Aprelin 3-də keçirilən imtahanların NƏTİCƏLƏRİ
23 aprel 2022 16:24 (UTC +04:00)

Aprelin 3-də keçirilən imtahanların NƏTİCƏLƏRİ

Dövlət İmtahan Mərkəzi tərəfindən 3 aprel 2022-ci il tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib.

DİM-dən Lent.az-a verilən məlumatda bildirilir: 


1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2022/netbak1/ öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2022/netorta/ istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 26128 nəfərdən 2115 nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahanda 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin 2018-ci il məzunu 290 bal toplayıb.

Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 4 may 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 26-28 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5343
avatar

Oxşar yazılar