını öyrənirəm. Yəni hər bir məşqçi bu tip nüanslara fikir verməlidir. Bəzən könüllü yox, həkim məsləhəti ilə gələnlər də olur. Çünki üzgüçülüyün müalicəvi əhəmiyyəti də var. Xüsusilə, belində problemi olan uşaqları gətirirlər. Biz də zamanla bu problemi həll etməyə çalışırıq. Tam da olmasa, 85-90 faiz köməyi olur”.

 
Məşqçi qeyd edir ki, bir çox insanın üzgüçülüyə gəlməkdə məqsədi bədənin formalaşmasıdır:

"Yaşından asılı olmayaraq, hər kəsin bədən quruluşunun formalaşmasına müsbət təsir edir. Bundan başqa, bəzi insanlar var ki, onlar yeriyəndə çiyinlərin yavaş-yavaş önə əyildiyini müşahidə edirik. Bu, həmin adamda skalioz xəstəliyinin olduğunu göstərir. Bunun irəliləməməyi üçün dərhal bizə müraciət edirlər”.
 
Autizmli tələbələrinində  olduğunu deyən Sakit müəllim, onların mütləq şəkildə qolçaqdan istifadə etməli olduğunu bildirir:

“Bir neçə autizmli tələbələrim də var. Həmin uşaqlarla hərtərəfli məşğul oluram. Onların dilinin açılmasına, sərbəst hərəkət etmələrinə, ən əsası cəmiyyətə inteqrasiya olmalarına kömək edirəm. Onu da qeyd edim ki, həmin uşaqlar hovuzda üzən zaman mütləq şəkildə qolçaq taxmalıdırlar”.
 
Həmsöhbətimiz xanımların əksəriyyətinin sudan qorxduğunu, özləri üçün psixoloji travma halına gətirdiklərini deyir:

"Xanımların çoxu sudan qorxur. Özləri üçün psixoloji travma halına gətirirlər. Sudan qorxmaq lazım deyil. Əksinə, "qorxuram” sözünü nə qədər çox istifadə etsələr, öyrənmələrinə bir o qədər əngəl olacaq. Əgər insan hovuza girməmişdən əvvəl bunu bacaracağına özünü inandırsa, qalan işlər müəllimdən asılıdır”.

Bu məqamda bir sual yaranır... Bəs, üzgüçülük müəllimi necə biri olmalıdır?

S.Quliyev vurğulayır ki, üzgüçülük müəllimi üzməkdən əvvəl, psixologiyanı yaxşı bilməlidir:

“Yəni uşaqla uşaq, böyüklə böyük kimi. Xanımlarla da zərif rəftar etməlidir. Azyaşlı tələbələrim məni müəllim yox, dost kimi qəbul edirlər. Bir az da tibbi sahədən xəbərdar olmaq lazımdır”.

Sakit müəllim deyir ki, iinsanların etdiyi səhvlərdən biri də hovuzda üzməklə, dənizdə üzməyi bir tutmalarıdır. İnsanlar hovuzda üzdükləri rahatlıqla dənizdə üzə bilməzlər. Hətta, üzməməlidirlər. 

“Onlar düşünməsinlər ki, hovuzda üzə bilirlərsə, dənizdə istədikləri dərinliyə gedə bilərlər. Hovuzla dəniz arasında böyük fərq var. Məsələn, hovuzun suyu şirindi, dənizinki duzludur. Hovuzda insanın çəkisi yüngül, dənizdə isə ağır olur. Çəki ağır olanda da özünü suda idarə etmək çətinləşir”.

Söhbətimizi zamanı bəlli olur ki, eynək taxmadan üzsək, görmə qabiliyyətimiz xeyli zəifləyə bilər:

"Hovuz geyimləri çox önəmlidir. Məsələn, istər xanımların, istər bəylərin geyindiyi paltarın materialı pambıq olmamalıdır. Çünki hovuzdakı suya vurulan dərmanla pambıq əks reaksiyaya girib dəriyə ziyan vura bilər ki, bu da müəyyən səpgilər və allergik xəstəliklər yaranmasına səbəb olar. Ona görə, yaxşı olar ki, paltar rezindən olsun. Sonra əsas olan geyimlərdən biri də papaqdır. Heç kim zəmanət vermir ki, onun saçının dibi sağlamdır. Elə müştəri var ki, onun başında bit və ya başqa bir xəstəlik ola bilər. Bu da suya tökülür, digər müştəri də istər-istəməz üzən zaman həmin suyu udur. Nəticədə həmin insanın sağlamlığı üçün təhlükə yaranır. Ona görə, baş geyimi mütləq şəkildə taxılmalıdır. Həmçinin eynək də lazımdır. Eynək gözə mikrob düşməsinin, zəifləmənin qarşısını alır”.

Həm söhbətimizdə, həm də hovuz kənarında zamanın necə keçdiyinin fərqində belə olmadıq.

Bu da belə... Amma bir şeyə əmin olduq: Üzmək xeyirlidi. Üzməyi öyrənin, xanımlar və cənəblar!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3900
avatar

Fidan İlqar

Oxşar yazılar