Orucluğu sidq ürəkdən gözlədikdə... - Həkim danışır
06 may 2020 13:22 (UTC +04:00)

Orucluğu sidq ürəkdən gözlədikdə... - Həkim danışır

“Orqanizmdə immunitetin güclənməsi qidalanmanın hesabına baş verir. Aldığımız enerji, qida komponentləri hamısı bədənin bütün funksiyalarını tənzimləyir. Ona görə də zamanından, mövsümdən asılı olmayaraq hər zaman sağlam qidalanmaya diqqət edilməlidir ki, immunitet yüksək olsun”.

Bunu e-tibb.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və Kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov deyib. O bildirib ki, birtərəfli, natamam qidalanma zamanı orqanizmin müxtəlif qida komponentlərinə olan tələbatın qismən və ya az ödənilməsi hesabına orqanizmin müqaviməti zəifləyir:

"Yazda orqanizmdə tərəfindən toxuma sistemlərində olan komponentlər sərf olunduğuna görə bədəndə olan bütün ehtiyatlar yavaş-yavaş tükənir. Yazda maddələr mübadiləsinin sıçrayışlı artımı olur, yəni  təbiətdə olduğu kimi insan orqanizmində də canlanma gedir. Ona görə də maddələr mübadiləsi sürətlənir. Bədənin ayrı-ayrı qida maddələrinə, bioloji fəal maddələrə tələbatı yüksəlir. Bu baxımdan yeni çıxan məhsullar həmin maddələrlə daha zəngin olur. Bioloji fəal maddələr - vitaminlər, mineral duzlar qış dövründən qalan köhnə məhsulların tərkibində getdikcə tükənirlər və öz fəallıqlarını itirirlər. Yazda təbii komponentlərlə zəngin məhsullar o qədər də bol olmur. Az miqdarda olan yeni məhsulları da hər kəs əldə edə bilmir. Amma məhz yeni, vitaminlərlə zəngin olan məhsulların hesabına orqanizmdə canlanma yaranır, maddələr mübadiləsi sürətlənir. Bunları qəbul etməyəndə isə bədəndə qıtlıq əmələ gəlir və immunitetin zəifləməsinə səbəb olur. İmmunitetin zəifləməsi də birbaşa olaraq xəstəliklərin meydana çıxmasına, xroniki xəstəliklərin baş qaldırmasına, infeksiyalara qarşı müqavimətin azalmasına gətirib çıxarır”.

İ. Əhmədov bu dövrdə oruc tutan insanların immun sistemi haqda danışarkən deyib ki, insanlar sidq ürəkdən orucluğu gözlədiklərinə, oruc tutduqlarına görə, sinir sistemi də buna tənzimlənir, uzun zaman ac qalmaq orqanizmə o qədər mənfi təsir göstərmir:

“Hətta tədqiqatlar göstərir ki, oruc tutmaq nəinki sağlamlığa ziyandır, əksinə orqanizmin imkanlarını sanki stabilləşdirir. Xəstə olmayanlarda, məcburi oruc tutmayanlarda sinirin humoral tənzimi elə formalaşır ki, orqanizm özü onu asanlıqla bölür. 14-17 saat ərzində orqanizmə nəinki qida, heç maye də qəbul olunmur, ona görə də orqanizmdə yenidənqurulma gedir. Amma aydın məsələdir ki, oruc tutmağa fiziki və mənəvi imkanı olmayanların, xroniki xəstəliyi olanların oruc tutması həm də günahdır. Sağlam insanların fəsildən asılı olmayaraq, oruc tutması maddələr mübadiləsini zəiflətmir, əksinə orqanizm üçün xeyirlidir. Hansı orqanizm ki, buna tab gətirə bilmir, onda gizli inkişaf edən xəstəliklərin patologiyaları meydana çıxa bilir”.

Mütəxəssis qeyd edib ki, sağlam, düzgün qidalanma dedikdə hər kəs nəzərə almalıdır ki, yaşından, cinsindən, coğrafi iqlimdən, məşğul olduğu peşədən, adət-ənənələlərdən, mövsümdən asılı olaraq bədənin tələbatı dəyişir: “Bədənin tələb etdiyi qidaları qəbul edəndə bu, sağlam qidalanma sayılır. Bir qidanı qəbul edib, digərlərini etməyəndə, kiminsə məsləhəti ilə qidalanma rejimi seçdikdə qısa müddətdə nəyəsə nail olmaq olar, amma sonra bunun ciddi patologiyaları yaranır. Xüsusilə təhlükəli patologiyalar sinir sistemi dəyişiklikləri, şəkərli diabet, bədxassəli şişlərin meydana gəlməsinə şərait yarada bilər. İnsan orqanizmi üçün vacib 6 komponent var: Zülallar, yağlar, karbohidratlar, mineral duzlar, vitaminlər və su. Burada ehtiyaclar da yaşa, cinsə, coğrafi mövqeyə görə dəyişir. Məsələn, hamilənin tələbatı digəri ilə eyni ola bilməz axı. İndi dəb düşüb yağlı, şirin qidalar yemək olmaz. 1970-80-ci illərdə insanlara yalvarırdıq ki, hərdən yeməyə bitki yağı əlavə edin. İndi hamı keçib bitki yağlarına ki, heyvani yağlar skleroz yaradır, xolestrin mənbəyidir. Amma demirlər ki, təbii kərə yağı xolestrin yaratmır axı. İndi müxtəlif dəniz məhsullarından, bitki mənşəli məhsulların yağını çəkib hidrogenləşdirmə yolu ilə guya kərə yağı hazırlayırlar. Bu, kərə yağı deyil, əlbəttə, onun tərkibində xolestrin olacaq. Məsələn, qoyun əti dana ətindən 1,5-2 dəfə yağlıdır, amma onun xolesterini mal ətindəki xolesterindən xeyirlidir. Bəzən deyirlər ki, bir nəfər qısa zamanda 30-40 kiloqram arıqlayıb. Bəli, ola bilər. Amma 2-3 aydan sonra həmin şəxsdə xərçəng xəstəliyinin inkişafı riski artacaq. Səbəb maddələr mübadiləsinin kəskin pozulmasıdır”.

Mütəxəssis onu da vurğulayıb ki, piylənmə xroniki kəskin ağır xəstəliklərin inkişafına səbəb olur: “Çox az çəkili insanın immuniteti zəifdirsə, artıq çəkili insanın immuniteti ondan 5 dəfə artıq zəifdir. Çünki artıq çəkili insanlarda orqanizmi mühafizə imkanları çox azalır. Şəkərli diabet, hipertoniya ən çox artıq çəkili insanlarda meydana çıxır. Piylənmənin xüsusilə 3-4-cü dərəcəsi orqanizmin immun sisteminin kəskin zəifləməsi ilə müşayiət olunur. Ona görə də bütün xroniki patologiyaların meydana çıxmasında, eləcə də virus xəstəliklərinə tutulma ehtimalı belə insanlarda daha yüksəkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2073
avatar

Oxşar yazılar