Ziyarətgaha gedə bilmirsinizsə, bunları edin - Hacı Şahin DANIŞDI
06 may 2020 16:25 (UTC +04:00)

Ziyarətgaha gedə bilmirsinizsə, bunları edin - Hacı Şahin DANIŞDI

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə fəaliyyətinə müvəqqəti qadağa qoyulan yerlərdən biri də məscid və ziyarətgahlardır. Daim bu cür məkanlara üz tutan, orda etdiyi dualardan sakitlik tapanlar hazırda bu imkandan məhrumdurlar. Məscid və ziyarətgahlara gedə bilməyən insanlar bu narahat dövrdə daxili rahatlıqlarını qorumaq üçün nələr edə bilərlər?

Mövzu ilə bağlı ilahiyyatçı - din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri Hacı Şahin Həsənli Lent.az-a danışıb:

“Bütün dünyada insanların kütləvi toplanması qadağan olunub və bu onların öz sağlamlığı üçündür. Sosial məsafənin gözlənilməsi, özünütəcrid bu virusdan qorunmağın əsas yollarından biridir. Ona görə də qısa müddət üçün məscid və ziyarətgahlar da fəaliyyətini dayandırıb”.

Ş.Həsənli bildirib ki, insanlar evlərində də fərdi qaydada dualarını edib, namazlarını qıla bilərlər: “İnsanlar ziyarətgahlarda yerinə yetirdikləri əməlləri öz evlərində də edə bilərlər. Doğrudur, ziyarətgahların xüsusi bir mühiti var, insan orada rahatlıq tapır. Amma “Qurani-Kərim”də buyrulur ki,  qəlblər Allahı yad etməklə sakitləşir, aram tapır. Ən çətin bir məqamada da insan Allahı yad edəndə qəlbinə təsəlli gəlir. Unutmamalıyıq ki, bütün bu proseslər Allahın nəzarətindədir. Allah isə həm qüdrətli, həm rəhmlidir. Qüdrəti hər şeyə yetən Allah son dərəcə rəhimli və mehribandır. Biz rəhimli Allahın ixtiyarındayıqsa və onun gücü hər şeyə çatırsa, deməli, qorxmağa, təlaşlanmağa bir əsas yoxdur”.

Ş.Həsənli həyatın imtahanlardan ibarət olduğunu vurğulayıb. Qeyd edib ki, imtahan təkcə bəlalardan ibarət deyil: “Sağlamlıq, xəstəlik, zənginlik və yoxsulluq da imtahandır. O cümlədən, koronavirus pandemiyası da qısamüddətli bir imtahandır. İnsanlar aramlığı Allahla ünsiyyətdə olmaqla tapa bilərlər. Xüsusilə, Ramazan ayında Allahla ünsiyyətdə olmaq, dualar etmək qəlblərdə hüzur yaranmasına səbəb olar”.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9429
avatar

Aygün İbrahimli

Oxşar yazılar