Koronavirus pandemiyasına görə ölkədə tətbiq edilən karantin rejimi mayın 31-dək uzadılıb. Hazırda iş yerlərinin bir qismi fəaliyyətlərini bərpa etsələr də, işləməyənlər, evdən çıxma qadağası olanlar da çoxdur. Bütün dünyanı hədəf alan koronavirusla mübarizə sahəsində hazırda Azərbaycanda vəziyyət nə yerdədir?
Lent.az TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının açıqlamasına istinadən koronavirusla mübarizə sahəsində son iki ayda yaradılan imkanları təqdim edir: “Ölkədə koronavirus xəstəliyinə qarşı aparılan bütün əksepidemik tədbirlər, xəstələrin müalicəsi bilavasitə Azərbaycan Prezidentinin və birinci vitse –prezidentin nəzarəti altında həyata keçirilir. Ölkə rəhbərliyinin diqqət və qayğısı, xəstələrlə yaxından maraqlanması, bizə verilən tapşırıq və tövsiyələr uğurlu müalicə və proflaktika işlərimizin əsas meyarıdır. 2020-ci ilin mart ayından etibarən koronavirus xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olundu və virusun qarşısının alınması məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir”.
Qeyd edək ki, hazırda ölkədə yeni yaradılan laboratoriyalar vasitəsilə diqnostika imkanları daha da genişlənir. TƏBİB-in rəhbərinin açıqlamasına görə, koronavirusun müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur. O cümlədən Avropa istehsalı olan laborator tesrtlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında Azərbaycana gətirilib və tibb müəssisələrinə təhvil verilib.
Ölkə ərazisində koronavirusun müntəzəm diaqnostikası üçün hazırda 18 laboratoriyanın fəaliyyəti tam təmin edilib.
Azərbaycan xəstələrin test olunmasına görə ön sıralardan birini tutur. Ölkədə hər bir milyon nəfərə düşən müayinələrin sayı 11 min nəfərə yaxındır. Aprelin 20-də Şəkidə ərazini əhatə edən laboratoriya fəaliyyətə başlayıb və bununla hazırlanan logistika xəritəsi üzrə ölkənin bütün ərazilərini müasir cihazlarla təmin etmək mümkün olub.
R.Bayramlı görülən işlərdə özəl sektorun da öz payı, dəstəyi olduğunu açıqlayıb.
Əhali lazımi məlumatı ala bilirmi?
Vətəndaşlara dəstək məqsədilə çağrı mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yeni çağrı mərkəzi də qurulub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 15-42 “qaynar xətti”nə inteqrasiya olunmuş çağrı mərkəzində 70-ə qədər TƏBİB-in tibb müəssisələrinin həkimləri, eyni zamanda psixoloqlar və könüllülər çalışır.
TƏBİB bildirib ki, 21 nəfər könüllü klinik psixologiya sahəsində xüsusi ixtisaslaşmış həkimlərdən təlimlər keçib və dəstək üçün Heydər Əliyev Mərkəzində fəaliyyət göstərirlər. Çağrı mərkəzinin əsas fəaliyyət istiqamətləri əhaliyə koronavirus haqqında məlumatlar, psixoloji dəstək və eyni zamanda polklinik xidmətlər verməkdir.
İnsanlar onları narahat edən bütün suallarla bağlı bu çağrı mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, hazırda 10 modul tipli yeni xəstəxana tikilir ki, TƏBİB-in əməkdaşları bu xəstəxanalarda çalışacaq həkimlər üçün təlim keçirlər. Eyni zamanda, bir müddət öncə açılışı olan yeni xəstəxanda artıq 150-yə yaxın koronavirus xəstəsi müalicə edilərək evə buraxılıb.
TƏBİB-in açıqlamasına görə, hazırda koronavirusun müalicəsi ilə məşğul olan xəstəxanalarda tibbi təchizat-dərman vastələrinin, lazımi cihazlarla təminolunma ilə bağlı heç bir problem yaşanmır.
Xatırladaq ki, artıq ölkədə qoruyucu maska istehsalına başlanılandan bu problem də həllini tapıb. Hazırda apteklərdə maska ilə bağlı problem yoxdur.