Ali məktəblərə  ixtisas seçimi  başlayır - YENİLƏNİB
09 avqust 2024 13:03 (UTC +04:00)

Ali məktəblərə ixtisas seçimi başlayır - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir.

Bu barədə Lent.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2024‑cü il avqustun 9-dan 19-dək in­ter­­net vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Müsabiqə şərtləri barədə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün 2024‑cü il avqustun 9-dan 19-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.

İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib.

Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Subbakalavrların qəbul imtahanlarında işti­rak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır:

  • Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar;
  • “ADA” Universitetinin ixtisasları;
  • Bakı Ali Neft Məktəbinin ixtisasları;
  • İtaliya-Azərbaycan Universitetinin ixtisaslarını;
  • Qarabağ Universitetinin ixtisaslarını;
  • Türkiyə-Azərbaycan Unversitetinin ixtisasları.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka­lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edək ki,müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər. Səyyar Abituriyent Məsləhət Mərkəzlərinin iş qrafiki və ünvanları haqqında gün ərzində məlumat veriləcək.

Abituriyent Məsləhət Mərkəzlərinin ünvanları

***
08:16

Ali məktəblərə ixtisas seçimi başlayır 

Bu gündən bütün qruplar üzrə ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır. 

Lent.az xəbər verir ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 13 min 15 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9050, rus bölməsində 475, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3490) var. RK altqrupunda dövlət sifarişi əsasında 9007 plan yeri var.

Rİ altqrupu üzrə ümumilikdə 6975 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4265, rus bölməsində 310, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2400) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 5400 plan yeri ayrılıb.

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

 İqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 13 yerin və menecment ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 854, rus bölməsi üzrə 1410 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2195 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 459 yer ayrılıb. Bu yerlərdən 4318-nə qəbul dövlət sifarişi əsasında aparılır.

III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupunda ümumilikdə 13 min 494 plan yeri (o cümlədən Azərbaycan bölməsində 10 min 509, rus bölməsində 1125, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1860) var. DT altqrupunda dövlət sifarişi əsasında 4068 plan yeri var.

TC altqrupu üzrə ümumilikdə 1965 plan yeri (o cümlədən Azərbaycan bölməsində 1345, rus bölməsində 285, hər iki bölmənin birgə müsabiqəsi üzrə 335) mövcuddur. TC altqrupunda dövlət sifarişi əsasında 250 plan yeri ayrılıb.

Filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4600 plan yeri ayrılıb. Bu yerlərdən 3135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Oxşar yazılar