Bakıda Bilik Günü –
15 sentyabr 2011 12:12 (UTC +04:00)

Bakıda Bilik Günü –

Anasının əlini buraxmaq istəmir. Sinif rəhbəri bir əlindən yapışıb, güc-bəla ilə məktəbin qarşısında “A” sinfinin şagirdlərinin dayandığı sıraya gətirmək istəyir. Ancaq Aysel uşaq məsumluğu ilə çantasını bərk-bərk qucaqlayıb evə getmək istəyir. Ona elə gəlir ki, bu, bağçaya getdiyi zaman keçirilən bayram günlərindən biridir. Konsert bitəndən sonra anası onu evə aparacaq. O da həyətə düşüb yaşıdları ilə evcik-evcik oynayacaq. Amma bu dəfə fərqli idi...


Söhbət bu il 1-ci sinfə kövrək addımlarını atmalı olan 6 yaşlı Aysel Hüseynovadan gedir. Atası onu sinfə yola salmağa gəlməsə də, saat 08.00-da video-kamerası ilə Ayseli məktəbli geyimində çəkib, bundan sonra işə tələsməli olduğundan şagirdlərin içəri daxil olmasını gözləyə bilməyib.


Artıq bütün 1-ci siniflər sıraya düzülüb. Əlində böyük bir çiçək buketi saxlayan oğlan müəlliməsinin yanında şux dayanıb. Hamı içəri daxil olmaq üçün tələsir. Elə bu an qəflətən yüksəkdən musiqi səsi gəlir...


Məktəb direktoru da daxil olmaqla bütün tədris işçiləri Azərbaycan himnini oxumağa başladı. Aysel anasının əlini buraxıb himni oxuyan uşaqları yamsılayırdı. Ara-sıra oxumağa çalışsa da, yüksək səsli şagirdlər içərisində səsi çətinliklə eşidilirdi...

Son sıralarda dayanan Murad ana-atasının yanında dayanmışdı. O, sinif yoldaşları ilə ünsiyyət qurmağa çalışırdı. Üzündəki təbəssüm bu günün xəyalı ilə yaşadığını açıq-aydın sezdirirdi. Balaca şagirdlər himnin oxunması bitdikdən sonra lap səbirsiz olmuşdular...

Məktəb direktoru çıxışında ötən tədris ilində məktəb məzunlarının nailiyyətlərindən danışdı. Ardınca nazirlik rəsmisi birinciləri təbrik etdi və nəhayət, ilk zəngi oğlanın çiynində əlində yelləyə-yelləyə bütün məktəb meydanı boyu gəzdirən 1-ci göründü. Zəngin səsi vurulanda artıq saat 09.00-a yaxınlaşırdı. Bu anda məktəbin həyətində qarmaqarışıqlıq yarandı, səs-küylü artdı. Bayaqdan müşahidə etdiyimiz Aysel sinif rəhbərinin uzun-uzadı “baş bişirmə”lərindən sonra anası ilə birgə giriş qapısına yaxınlaşdı. Sinfə keçib yerində əyləşəndən sonra atasının ona aldığı narıncı qələmə başı qarışdı. Elə bu dəm də anası “aradan çıxdı”.


Birincilər sırasında məktəbli geyimi olmayan şagird gözümüzə dəymədi. Valideynlər hələ iki ay öncə məktəbli geyimini əldə etdiklərindən danışırdılar. Salehin anası məktəbli geyimi üstündə Bakı Tikiş Fabrikində yaranan “tıxacı”, basabası xatırlayırdı: “Əyninə bir az böyük olsa da, atası onun üçün məktəbli forması ala bildi”.
Birinci bədəncə arıq olduğundan şalvarını belinə çəkə-çəkə qalmışdı.


Qızların geyimində də ciddilik nəzərdən qaçmırdı. Ətəklərin qarşısında iki kiçik yarıq qoyulmuşdu. Yeni Günəşlidəki 278 saylı orta məktəbdə müəllimlər də, şagirdlər də ağ köynək və tünd mavi ətək geyinmişdilər. Ancaq anası Ayselə qara və ağ rənglərin kombinasiyasından bir geyim almışdı. Seçilsə də, onu məktəbə aparmaq üçün anası və sinif rəhbəri birgə çalışmışdılar...


