Bakıda məhəllənin ayaqyolusunda yaşayan ailə - REPORTAJ
29 aprel 2020 12:28 (UTC +04:00)

Bakıda məhəllənin ayaqyolusunda yaşayan ailə - REPORTAJ

Ünvanımıza telefon zəngi gəldi. Aztəminatlı ailə sosial durumundan bəhs edirdi. Hazırkı vəziyyəti nəzərə alıb ailənin problemləri ilə yaxından tanış olmaq üçün deyilən ünvana yollandıq. Biz Nəsimi rayon Abbas Səhhət 29 ünvanına çatanda deyilən mənzili tapmaq o qədər də asan olmadı. Operatorumuz Musa balaca, sınıq-sökük qapını göstərərək bəlkə buradır deyəndə mən heç tərəddüd etmədən “yox bura ola bilməz, bura ya hamamdır yada ayaqyolu” deyərək etiraz etdim. Etirazıma səbəb həmin qapının yanında qapısı açıq bir neçə ayaqyolunun olması idi.

APA TV-nin məlumatına görə, lakin bizə verilən əlaqə nömrəsinə zəng edəndə etirazımın əsassız olduğunu gördüm. Ayaqyolu qapısı saydığımız həmin qapı açıldı. İçəridən təxminən 30 yaşlarında bir qadın çıxdı. “İçəri gəlin, sizə zəng edən Fəridə mənəm” dedi. Düzü, həmin qadın təəccüblü simamızı görəndə “bizə gələnlərin hər biri sizin kimi təəccüblənir. Biz buna artıq alışmışıq deməsi bizi daha da təəccübləndirdi. Bu otağın köhnə əşyaları, uçuq-sökük döşəməsi, adam boyunda olan tavanı ailənin hansı şəraitdə yaşamasının ilk xəbərçisi idi. Hələ otaqdan gələn kəskin iy və qoxudan danışmıram. Bir yandan divarların nəmişliyi, içəridəki kif və nəm qoxusu, bir yandan da divarların o tayından gələn ayaqyolu qoxusu insanı buradan qaçmağa məcbur edirdi. Amma biz qaçmadan, səbirlə Fəridə xanımın niyə burada, bu şəraitdə yaşadığını öyrənməyə çalışdıq. Deyir əvvəllər bura məhəllənin ayaqyolusu olub. Sonra qonşuların razılığı ilə həmin ayaqyolunun bir hissəsini kəsərək yaşamaq üçün özünə otaq düzəldib. İki azyaşlı körpəsi və əlil həyat yoldaşı ilə bərabər 5 il burada yaşayıblar: “Qızlarım balaca idi onda yaşaya bilirdim burda. İndi böyüyüblər, deyir ana məhəllədə uşaqlarla oynayanda deyillər ki, siz ayaqyolunda yaşayırsınız. Mən də utanıram. Onun dərdindən çıxdım kirayəyə ki, uşaqlarım yoldaşlarından utanmasın. Amma indi çatdırıb kirayə pulunu verə bilmirəm”.

Müsahibimiz deyir ki, karantin rejimi başlayana kimi həyat yoldaşı günəmuzd işlərdə işləyərək ailənin yemək təminatını qarşılaya bilib. Lakin hazırda işləmədiyindən nə yemək pulu, nə də kirayə pulunu ödəyə bilmir: “Baxın yaşayışımız bu olub. Gah döşəmə yandı, gah uşaqlar yandı. Biz itin zülmünü çəkmişik bu otaqda. Uşaqları aparıb qonşunun hamamında utana-utana çimizdirirdim. İndi kirayə pulunu ödəyə bilmirəm uşaqlar eşidəndə ki, oradan çıxardacaqlar bizi yenə bu tualet otağına qayıdacağıq o zaman dəli olurlar”.

Fəridə Məhəmmədova deyir ki, bir neçə il əvvəl xeyriyyəçi bir insan onlara Abşeron rayonu Qobu qəsəbəsində torpaq payı verib. Lakin ailənin maddi durumu həmin torpaqda ev tikməyə imkan vermir: “Bir xeyirxah insan mənə torpaq verib. Xahiş edirəm imkanlı şəxslərdən, dövlətimdən mənə bir pəncərəli, 1 otaqlıda olsa ev tikməyə kömək etsinlər. Mən balalarımı bu otağa gətirməyim. Bir ana kimi vallah ürəyim partlayır”.


Fəridə Məhəmmədova ilə söhbət zamanı o da məlum oldu ki, əslən Qərbi Azərbaycandan olsalar da sonralar Dəvəçi rayonunda yerləşən fermalarda yaşayıblar. Uşaq yaşlarından məktəbə getmədiyinə görə, indi nə oxuya, nə də yaza bilir. Deyir vaxtında oxuyub bir peşə sahibi olsaydım indi bir işin qulpundan yapışıb övladlarımın xərclərini özüm ödəyərdim. Daha çarəsizlikdən kiməsə əl açıb yalvarmazdım: “Nə yoldaşım, nə də mən yazıb oxuya bilirik. Ona görə, heç bir yerə yazılı müraciət edə bilməmişik. Bəs övladlarını oxutmağı düşünürsən? Mənim ən ağrılı yerimdir bu, övladlarımı oxudam. Deyirəm özüm yemərəm, içmərəm təki övladlarım oxusun. Amma imkanım ona şərait yaratmır ki, onları oxudam. Vaxtında məni də valideynlərim oxutsaydı indi bir işdən yapışa bilərdim”.

Ümid edirik xeyirxah xalqımız Məhəmmədovlar ailəsinin bu çağırışına səssiz qalmayacaq. Onlarla əlaqə saxlamaq üçün 055 544 11 73 nömrəsinə zəng etməklə dəstək ola bilərlər.

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Oxşar yazılar