Ulduz falına inanırsınız? - Məşhurlardan GÖZLƏNİLMƏZ CAVABLAR
15 may 2020 11:57 (UTC +04:00)

Ulduz falına inanırsınız? - Məşhurlardan GÖZLƏNİLMƏZ CAVABLAR

Bu gün, bir həftə sonra, gələcəkdə hansı xoş, yaxud bədbəxt hadisələrlə üzləşə biləcəklərini öyrənmək üçün insanlar müxtəlif vasitələrə əl atırlar. Bunun üçün kimisi falçı yanına, kimisi də molla yanına gedir.  Ancaq heç kimin yanına getməyib İnternetdən bürclər vasitəsilə gün ərzində də başına gələnləri öyrənmək istəyənlər də az deyil. Hətta insanların bəziləri öz sevgilərini, ailələrini belə məhz bürclərə görə qururlar.

Lent.az-ın bürclərə inam barədə tanınmışlar, eləcə də sadə vətəndaşlar arasında sorğu keçirib. Sorğu nəticəsində insanların bürclərə ciddi nanmadığı ortaya çıxıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: - Bürclərə qətiyyən inanmıram. Belə məsələlərdə təkcə üzərliyə inanıram. Hərdən bürclər haqqında oxuyuram, amma inamım yoxdur. “525-ci qəzet”də bürclər barədə yazılar yayımlanmayıb. Belə yazılara qeyri-ciddi baxıram.

Milli Məclisin deputatı Aqil Abbas: - Əvvəl özüm də bürclər haqqında yazırdım. Camaat elə bilirdi ciddidir, amma lağlağı edirdim. Bürcləri oxuyuram, ümumilikdə isə inanmıram. Dünyada təxminən 7 milyard adam var. Tutaq ki, aprel ayında 500 milyon adam doğulub. Məsələn, gündəlik bürclər yayılır, qeyd edilir ki, filan vaxt doğulanlar bu gün qayınanası ilə dalaşacaq, nə bilim, qayınanası onlara gələcək və s. Bu 500 milyon adama aid olur? Orada müəyyən həqiqətlər var. Keçmişdə bununla məşğul olanlar insanların taleyini öyrənib deyə bilirdilər.

Bakı şəhər Baş Polis İdarəsinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev: - Astrologiya ilə maraqlanıram. Ancaq gündəlik bürcləri oxumuram. Həyat tərzimə “bürc yozumları” daxil deyil. İnsan həyatının daha çox karma olduğuna inanıram. Yəni, nə düşünürsənsə, onunla rastlaşırsan. Həm də o gerçəyə inanıram ki, olacaq olur, təsadüf yoxdur.

Şair Vüqar Əhməd: - Özüm qoç bürcüyəm. Bürclərə inanmıram. Ailə üzvlərim də bunun səbəbini soruşanda deyirəm ki, Allaha, qədərə, taleyə inanıram. Milyonlarla insanın taleyi necə eyni olar bilər? Təxminən 7 milyard insan və 12 bürc var. Bəzi hallarda düz gəlir. İnsanlar var, bürclərə görə əsir olublar. Mən filankəslə rəfiqəlik edirəm, onun bürcü bacımla eynidir. Belə dəxli olmayan sözlər danışırlar.

Tanınmış nevropatoloq Qalib Əsədov: - Qəti şəkildə bürclərə inanmıram. Astrologiya adlı bir elm sahəsi yoxdur. Ümumiyyətlə, elmi əsası olmayan bir şeyə inanmıram. Xarakterlər barədə, əlbəttə, çoxlu elmi məqalə var. Neyrofizioliqiya adlanan ciddi bir elm sahəsi var. Orada dəqiq izah verilir. YouTubedə adımı yazın, “Elm, yoxsa Fərziyyə?” adlı video çıxacaq. Həmin videoda astrologiyanın cəfəngiyyat olduğunu bildirmişəm. Nağıllara inanmıram.

Xadimə Rəsmiyyə İbadova: - Bürclərə inanmıram və oxumuram da.

Onlardan fərqli olaraq, müğənni Elza Seyidcahan bürclərə inandığını bildirib:

“Əlbəttə, bürclər insanı bir balaca tanımağa kömək edir. İnsanların kökünü, qanını, genini, nəslini bürclərin köməyilə tanımaq olur. Amma çox da dərinə getmirəm. Çünki xərcəng bürcündənəm. Hətta belə də yazılıb: xərcəng bürcü o qədər güclü və gözəl bürcdür ki, əkizlər bürcünü də, idarə edə bilir”.

Tikintidə sahə nəzarətçisi çalışan Vüqar Həsənov da bürclərə inandığını etiraf edib - Bürclərə inanıram və oxuyuram. Dünən oxumuşdum ki, bu gün səhər kiminləsə dalaşacam. Elə də oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6166
avatar

Mehman Nəbiyev

Oxşar yazılar