Yanvarın 25-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsi çərçivəsində “Ailə münasibətlərinin formalaşmasında milli dəyərlərin hüquqi normalarla tənzimlənməsi” mövzusunda tədbir keçirib.
Lent.az-ın xəbərinə görə, təşkilatın sədri Ramiz Cürənov deyib ki, layihənin məqsədi gəncləri milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarfləndirməkdir.
Ramiz Cürənov layihə çərçivəsində görülən işlər, layihə çərçivəsində hazırlanan “Ailə münasibətlərinin formalaşmasında milli dəyərlərin hüquqi normalarla tənzimlənməsi” sərlövhəli yazı barədə məlumat verib. Təşkilatın sədri qeyd edib ki, Azərbaycan ailə dəyərlərinin yüksək dəyər verən ölkə olduğundan, bizim ölkənin qanunvericiliyində ailə dəyərləri, onların qorunması, valideynləri və uşaqların hüquqları, uşaqları, onların iş və təhsil hüquqları ilə bağlı bütün məsələlər əksini tapıb.
“Milli dəyərlərin hüquqi normalarla tənzimlənməsi” mövzusunda çıxış edən tanınmış jurnalist Vüsalə Rafiqqızı deyib ki, Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. “Ailə Məcəlləsi”nə görə heç kim zorla ərə verilə və ya evləndirilə bilməz. 18 yaşı tamam olmuş hər bir Azərbaycan vətəndaşı nikaha girməklə bağlı sərbəstdir və bu istiqamətdə verdiyi qərarlara da kiminsə müdaxilə etməsi qanunla qadağandır. Həmçinin qanunvericilikdə valideyn-uşaq münasibətləri, eləcə də yaşlı valideynlərə övladlar tərəfindən diqqət göstərilməsi kimi məsələlər qanunvericilikdə öz əksini tapıb. Bunun da əsas səbəblərindən biri formalaşmış və milli psixologiyaya çevrilmiş, adət ənənələrdir. İstər Ali Qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasında, istərsə də digər normativ - hüquq aktlarda insan və vətəndaş hüquqlarının qorunmasına dair müvafiq məsələlər əksini tapıb. Azərbaycanda istər valideynlər, istərsə də qadın və uşaqların, ailə dəyərlərinin qorunmasını təmin edən hüququ baza mövcuddur.
“Ailə münasibətləri” mövzusunda çıxış edən APA İnformasiya Agentliyinin redaktoru, yazıçı Mirmehdi Ağaoğlu qeyd edib ki, hər bir xalqın, o cümlədən Azərbaycan xalqının özünəməxsus, əsrlər boyu formalaşmış adətləri ilə yanaşı universal dəyərlər də var. Həmin dəyərlər dünyanın hər yerində zaman keçdikcə müəyyən dəyişikliyə uğrayır. Ailə münasibətlərinin zamanla təsirlərə məruz qaldığını söyləyən Mirmehdi Ağaoğlu bildirib ki, insanların əxlaq və ədəb çərçivəsində yaşaması önəmlidir. Yazıçı bu kontekstdə sosial medianın insan həyatına təsirlərindən də danışıb.
“Paralel” qəzetinin baş redaktoru, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli milli-mənəvi dəyərlər insanların daha rahat, daha yaxşı yaşamasına xidmət etməlidir.
Araşdırmaçı jurnalist Çingiz Səfərli dəyərlərə həm də zaman kontekstində yanaşılmalı olduğunu düşünür. Çingiz Səfərli boşanmaların sayının artmasına da diqqət çəkib və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin araşdırmalar apararaq boşanmaların səbəblərini üzə çıxarmalı olduğunu söyləyib: “Könül istəyərdi ki, boşanmalarla bağlı statistika sadəcə quru rəqəmlərdən ibarət olmasın. Dağılan ailələrdə maddi durum, boşanmanın səbəbi, dağılan ailələrdə uşaq olub-olmaması və s. üzrə məlumatlar da ortaya qoyulsa, normal təhlillər aparmaq olar”.
Jurnalist medianın, filmlərin, serialların, verilişlərin təsirlərinin də önəmli olduğunu vurğulayıb.
Tədbir müzakirələrlə davam edib.