Ermənistanın işğal etdiyi ərazilərdə pandemiyaya nəzarət edə bilmirik - QMİ SƏDRİ
01 iyul 2020 14:40 (UTC +04:00)

Ermənistanın işğal etdiyi ərazilərdə pandemiyaya nəzarət edə bilmirik - QMİ SƏDRİ

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin təşkil etdiyi "Zəifləri qorumaq: həmrəyliyə və fəaliyyətə dinlərarası çağrı" mövzusunda vebinar iclasında iştirak edib.

QMİ-dən Lent.az-a verilən məlumata görə, tədbirdə bir sıra önəmli məsələlər, o cümlədən pandemiya dövründə yaranmış spesifik çətinliklərin cəmiyyətin ən həssas təbəqələrinin həyatında əks olunması və bu çətinliklərin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub. Vurğulanıb ki, dünya üçün mürəkkəb dövr kimi xarakterizə olunan hazırki dönəmdə risk qrupuna daxil olan, ən çox yardıma ehtiyacı olan təbəqələrin pandemiyanın sosial, iqtisadi təsirlərindən qorunması yönündə real işlər görülməlidir və bu baxımdan, dünyanın müxtəlif ölkələrində müxtəlif dini icmaların təcrübəsindən yararlanmaq zəruridir. Vebinarda təhsil sahəsində yaşanan çətinliklər, dünyanın heç də bütün məntəqələrində texniki vasitələrdən istifadə edərək distant təhsilin əlçatan olmaması, işsizliyin artması səbəbindən yoxsulluğun artması, turizm imkanlarının məhdudlaşmasının iqtisadi fəsadları və s. bu kimi məqamlar gündəmdə olub.

KAİCİİD-in Direktorlar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə çıxışında məlumat verib ki, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən ölkə daxilində cəmiyyətin ən müxtəlif təbəqələrinin, o cümlədən, daha həssas cəmiyyət üzvlərinin ehtiyaclarını qarşılamaq üçün mümkün olan bütün tədbirləri həyata keçirir. Azərbaycan höküməti nəzdində fəaliyyət göstərən Operativ Qərargah bu işləri yüksək səviyyədə dövlət nəzarəti altında reallaşdırır, lazımi addımları ardıcıl və situasiyaya uyğun tənzimləyir. Bu dövr ərzində dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdəki digər dini konfessiyalarla birlikdə COVID-19 bəlasına qarşı mübarizənin səmərəliliyini artıran bütün lazımi tədbirləri həyata keçirir. QMİ və digər dini icmalar Operativ Qərargahla yaxından, fəal əməkdaşlıq edərək dini ayin və ibadətlərə dair bütün təlimatları koordinasiyalı şəraitdə ümumi işin mənafeyinə uyğun tərzdə tənzimləyir.

Şeyxülislam dövlət-din münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olan bu məqamı bütün dünya üçün örnək nümunə kimi dəyərləndirib. Allahşükür Paşazadə onu da diqqətə çatdırıb ki, yalnız Azərbaycanın Ermənistan işğalı altında olan 20 faiz ərazilərində pandemiya səbəbindən yaranmış vəziyyəti nəzarətdə saxlaya bilmirik və bu xəstəliyin yayılmasına səbəb olur.
Azərbaycan dövlətinin beynəlxalq müstəvidə insan həmrəyliyi nümayiş etdirərək 30-dan artıq dövlətə humanitar yardım göstərdiyini, bu yöndə işlərin davam etdirildiyini bildirib.

Şeyxülislam  Azərbaycan Prezidentinin hər zaman olduğu kimi qlobal təşəbbüslərini davam etdirərək pandemiya dövrünün əvvəlindən bir sıra platformalarda beynəlxalq əməkdaşlıq nümunəsi göstərdiyini, bu yaxınlarda isə BMT Baş Assambleyasının COVID-19 problemi ilə bağlı xüsusi iclasının çağırılması barədə təşəbbüs irəli sürdüyünü diqqətə çatdırıb. Ermənistandan başqa bütün dövlətlərin razılıq verdiyi bu təşəbbüs, heç şübhəsiz ki, dünya miqyasında pandemiyanın və onun fəsadlarının aradan qaldırılması yolunda mühüm və əhəmiyyətli addım olacaq.

QMİ sədri pandemiya dövründə yer üzündə münaqişələrin dayandırılmasını, qarşıdurma və nifrət çağırışlarının qarşısının alınmasının, humanitar yardımlaşma əvəzində siyasi məqsədlərlə sanksiya tətbiqinin aradan qaldırılmasının xüsusən zəruri olduğunu vurğulayıb. Şeyxülislamın çıxışını və verdiyi təklifləri moderator və vebinar iştirakçıları dəstəkləyib.

      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2986
avatar

Aygün İbrahimli

Oxşar yazılar