Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılan Qurbanov Nofəl Nəriman oğlunun qalıqları Sabunçu rayonunda dəfn olunub.
Lent.az APA-ya istinadən xəbər verir ki, şəhidlə evində vida mərasimi keçirilib.
Daha sonra şəhidin qalıqları Sabunçu rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Xatırladaq ki, Qurbanov Nofəl Nəriman oğlu 1971-ci ildə Bakıda doğulub.
Bakı şəhəri 82 nömrəli məktəbi bitirdikdən sonra 1991-ci ildə həqiqi hərbi xidmətə çağrılıb.
O, qızğın döyüşlər zamanı ön cəbhədə vuruşub və 1992-ci ildə "Daşaltı əməliyyatı"nda itkin düşüb.
Qeyd edək ki, bir müddət öncə kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. Siyahıya əsasən, 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.
Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşüb.