Baş redaktorlar nazirlə bir masa arxasında
20 sentyabr 2011 18:07 (UTC +04:00)

Baş redaktorlar nazirlə bir masa arxasında

Bu gün “Turizmin inkişafı media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib. Lent.az-ın Mətbuat Şurasının(MŞ) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantını giriş sözü ilə şura sədri Əflatun Amaşov açıb və rəhbərlik etdiyi qurumun ölkə mediasında müxtəlif sahələr üzrə maarifləndirmə işlərinin aparılmasına ciddi önəm verdiyini bildirib.

2011-ci ilin «Turizm ili» olduğunu xatırladan Ə.Amaşov bununla əlaqədar ölkə prezidentinin təsdiqlədiyi fərmanda KİV-lərdə “2011-ci il Turizm ilidir” devizi altında proqramların və xüsusi verilişlərin təşkilinə dair bənd yer aldığını deyib: “Bunun da icrasına məsul qurumlar içərisində bizim şuranın da adı var. Təkcə onu deyim ki, ötən 6 ay ərzində ölkənin aparıca kütləvi informasiya vasitələrində turizmlə əlaqədar çoxsaylı materiallar yer alıb. Onların 87 faizi informasiyalardır. Bu baxımdan analitik məzmunlu və daha çox təşəbbüs ruhlu yaradıcılıq nümunələri 9 faiz təşkil edib. Materialların 4 faizi isə reportaj janrındadır. Ümumən medianın, xüsusən də çap mediasının məsələyə diqqətinin artırılması vacibdir”.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi dövlət qurumunun mətbuata açıq olduğunu, KİV-lərlə əməkdaşlığa böyük önəm verdiyini və bunu mədəniyyətin və turizmin inkişafına nail olmağın mühüm vasitələrindən biri kimi dəyərləndirdiyini bildirib: “Mədəniyyət və turizm sahələri bir-birinə çox bağlıdır. Məhz buna görə də cənab prezident 2006-cı ildə bu iki istiqamətdəki işlərin eyni mərkəzdən idarə olunamasına, bir növ vəhdətin yaradılmasına xidmət edən sərəncam imzaladı - Mədəniyyət və Turizm Nazirliyi yarandı”.

Ölkədə turizmin inkişafı ilə bağlı paralellər aparan Ə.Qarayev medianın rolu xüsusilə önəm olduğunu və dünyada məhşur olan turizm etikasının təbliğində aktiv olmasını bildirdi: “Kütləvi informasiya vasitələri ilk növbədə əhalini təbiətə vurduqları ziyan barədə məlumatlandırmalıdırlar. Turizm baxımından diqqət çəkən abidələrimizin bir çoxu bizim mədəni irsimizi təşkil edir. Onların qorunmasında mətbuat orqanlarının fəal roluna ehtiyac duyulur. Mədəniyyət və Turizm Nazirliyi olaraq biz jurnalistlərin bununla bağlı maarifləndirilməsi işlərinə hazırıq. Hesab edirik ki, bu məqsədlə onların qoruqlara, eləcə də mədəni irsimizlə bağlı müxtəlif yerlərə tanışlıq səfərlərinin təşkili müstəsna əhəmiyyətə malikdir. Ən əsası isə media ümumən turizm şüurunun dəyişməsinə yönələn fəaliyyətə yardımçı olmalıdır”.

MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı turizmlə əlaqədar bir çox media layihələrinin mövcudluğunu önə çəkib. O, həmçinin internetin bu istiqamətdəki imkanlarından daha səmərəli istifadənin mümkünlüyünü vurğulayıb. V.Mahirqızı xarici ölkələrdə Azərbaycanda turizmi təbliğ edən jurnalların və digər mətbu nəşrlərin yaradılmasını zəruri sayıb.

“Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz bildirib ki, gələn il Azərbaycanda keçiriləcək “Eurovision” musiqi yarışması ölkəmizin mədəni irsinin təbliği, eləcə də ölkənin turizm potensialının dəyərləndirilməsi baxımdan müstəsna təkanverici qüvvə olduğunu bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bir sıra turizm obyektlərinin adları ilə bağlı problemlərin olduğunu vurğulayıb. O, eyni zamanda sahə üzrə ixtisaslı kadr probleminin mövcudluğunu bildirərək ümumən xidmət sahələrinin işinin təkmilləşdirilməsini zəruri sayıb.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu son illər ölkədə turizm sahəsində kifayət qədər işlərin görüldüyünü bildirib. Bununla belə o, diqqəti KİV-lərdə mövcud istiqamətdəki reklam və təbliğat işlərinin zəifliyinə yönəldib. “Çünki media ilə əməkdaşlıq istənilən səviyyədə deyil. Turizm sahəsində ən böyük problemlərdən biri qiymətlərin həddən artıq baha olmasıdır. Bu, inkişafa əngəl törədir. Hesab edirəm ki, belə hallarla mübarizədə də medianın üzərinə böyük məsuliyyə düşür”, - deyə o əlavə edib.

MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mədəniyyət və turizm sahəsinin inkişafına yönələn tədbirlər içərisində mövcud sahədə jurnalistlər arasında yazı müsabiqələrinin təşkilini vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719

Oxşar yazılar