Avropa İttifaqının iqlim dəyişikliyi üzrə Copernicus xidmətinin ekspertlərinin fikrincə, dekabr-fevral aylarında Britaniyada və Avropanın bəzi yerlərində qeyri-adi isti hava şəraiti gözlənilir, hava rekord temperatura qədər isinəcək, yağıntıların miqdarı xeyli azalacaq.
Lent.az bildirir ki, “Bloomberg”in məlumatına görə, xidmətin proqnozunda havanın temperaturunun Baltik, Aralıq dənizi və Şimal dənizlərinin sahilyanı ərazilərində tarixi orta dəyərləri keçəcəyi bildirilir. 50-60 faiz ehtimalı ilə Britaniya, Mərkəzi və Cənubi Avropanın əksəriyyətində temperatur əhəmiyyətli dərəcədə yüksək olacaq.
Bundan əlavə, Fransa və Almaniyanın növbəti üç ayda orta hesabla daha az yağıntı almaq şansı 40-50 faiz arasındadır. Yağış və qarın olmaması daxili çay nəqliyyatı və su elektrik stansiyalarının fəaliyyətinə, həmçinin Avropa İttifaqında xizək mövsümünə təsir göstərə bilər.
ABŞ-ın mərkəzi və cənub hissələrində, eləcə də Çin, Yaponiya və Rusiyada qışda havanın temperaturu da normadan xeyli yüksək olacaq - bunun ehtimalı 60-70 faiz arasında qiymətləndirilir.