Ayseldən fərqli vəziyyətdə olanlar vardı. Bu Xədicə idi. Məktəbin həyəti demək olar ki, boşalmışdı. Ara sıra gözə dəyən valideynlərin yanında məktəb yaşı çatmayan uşaqlar görünürdü. Onlar da bacı-qardaşlarına ürək-dirək verməyə, ya da sadə maraqdan gəlmişdilər. Girişə yaxın bir ata ilə bərabər balaca oğlan və qız dayanmışdı.


Nail Hüseynov qızı Xədicəni 4-cü sinfə gətirsə də, içəri keçə bilmədilər: “3 il idi ki, qızım hicablı məktəbə gəlib gedirdi. Amma keçən il bu qadağa qoyulandan sonra çarəsiz qalmışam. Sonda uşağın sənədlərini Qubada Rustov kənd məktəbinə vermişdim. Ancaq həmişə ora gedib-gələ bilmirik. Bu il yenə məcbur oldum, bu məktəbə gətirdim”.
N.Hüseynov qızının təhsil alması çox istədiyini dilə gətirdi: “Qızım oxumağa oğlumdan daha həvəslidir. Oğlum gələn il 1-ci sinfə gedəcək”.
O, azyaşlı olmasına baxmayaraq, hicab geyinən qızının dərsə buraxılmamasından narahat olduğunu dedi. Günəş atasının əlindən tutmuşdu. Bir dəfə ana-atası məktəbi sənədləri təqdim etmək üçün müraciət edəndə onlarla gəlmişdi. Sinif otağında əyləşib harda oturacağını belə müəyyənləşdirmişdi.


1-ci sinfə başlamamış sinif rəhbərinin yanına hazırlığa gələn Həmzə də köynəyini düzəldə-düzəldə sıradakı birinci yerdə dayanmışdı. Məktəbdən öncə hazırlığa gedən balacalar az da olsa, bu məktəb də var. Bu daha çox psixoloji sərhədi aşmaq üçün edilirdi. Söhbətləşdiyimiz valideynlər də, bununla birinci sinfə gedən uşağın daha tez adaptasiya olunmasından danışırdılar.


Bu mənzərələr isə Səbail rayonunda ötən il təmir olunan və bir-birinə yaxın olan 132 və 134 saylı məktəblərdə müşahidələrimiz idi.
Birincilərin məktəbli geyimləri əvvəl gördüyümüz məktəblə demək olar ki, eynilik təşkil edirdi. Amma bu məktəblərin həyətində valideynlərə az rast gəlmək olardı.
Müşahidələrin qısa olmasının səbəbi şəhərdə, xüsusilə metroda görünən tıxac idi. Səhər saatlarından başlayaraq, ictimai nəqliyyatda müşahidə olunan sıxlıq yollarda uzun-uzun tıxacların yaranmasına səbəb olub. Məktəbə tələsən valideynlər və şagirdlər gec də olsa, ilk bilik gününü məktəbdə keçirməyə çalışırdı. Mərkəzdə yerləşən məktəblərdə ilk dərs günü cəmi 2 dərs nəzərdə tutulub. Bəzi valideynlər hətta ilk dərs günü balacaları məktəbdən götürmək üçün yolda tıxacda qalmamaq üçün evə getmirdilər.


Sonda onu qeyd edək ki, 2011-2012-ci tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 124 274 şagird qəbul olunub. Lent.az-ın məlumatına görə, yeni dərs ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə verilib. Bunlarla yanaşı, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib.


Bu il paytaxtın 326 məktəbində 320 minə yaxın şagird təhsil alacaq, Onlardan 33 min 464 şagird I sinfə gedir. Paytaxtda 4 yeni məktəb istifadəyə verilib, 57 müəssisədə isə əsaslı təmir-bərpa işləri aparılıb, yeni sinif otaqları və korpuslar tikilib. Amma Bakı şəhərində 18 məktəb qəzalı vəziyyətdədir. Məlumata görə, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, 2013-cü ilin sonuna qədər Bakıdakı bütün məktəblər müasir standartlara uyğunlaşdırılacaq.

Nailə Rövşənqızı
# 3435

Oxşar yazılar