"Bəzi illərdə qışda yağıntının miqdarının az, yayda soyuq günlərin, yağıntının çox olması hələ o demək deyil ki, ciddi iqlim dəyişikliyi baş verib. İqlimin bu cür şıltaqlığı bütün dövrlərdə olub".
AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bunu Lent.az-a açıqlamasında deyib.
O bildirib ki, Yer kürəsindən buxarlanan su kütləsi il ərzində hansısa formada geri qayıtmalıdır: "Bu il qış mülayim, yağıntısız keçdi. Həmin ərəfədə buxarlanan su kütləsi hazırda yağıntının bəzi rayonlarda çox düşməsinə, havanın tez-tez soyumasına səbəb olur. Bu hal iqlim dəyişməsinin deyil, təbiətin qanunauyğunluğunun nəticəsidir. İqlimin ciddi formada dəyişməsi bir neçə ilə baş vermir. Bunun üçün min illər lazımdır".
Ə.Əliyev deyib ki, son bir neçə il Bakıda küləklər azalmışdı, hamı bunun hündür binalardan qaynaqlandığını düşünürdü:"Bakı 30-40 il əvvəl olduğu kimi küləkli günlərinə qayıdıb. Yəni, təbiətin qanunauyğunluğu öz işini görür. Son dövrlər belə bir fikir yaranıb ki, guya fəsillər yerini dəyişir. Fəsillərin yerini dəyişməsi üçün fəsilləri yaradan səbəb dəyişməlidir. Bu dəyişiklik yoxdursa, fəsillərin yerini dəyişməsindən danışmaq olmaz. Azərbaycana daxil olan hava kütlələrinin temperaturunu, onların dəyişilməsini hələ ki ciddi öyrənmək mümkün olmayıb. Buna görə də fəsillərin, iqlimin dəyişməsindən danışmaq tezdir. Düzdür, bəziləri deyir ki, temperatur qalxır, sular azalır. Amma əhali də artır. 8 milyarda yaxın əhalini təmin etmək çətindir. Əvvəllər insanlar daha az su istifadə edirdi".