Dünyada bu gün - VİDEO
04 may 2020 09:00 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

RƏHİLƏ BƏNDƏLİYEVA

(1958)

 

1. Azərbaycanın əməkdar artisti, müğənni Rəhilə Möhbalı qızı Bəndəliyeva 4 may 1958-ci il mayın bu günü Ermənistanın Qafan rayonundakı Kurud kəndində anadan olub. 1970-ci ildə ailəsi ilə Bakıya köçüb, 1977-ci ildə isə Asəf Zeynallı adına musiqi texnikumun muğam şöbəsini bitirib. 1977-ci ildən "Lalə" qızlar ansamblının, 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Milli mədəniyyətin inkişafındakı xidmətlərinə görə Rəhilə Bəndəliyeva 2007-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adla təltif olunub.

 

 

HÜSNÜ MÜBARƏK

(1928-2020)

 

2. Misirin4-cü prezidenti Məhəmməd Hüsnü Mübarək 1928-ci il mayın 4-də Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. Hərbi təyyarəçi kimi 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident təyin olunub, 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünə yiyələnib. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb, 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident elan olunub. O, 25 yanvar 2011-ci ildə başlayan inqilab nəticəsində fevralın 11-də istefa verib. Hüsnü Mübarək 25 fevral 2020-ci ildə paytaxtQahirədə91 yaşında vəfat edib.

 

SÖHRAB TAHİR

(1926-2016)

 

3. Azərbaycanın xalq şairi, nasir, publisist Söhrab Əbülfəz oğlu Tahirinin (Söhrab Tahir) xatirə günüdür. O, 1926-cı il mayın 27-dəİranınAstara şəhərində sənətkar ailəsində anadan olub. Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib.MoskvadaMaksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim, Azərbaycan Demokrat Firqəsi Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbənin müdiri, redaktor, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini çalışıb. Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin,"Literaturnıy Azerbaydjan"jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşriyyatı bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ Ədəbiyyat Fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri, Bədii Ədəbiyyatı Təbliğat Bürosu idarə heyətinin sədri olub. "21 Azər" medalı, "Şöhrət" ordeni və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 1000-dən çox şeir, 57 poema, 8 roman, 10 povest, 70-dən çox hekayə və 800-dən artıq ədəbi-elmi-publisistik məqalənin müəllifi olan Söhrab Tahir 2016-cı ilin mayında dünyasını dəyişib və II Fəxri xiyabanda dəfn olunub.

 

 

FUAD POLADOV

(1948-2018)

 

4. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Fuad Ağarəhim oğlu Poladovun anım günüdür. O, 1948-ci ilmayın 24-dəBakıdadoğulub."Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovunaktyorluq studiyasında, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Akademik Milli Dram Teatrının truppasında, Səməd Vurğun adına Rus Dram Teatrında çalışıb. "Məhəbbət əfsanəsi", "Qılınc və qələm", "Müsyö Jordan və Dərviş Məstəli şah", "Yağışdan sonra", "Kölgələrin oyunu", "Şah oyunları", “Ad günü”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Aktrisa”, “Qayınana” və başqa tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. "Teatr xadimi" qızıl medalına, "Qızıl Dərviş" qızıl və "Qızıl Pəri" mükafatına layiq görülüb. Fuad Poladov 2018-ci ilin mayında vəfat edib və "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

 

 

ADİL QAÇAYOĞLU

(1955-2008)

 

5. 4 may Azərbaycanlı jurnalist Adil Qaçay oğlu Atakişiyevin anım günüdür. O, 1955-ci il iyunun 3-də Ağdamda anadan olub. Orta məktəbi Balakən rayonunda bitirib. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. İlk iş yeri "Şən həyat" (indiki "Balakən") qəzeti olub. 1981-1991-ci illərdə "Azərbaycan gəncləri"ndə çalışıb. Sonrakı illərdə "Həyat", "Yeni fikir", "Ülfət" qəzetlərində işləyib. 90-cı illərin ikinci yarısında populyar "Panorama" gündəliyinin baş redaktor müavini olub. Bundan sonra "Detektiv", "525-ci qəzet", "Yeni yüzil", "Bizim əsr", "Gün səhər", "Yeni Müsavat" qəzetlərində çalışıb. Müxtəlif mövzulu publisistik yazıların müəllifi, xüsusilə də futbol yazarı kimi tanınıb. Adil Qaçayoğlu 2008-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

NİYAZİ ASLANOV

(1960-1992)

 

6. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Niyazi Şərəfxan oğlu Aslanov 1960-cı il dekabrın 25-də Goranboy rayonunda dünyaya göz açıb. Orta məktəbi burada bitirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Qarabağ münaqişəsi başlayandan vətən torpaqlarının müdafiəsinə qalxıb. 4 may 1992-ci ildə Tap Qaraqoyunlu kəndi yaxınlığında baş verən döyüş zamanı komandirini xilas edərək qəhrəmancasına həlak olub. Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində dəfn edilib və buradakı kənd orta məktəbi onun adını daşıyır. 5 fevral 1993-cü ildə Niyazi Aslanov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

RAMİN ƏHMƏDOV

(1981-2000)

7. Bu gün eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Ramin Viktor oğlu Əhmədov xatırlanır. O, 23 may 1981-ci ildə Goranboy rayonunun Faxralı kəndində anadan olub. 1987-1998-ci illərdə Faxralı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Beyləqan rayonunun “N” saylı hərbi hissəsində 2 ay xidmət etdikdən sonra ön xəttə gedərək Haramı düzü deyilən yerdə hərbi xidmətini davam etdirib. 4 may 2000-ci ildə hərbi borcunu yerinə yetirərkən əsgər yoldaşları ilə birlikdə mina partlayışı zamanı şəhid olub. Ramin Əhmədov 5 may 2000-ci ildə doğulduğu kənddə dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1821
avatar

Oxşar yazılar