"SOCAR “Azəriqaz” İstehsalat Birliyi səlahiyyətləri çərçivəsində sahibkarlığın inkişafı üçün lazımi dəstəyi göstərir və bundan sonra da göstərəcəkdir.
Lent.az xəbər verir ki, bu məqsədlə keçirilən 189-cu "Açıq mikrofon" aksiyasından 49-u sahibkarlara həsr edilib." Bunu Birliyin məsul şəxsi Şamaxıda baş tutan "Səyyar qəbul otağı"nda bildirib. O, həmçinin qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd sahibkarların üzləşdiyi problemlərin həlli və sahibkarlığın inkişafını daim diqqətdə saxlamaqdır.
Aksiyada çıxış edən KOBİA nümayəndəsi Nicat Əlizadə bütün bölgələrdə olduğu kimi Şamaxıda da sahibkarların müraciətlərini dinləməyə hazır olduqlarını qeyd edib. Aksiyaya qatılan çox sahibkarlar əsasən problemlərinin həlli istiqamətində Birliyin fəaliyyətini yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər.
Sahibkar Səbuhi Allahverdiyev isə ona məxsus obyektə qaz xəttinin çəkilməsində köməkliyin göstərilməsini xahiş edib. Qurum rəsmisi səslənən bu müraciət sahibinə ətraflı məlumat verərək məsələnin diqqətdə saxlanacağını bildirib.
Hər bir sahibkara isə işlərində uğurlar arzulanıb.