Bu gün Azərbaycan Tibb Universitetində “Pediatriyanın aktual problemləri” mövzusunda XII Beynəlxalq Elmi-praktiki Konqresin açılış mərasimi keçirilib. Dövlət himnimizin səslənməsi ilə öz işinə başlayan konqresdə ATU-nun Elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, dosent Rauf Bəylərov açılış nitqi ilə çıxış edib.
Öncə konqres iştirakçılarını və fəxri qonaqları salamlayan prorektor uşaqların hər bir dövlətin, bəşəriyyətin gələcəyi olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda dövlət siyasətinin ən böyük istiqamətlərindən biri uşaqların sağlamlığı və onun qorunmasıdır: “Ana və uşaqların sağlamlığı hər zaman diqqət mərkəzindədir. Bu istiqamətdə çoxsaylı işlər görülmüş və addımlar atılmışdır. Azərbaycan Tibb Universitetinin yüksək ixtisaslı həkim-pediatrların hazırlanmasında böyük əməyi var və bu təcrübə daha geniş şəkildə davam etdirilməkdədir. Uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, onların gələcəkdə ağırlaşmasına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi pediatrların, neanatoloqların, uşaq nevroloqlarının, uşaq cərrahları və digər mütəxəssislərin qarşısında duran mühüm vəzifələrdəndir”.
R.Bəylərov bu sahədə xidmətlərə yeni yanaşmanın tətbiq edilməsinin zəruriliyinə də toxunaraq bildirib ki, uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqları daim təkmilləşdirilməlidir: “Konqresin keçirilməsində əsas məqsəd uşaqlara göstərilən tibbi yardımın təşkilini daha da yaxşılaşdırmaq və təkmilləşdirməkdən ibarətdir. Konqresdə klinik pediatriyanın aktual problemləri, uşaqlarda rast gəlinən xəstəliklər nəticəsində baş verən ölüm hallarının azaldılmasına dair istifadə olunan müasir müalicə üsulları və profilaktik tədbirlərin müzakirəsi olacaq. Əminəm ki, bu möhtəşəm tədbir pediatriya sahəsində tanınmış görkəmli alim və həkimləri bir araya gətirəcək və nəticədə yeni layihələrin daha da səmərəli həyata keçirilməsinə stimul verəcək”.
Çıxışının sonunda universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdıran prorektor konqresin işinə uğurlar diləyib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, professor Hicran Hüseynova konqresdə çıxış edərək dünyanın hər yerində uşaqlara qayğının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti Azərbaycanda milli strategiyaya çevrilib. Ölkəmizdə uşaqlara həmişə məhəbbətlə yanaşıldığını, onların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradıldığını vurğulayan komitə sədri, uşaq hüquqlarının müdafiəsi sahəsində real, güclü qanunvericilik bazasının formalaşdığını söyləyib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğıdan da bəhs edən H.Hüseynova, onun təşəbbüsü ilə bütün uşaqlar, xüsusilə də həssas qrupa aid uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb. O, çıxışında Azərbaycanın, eləcə də dünyanın tanınmış pediatrı, mərhum akademik Adilə Namazovanın pediatriya sahəsindəki böyük xidmətlərindən də məmnunluqla söhbət açıb.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov uşaqların sağlam və xoşbəxt olmasına hər zaman xüsusi diqqət yetirildiyini söyləyib. Bildirib ki, uşaqların özləri və onların sağlamlıq problemləri necə müxtəlifdirsə, pediatriyanın istiqamətləri də fərqlidir. Bütün pediatrik ixtisasların bir pediatriya çətirinin altında qərarlaşdığını deyən nazir müavini, bugünkü konqresin pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən mövzulara həsr olunacağına diqqət çəkib: “Düşünürəm ki, 3 gün ərzində elmi sessiyalarda ən son elmi məlumatlar, ən yaxşı beynəlxalq təcrübələr müzakirə olunacaq. İnanıram ki, konqresin iştirakçıları öyrəndiklərini praktikada tətbiq edə biləcəklər. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin bu məsələyə çox həssaslıqla və diqqətlə yanaşması sayəsində son illərdə uşaqların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür. Bu istiqamət milli səhiyyənin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dövlət proqramları, uşaqların dispansersiasiyası, profilaktik peyvəndlənməsi, nadir xəstəliklərin müalicəsi üçün zəruri vəsaitlərin ayrılması, həmçinin ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi işinə böyük önəm verilir”.
N.Zeynalov tədbir iştirakçılarına səhiyyə naziri Teymur Musayevin salamlarını da çatdırıb və konqresin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti, professor dr. Ənvər Həsənoğlu, Beynəlxalq Pediatriya Assosiasiyasının seçilmiş prezidenti, Uşaq Sağlamlıq Fondunun sədri, professor Navin Teker və Avropa Pediatriya Assosiasiyasının prezidenti, professor Massimo Pettoello Mantovani isə tədbirə onlayn qoşulublar. Onlar konqresin işini yüksək qiymətləndirərək, gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Açılış mərasimindən sonra konqres öz işini elmi sessiyalarla davam etdirib.