Yeni tələb taksi sürücülərini çaş-baş qoydu: Haradan alacaqlarını bilmirlər
06 may 2020 10:20 (UTC +04:00)

Yeni tələb taksi sürücülərini çaş-baş qoydu: Haradan alacaqlarını bilmirlər

Taksi və marşrut avtobuslarında sürücü ilə sərnişinlər arasında şəffaf arakəsmələr olacaq. Bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib.

BNA-nın mətbuat katibi Mais Ağayev Lent.az-a bildirib ki, bu arakəsmələri fərdi taksi sürücüləri də avtomobilə quraşdırmalıdır:

“Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi tərəfindən marşrut xətlərində daşıyıcılara və taksi şirkətlərinə arakəsmələrin quraşdırılması ilə bağlı tövsiyələr verilmişdi. Buna uyğun olaraq ötən müddətdə bir neçə şirkət avtobus və minik avtomobillərində arakəsmələr quraşdırıb. İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişlərdən irəli gələn tədbirlərin icrası ilə bağlı həm müntəzəm marşrut xətləri, həm də taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə məktub göndərilib. Artıq bu gündən taksilərdə arakəsmələrin quraşdırılması geniş formada davam etdirilir. Həmin arakəsmələri daşıyıcıların özləri quraşdırır. Fərdi taksilər də bu qaydaya riayət etməlidir. Onlar artıq öz vəsaitləri hesabına həmin şəffaf arakəsmələri alıb quraşdırmalıdır”.

Yeni tələbin pozulması zamanı hansı cərimə tətbiq ediləcəyinə gəldikdə, qurum rəsmisinin sözlərinə görə, bu barədə BNA-da hansısa mexanizm işlənib hazırlanmayıb.

Mövzu ilə bağlı fərdi taksi fəaliyyəti ilə məşğul olan bir neçə sürücü arasında sorğu keçirdik. Bu zaman onların, ümumiyyətlə, məsələdən xəbərsiz olduqlarını öyrəndik. Sürücülər məlumatı öyrənsələr belə, şəffaf arakəsməni haradan alacaqlarını bilmədiklərini dedilər.

Ancaq Bakıda fəaliyyət göstərən iri taksi xidmətlərindən biri ilə əlaqə saxladığımız zaman tələbin artıq yerinə yetirildiyi bildirildi. Xidmətin əməkdaşı Orxan Həsənli şirkətə məxsus maşınlara şəffaf arakəsmə quraşdırıldığını dedi:

“Bu gün səhər üzərində şirkətin reklamı olan bütün avtomobillərimizə şəffaf arakəsmə yerləşdirdik. Bunu şirkətdə çalışan usta və sürücülərin birgə köməkliyi ilə yerinə yetirdik. Ancaq xidmətə qoşulan digər şəxsi avtomobil sahiblərinə isə özlərinin həmin arakəsməni quraşdırmaları barədə elan verdik. Bu da hər bir inşaat materialları mağazasında satılan qalın “klyonkalar”dır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18102
avatar

Mehman Nəbiyev

Oxşar yazılar