Ev şəraitində ağciyəri necə gücləndirmək olar?-QAYDALAR
07 may 2020 09:07 (UTC +04:00)

Ev şəraitində ağciyəri necə gücləndirmək olar?-QAYDALAR

Yeni koronavirus COVİD-19 infeksiyasının insan orqanizminə vurduğu zərər və fəsadlar alimlər tərəfindən araşdırılır. COVİD-19 virusu bir çox hallarda ağciyəri zədələyir. Xəstəliyin kəskin dövründə müalicəsi və ağciyərin fəaliyyətinin kontrolu stasionar şəraitdə aparılır. Bəs koronavirusa yoluxmuş xəstələr sağalandan sonra hansı fəsadlarlarla rastlaşırlar?

e-tibb.az xəbər verir ki, fizioterapevt-reabilitoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova koronavirus xəstəliyindən sağalan insanların ağciyərinin fəaliyyətinin gücləndirilməsi ücün xüsusi pulmonar reabilitasiya barədə məlumat verib. Həkim bildirib ki, mütəxəssislərin araşdırmalarına görə, virusdan sağalmış bəzi pasiyentlərdə ağciyərin funksiyası normadan 20-30% azala bilər. Bu da onu göstərir ki, ağciyərin fəaliyyətinin gücləndirilməsi ücün sağalmış pasiyentlərə  xüsusi pulmonar reabilitasiya aparılmalıdır. Onun sözlərinə görə, reabilitasiya planı həkim tərəfindən təyin olunur. Ev səraitində sağalmış xəstələrə diafraqmal tənəffüs texnikasını tətbiq etmək məsləhətdir. Bu tənəffüs gimnastikası ağciyərin daha tam və dolğun ventilyasiyasına kömək edir. Eyni zamanda vücud əzələlərini stabilləşdirir və fiziki dözümlülüyü artırır.

Tənəffüs texnikası belədir:

Arxası üstə uzanın, dizlərinizin və başınızın altına yastıq qoyun. Bir əlinizi sinənizə, ikinci əlinizi qarın nahiyəsinə qoyun. Burunla nəfəs alın, bu zaman havanın qarnınıza dolduğunu hiss edəcəksiniz. Ağzınızla tələsmədən 2-3 saniyə nəfəs verin, qarın əzələrininin yığılmasını hiss edin. Sinə nahiyəsində olan əliniz tənəffüs zamanı mümkün qədər hərəkətsiz qalmalıdır.

Diafraqmal tənəffüsü 5-10 dəqiqə ərzində gündə 3 dəfə təkrarlamaq lazımdır. Tənəffüs üçün nəzərdə tutulan bu idman hərəkətlərini sağlam insanlar və ağciyərin digər xəstəliklərindən sonra reabilitasiya dövründə olan  pasiyentlər də tətbiq edə bilər.

Mütəxəssis onu da vurğulayıb ki, siqaret çəkənlər ağciyərə daha çox ziyan vurmamaq üçün bu vərdişi  tərgitməlidirlər. Əlavə olaraq ağciyərin funksiyasını və bədən əzələlərini möhkəmləndirmək üçün üzgüçülük də tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5595
avatar

Oxşar yazılar