Mövsüm meyvələri od qiymətinə - BAZARDAN REPORTAJ
06 may 2020 13:02 (UTC +04:00)

Mövsüm meyvələri od qiymətinə - BAZARDAN REPORTAJ

Yazın ikinci ayını, təzə meyvə-tərəvəzin yavaş-yavaş bazara çıxdığı mövsümü yaşayırıq. Qidalanma mütəxəssisləri insan sağlamlığı üçün tərəvəzin xüsusi önəmini hər zaman vurğulayır. Xüsusilə, yerli və yeni yetişən  məhsulun yerini heç nə vermir. Görəsən, bazarda məhsulların bolluğu və qiymətləri necədir?

Koronavirus pandemiyasına görə karantin rejiminin tətbiqi kəndlinin yetişdirdiyi məhsulu bazara çıxarmasına çətinlik yaradırmı?

Suallarımıza aydınlıq gətirmək üçün şəhərdə fəaliyyət göstərən bazarlardan birinə üz tutduq.

Karantin rejimininin davam etməsinə baxmayaraq, satıcıların alıcı qıtlığından şikayət etməyinə əsas yoxdur. Bazarda alver öz qaydasındadır. Məhsul bolluğu da öz yerində.

Hazırda bazar piştaxtalarında ən bol olan almadır. Hər növdən alma olsa da, həm görnüşü, həm də dadı payızda yeni yetişən meyvə ilə müqayisəyə gəlməz. Satıcılar deyir ki, almanın müştərisi həmişə var. Apardığımız müşahidədən məlum oldu ki, artıq qabığı qaralamış almaları 5-6 kilo ilə şirəsini çəkmək üçün alanlar çoxdur. Qiymətlərə gəlincə, “Qızıl əhmədi” almasını 5-6 manatdan təklif edirlər. Digər almaların qiyməti isə 2,50 manatdan başlayaraq 70 qəpiyə qədərdir.

Armudu 2-3 manata, heyvanı, narıncını, kivini 4 manata almaq olar.

Mövsüm meyvələrinin qiyməti isə müqayisədə bahadır. Alçanın ən yaxşısnın qiyməti 15 manatdan başlayır.

Satıcı Əli dayı boy-boy yığdığı yeşiklərdəki məhsulun qiymətini sadalayır: ”Naxçıvan göycəsi 15 manat, digər bölgələrdən olan məhsulun qiymətləri fərqlidir. 9, 6, 4 manata da alçalarımız var. Qiymətlər dada görə dəyişir”.

Çiyələyin qiyməti 6 manatdan başlayır. Şəmkir çiyələyini 6 manatdan aşağı verməslər də, “Viktoriya” növündən olan kiçik çiyələyi 4 manata da almaq olar.

Bazarda İrandan gətirilən qarpız, yemiş də düzülüb. Qapızın kilosu 2,50, yemişin qiyməti isə 7 manatdan təklif olunur. Yenə qonşu İrandan gətirilən şaftalı, ərik də bazarda artıq kifayət qədər yerini alıb. Şaftalı 10-12 manat, ərik 10 manatdan alıcısını gözləyir. Muşmula meyvəsi 15 manata, ananasın bir ədədi 3 manatdan təklif olunur.

Tərəvəzlər meyvələrlə müqayisədə daha ucuzdur. Amma yeni çıxan lobya 6 manata, istixana məhsulu olan enli lobyalar 2,5 manata satılır. Qarğıdalının bir ədədi 1,5,  2 manat, bibərin kilosu iki manata. Türkiyədən gətirilən badımcan 5 manatdan təklif olunsa da, yerli məhsul satdığını iddia edən satıcılar qiyməti 2 -1,5 manata kimi endirə bilir. Xiyarı 2-3 manat, pomidoru 2,5 manatdan başlamış 1,60 qəpiyə kimi tapmaq olar.

Satıcılar deyir ki, bu il pomidoru Rusiyaya apara bilmədikləri üçün seçmə məhsulu yerli alıcıya ucuz qiymətə təklif edirlər: “Gördüyünüz çəhrayı rəngli pomidor Zirədə yetişdirilib. Bu sayseçmə məhsulu əvvəlki illərdə bu qiymətə bazarda tapmaq çətin olardı. Çünki Rusiyaya gedirdi. İndi isə 2,5 manatdan yerli alıcıya satılır”. 

       

Qeyd edək ki, bazarda münasib qiymətə yeni yetişən kələm, kartof, soğan, kök, çuğundur almaq olar. Bu məhsulların qiyməti iki manatdan aşağıdır. Yeni kartofu 80-90 qəpikdən, Gədəbəyin köhnə kartofunu bir manatdan evə aparmaq olar.

Yazın əvəzolunmazı olan pencərlər də baha deyil. Cincilimin və digər bu qəbildən olan yeməli otların kilosu 4 manatdan baha deyil. Göy-göyərtinin qiyməti əhalinin cibinə uyğundur. Məhsulunu kənddən gətirən satıcılar deyir ki, bu sahədə problemləri yoxdur.

Rayondan gələn böyük yük maşınlarında hamının məhsulu bir yerdə gətirilir.

İsmayıllı rayonundan olan Sürəyya xala öz inəklərinin südündən hazırladıqları pendirini satır: “Gəlinim rayonda qalır. Mən burda başqa oğlumun yanında oluram. Orada hazırlayıb göndərir, mən də satıram”.

Qısası, zəhmət çəkən insanlar hər cür şətin şəraitdə bazara məhsulunu çıxarıb çörəkpulunu qazanmağa çalışır. Bizə düşən yerli və daha dadlı məhsulları öz zəhməti ilə əkib-becərənlərdən birbaşa almaqla hamı üçün faydalı olmaqdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20136
avatar

Aygün İbrahimli

Oxşar yazılar