Maskalı müşavirə - REPLİKA
06 may 2020 17:32 (UTC +04:00)

Maskalı müşavirə - REPLİKA

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlərlə bağlı videobağlantı vasitəsilə müşavirə keçirməsində, əslində qeyri-adi heç nə yoxdu. Bu, necə deyərlər, zamanın tələbidi. 

 

Hə, başçı pandemiya şəraitində yaşadığımız bu günlərdə rəhbərlik etdiyi rayonda durumu öyrənir, göstəriş və tapşırıqlarını verir. 

 

Əlbəttə, təqdirəlayiqdir. Əvvəla, ona görə ki, yayılan görüntülərdən də görünür ki, icra nümayəndələri, müəssisə rəhbərləri, lap elə bələdiyyə sədrləri “Zoom” adlı proqramın nə olduğunu mənimsəyiblər və maşallah, hamısı da öz kabinetlərində cənab başçıyla uğurla virtual təmasdadırlar.

 

Alqışlanası başqa məqam bir da var. Söhbət karantin rejimində başçı da daxil olmaqla bütün məmurların rejimin qaydalarına uyğun olaraq qoruyucu maskalardan istifadə etməsidir. Elə başçı da videobağlantı zamanı düzgün olaraq tapşırıq verir ki, rayonda şəxsi gigiyenik qaydalara əməl edilməli, əlcək və tibbi maskalardan istifadə olunması barədə maarifləndirmə işləri gücləndirilməlidir. 

 

İşin tragikomik tərəfi odur ki, başçı rayon rəsmiləri ilə virtual təmasda belə maska geyinib. “Zoom”la bir-biri ilə ünsiyyətdə olanda virusun yayıla bilməz, təbii. Elə Vidadi müəllim də bunu bilməmiş deyil. Ona görə, necə deyərlər, belə əlahiddə həyəcana da ehtiyac yox idi. Onsuz da rayonda ilin bu vaxtı o qədər iş olur ki, onları sadalamağa heç maskasız adamın nəfəsi çatmaz. Qarşıda duran vəzifələr, təsərrüfat işlərinin gedişi, o cümlədən çiyid, çuğundur, kartof, soğan, səpini, barama saxlanılması, əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı… nə isə. 

 

Mənim maskasız nəfəsim daraldı bu cümlələri oxumağa. Maskayla videobağlantı nə qədər çəkib, bunu bir Allah bilir. 

 

Dünən bəzi sosial şəbəkə iştirakçıları kompüter arxasına keçib Vidadi İsayevin, necə deyərlər bu tədbirini gülüş hədəfinə çevirmişdilər. Amma utanmırlar, özləri maskasız idilər…

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4482
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar