30 il sonra oxunan azan, kənd-kənd xatırlanan yurd - Zəngilandan REPORTAJ
23 may 2024 13:56 (UTC +04:00)

30 il sonra oxunan azan, kənd-kənd xatırlanan yurd - Zəngilandan REPORTAJ

“İlk”lərin səfəri

– Oğul, sənin neçə yaşın var?

– İyirmi doqquz, – deyib mayın bütün gözəlliklərini sərlövhə kimi qarşımıza sərən mənzərəyə tələsirəm.

O da bu mistik gözəlliyə tamaşa edə-edə susur. Bir qəfil əlini çiynimə qoyub başını bulayır:

– O vaxt Zəngilandan çıxanda mənim də iyirmi doqquz yaşım vardı...

 

***

Yolumuz Zəngilanadır. Media nümayəndələri ilə yanaşı Zəngilan sakinləri də bu səfərin bir parçasıdır. Səfər çərçivəsində Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidi ilə tanış olacaq, rayon sakinləri ilə həmsöhbət olub onların 30 illik həsrətdən sonra Allahın evindəcə Zəfər üçün, Qayıdış üçün şükür sədalarına göz və qulaq şahidliyi edəcəyik. Amma məndə bu səfər zamanı, birinci növbədə, diqqətimi çəkən məqam hamımızın ayrı-ayrılıqda nəsə bir ilki yaşaması idi. Məsələn, mənim ilkim Zəngilanı birinci dəfə görməyimdir, başqa biri üçün orada yenicə inşa edilən məsciddən çəkiliş etmək, bir başqası üçün isə, ümumiyyətlə, Qarabağa səfər.

Zəngilan sakinləri üçün isə bu ilkin adı birdir: doğma yurda müqəddəs ziyarət.

Ağac-ağac, kənd-kənd yaddaşlarda qalan Zəngilan

Bakıdan bu yana fasilələrlə həmsöhbət olduğum din xadimi Müşfiq Fərzəliyev üçün bu səfər müqəddəs amal kimi bir şeydir. Özü belə deyir.

– Sağ olsunlar, şərait yaradırlar, arabir gəlib buralara baş çəkirəm. İnan Allaha, hamısı hafizəmdədir. Zəngilan mənim üçün təkcə bütöv bir anlayış deyil. Mən buranı ağac-ağac, ot-ot xatırlayıram, kənd-kənd yadımda saxlamışam. Bu torpağın hər qarışında mənim uşaqlığım yatır, gəncliyim yatır... Amma bu səfər mənim üçün bir başqadır, – bir qədər duruxur. Nəsə yaxşı bir bənzətmə, ifadə axtarır. Amma heç cür tapıb fikrini cəmləşdirə bilmir. Sadəcə: “Məscid”, – deyir, – Şəkildən belə başa düşdüm ki, Zəngilan şəhərində o əzəmətdə bir məscid heç vaxt olmayıb. Ora getmək, o məscidin daşına-divarına toxunmaq özü bir amaldır, müqəddəs amal...

Füzulinin yerlə-yeksan olan, viran qalmış kəndlərini geridə qoyub Cəbrayıla çatırıq. Burada da eyni mənzərə: dağıdılmış yurd-yuvalar, izi-tozu qalmayan kənd-kəsək... Kimi avtobusdan görünən bu dəhşətli mənzərəni vandallıq adlandırır, kimi vəhşilik, kimi murdarlıq. Amma, məncə, Qarabağın 30 illik işğal dövründə mədəni-tarixi irsinə vurulan ziyana, bu cür qeyri-insani davranışa verilən ən gözəl adlardan birini avtobusun qabaq sıralarında əyləşən zəngilanlı xanım verir: insafsızlıq.

– Allahın yaratdığı heyvanda belə insaf hissi olur. Şüuru yoxdur, amma insafı var. Biz elə bir qonşu ilə mübarizə, müharibə aparırdıq ki, onlarda insaf deyilən bir şey yoxdur.

Bu ifadədən sonra avtobusda bayaqdan bəri müşayiət olunan susqunluq yoxa çıxır. Yol boyunca görünən dağıdılmış evlər, yarımçıq qalan arzular, uçuq-sökük tikililərin fonunda sakinlərin reaksiyalarını eşidirik. Nəhayət, Zəngilana yaxınlaşdıqca həmin səslərdəki, həmin reaksiyalardakı giley-güzar yavaş-yavaş yerini həyəcana verir. Titrəyən səslər, ahlar-oflar içində xatırlanan keçmiş... Müşfiq Fərzəliyev isə artıq özünə yer tapmır. Bayaqdan bəri pəncərənin kənarından ayrılmayan yol yoldaşımız indi artıq ayaq üstədir. Arabir çiyni üzərindən mənə sarı çevrilib: “İndi bizim kəndi görəcəksiniz”, – deyir.

Torpaq haqqında ən yaxşı söz: Zəngilan

“Zəngilan” yazısını görüncə sakinlər sürücüdən bir neçə dəqiqəlik izin istəyirlər. Bizə qalan isə, sadəcə, bu mənzərəni kənardan izləməkdir.

– Bu torpaq, – Zəngilan sakini yerdən bir ovuc torpaq götürüb deyir, – nəyi desən, bitirir. Zəngilanda dünyanın elə bir neməti yoxdur ki, bitməsin. Ən bərəkətli torpaqdır. 30 ildə bərəkətimizi də sovurub aparıblar. Murdarlayıblar buranı. Amma, İnşallah, torpağın öz sahibləri qayıdınca bərəkəti də qayıdacaq.

Avtobusa qayıtmağa ən çox tələsən Müşfiq Fərzəliyevdir.

– Burada, girişdə bir neçə kənd suyun altında qalıb. Amma indi birinci kənd Məmmədbəyli kəndidir. Sonra gəlir Babaylı, sonra Ağalı və nəhayət, bizim kənd – Alıbəyli.

Sadalanan məntəqələri geridə qoyub Ağalıya giririk. Sakinlər adıçəkilən kəndin məşğuliyyəti, onların təsərrüfatı barədə bir xeyli danışırlar. Ekoloji formada inşa edilən evlər, günəş panellərini görən yol yoldaşlarımızın hamısının dilindən eyni anda tək söz çıxır: “Ağıllı kənd”.

– Bizimkilər də belə olacaq, İnşallah!

Kəndin ətrafı ilə dolandıqca kənd sakinlərinin artıq öz təsərrüfatlarını yaratdıqlarını görürük. Demək olar ki, bütün evlərin yaxınlığında əkin-biçinin olduğu sezilir.

– Kəndçiyə nə lazımdır? Torpaq, vəssalam! – kimsə görünən mənzərəyə yerindəcə tərif verir.

Ağalıdan çıxıb, nəhayət, Alıbəyli kəndinə üz tuturuq.

– Şükür, İlahi, bu gününə şükür. İnan, dizim ağrıyır, yoxsa ki, bu günlər üçün dizi üstə şükür eləmək də azdır, – deyən Müşfiq Fərzəliyev digər sakinlərlə qonşu kəndlər barədə danışır. Nəhayət, din xadiminin kəndinə – Alıbəyli kəndinə çatırıq. O, kəndin, az qala, hər qarışı haqqında informasiya verir.

– Bura filankəsin evidir...

– Burada çayxana vardı...

– Çaylaq yerimiz....

– Burada böyük bir bağ vardı....

Sadalaya-sadalaya oturacağa söykənən Müşfiq Fərzəliyevin yavaş-yavaş dizlərinin büküldüyünü görürəm. Gözləri dolub. Oturacağın tutacağından bərk-bərk yapışan əlləri titrəyir. Gözləri qarşısından avtobusumuzun sürətinə uyğun kino lenti kimi keçən məkanlar barəsində daha heç bir şey demir. Tutulub qalır. Sanki böyük bir monitorda öz uşaqlığı ilə üzbəüz dayanıb. Bir xeyli susur və bu susqunluğun ardından, nəhayət, özündə təpər tapıb oturacağın üzərində dizlərini birləşdirib dodaqaltı pıçıldayır:

– Bizim məhəllə.... – ardından, – şükür, – deyib təzədən qarış-qarış keçmişi xatırlayır.

– Məhişgilin evi...

– Bu yol təzə salınıb...

– Bura Camal kişigilin həyətidir... Rəhmətə gedib...

– Bizim orta məktəb...

Zənginliyin yeri

Zəngilanın mərkəzinə çatmağımıza on-on beş dəqiqə qalmış onun tarixi barəsində soruşuram. Əslində, bu informasiyaların hamısını Quqlda axtarıb-tapmaq mümkündür. Amma ilk Zəngilan səfərimdə, ilk dəfə həmsöhbət olduğum Zəngilan ziyalılarından məhz öz yurd-yuvaları, dədə-baba torpaqları barəsində soruşmağın dadı ayrıdır.

– Zəngilanın əvvəlki adı Pirçivan olub. 1957-ci ildə ad dəyişdirilərək Zəngilan qoyulub və buraya qəsəbə statusu verilib, 1967-ci ildə isə şəhər statusu alıb, – deyə sakinlərdən biri izah edir.

Zəngilan sözünün etimologiyası haqqında isə müxtəlif fərziyyələr var. Amma Zəngilanın qocaman sakinlərindən biri saydığımız bütün ehtimalların üzərindən çalın-çarpaz bir xətt çəkir.

– Bu torpaq deyərdim, dünyanın ən zəngin torpaqlarından biridir. Ad da oradan gəlmədir. Zəngin olan alan, zəngin olan yer... – daha sonra barmağını ucsuz-bucaqsız təəssüratı yaradan sıx meşəliyə sarı uzadıb öz dediklərini sübut edirmişcəsinə gülümsünür.

Zəngilan məscidi

Nəhayət, səfərimizin məqsədi-məramının boy göstərdiyi yerə çatırıq: Zəngilan məscidinə.

Zəngilan məscidinin təməli şəhər işğaldan azad edildikdən sonra – 2021-ci ilin 26 aprelində Prezident İlham Əliyev tərəfindən qoyulub. Üç il davam edən inşa prosesinin ardından məscidin açılışı bu ilin mayında Cənab Prezident tərəfindən həyata keçirilib.

İşğal dövründə Qarabağın digər bölgələrində olan tarixi-mədəni irsə qarşı həyata keçirilən vandallıq Zəngilanın tarixi məscidindən də yan ötməyib. Bura mal tövləsi kimi istifadə edilib. Ümumilikdə 30 il ərzində göstərilən laqeyd və vandal münasibət nəticəsində məscid görkəminin 70 faizini itirib.

Zəngilan sakinlərini qarşılayan məscidin memarı Ədalət Məmmədov inşa barəsində məlumat verir. Onun sözlərinə görə, yeni ibadət evi konservasiya olunan tarixi məscidin yanında inşa edilib. Memarlıq abidəsi düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli formasında layihələndirilib. İki səviyyəli məscidin birinci səviyyəsində 220 nəfərlik ibadət zalı, ikinci səviyyədə isə 100 nəfərlik ibadət zalı var.

Eləcə də tarixi məscidin ərazisində açıq səma altında sərgi nümayiş olunur. Sərgidə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olan və vandal aktlara məruz qalan dini abidələrimiz əks olunur.

Otuz ildən sonra oxunan azan

Məscidin qapısı açılar-açılmaz elə bil illərdir, dodaqlarda, dillərdə, ovuclarda ilişib qalan dualar üçün də səmanın qapısı açılır. Bayaqdan bəri davam edən tutqun hava yerini günəşə verir. Məscidin içərisinə giririk. Divarlarda Qarabağ memarlıq məktəbinin izləri dərhal hiss olunur.

Din xadimi Müşfiq Fərzəliyev azan çəkməyə başlayır. Bütün pıçhapıçlar bir andaca kəsilir və yerini Allahın evində Allahın adı üçün oxunan duaya verir.

– Mən bu məsciddə axund işləmişəm... Belə bir möhtəşəm məscid binası Zəngilan tarixində olmayıb, – deyən Müşfiq Fərzəliyev beləcə missiyasını tamamlayaraq məscidin göz oxşayan interyerini nəzərdən keçirir.

Mən isə fürsətdən istifadə edib məscidin memarı Ədalət Məmmədovla həmsöhbət oluram:

– Siz bilirsiniz ki, Qarabağda bir çox məscid dağıntıya, vandal münasibətə məruz qalıb. Onlardan biri də Zəngilan məscidi olub. Bu məscid XVIII əsrin sonları – XIX əsrin əvvəllərinə aiddir. Mən sizə deyim ki, məscid çox acınacaqlı halda idi. Əgər vaxtında konservasiya olunmasaydı, məhv olacaqdı. Və yanında isə belə bir məscid layihələndirmişik. Burada çox ciddi bir kontrast əmələ gəlib. Birmərtəbəli ibtidai məscid və yanında isə əzəmətli məscid. Belə görürəm ki, bu, Qarabağın ən əzəmətli məscidlərindən biri olacaq. Zəngilana görə də bu məscid böyükdür, əvvəlki məscidin sahəsini görürsünüz. Bu, əsl Zəfər məsciddir. Bu mənim memar fikrimdir.

Memarla söhbətimizi yekunlaşdırdıqdan sonra Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanovla Fond tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-konservasiya prosesindən danışırıq:

– Biz işğaldan azad olunmuş ərazilərdə bir çox layihələr həyata keçiririk. Və bu layihələr daha çox ölkəmizin tarixi-mədəni-dini sərvətləri olan abidələrin bərpası istiqamətində aparılır. Zəngilan məscidi də məhz bu layihələrdən biridir. İlkin təhlillər belə göstərir ki, işğal dövründə ümumilikdə 65-dən çox məscid dağıntıya məruz qalıb. Hazırda mərhələli şəkildə bərpa prosesi gedir.

Müvəqqəti dönüş

Məscid haqqında məlumatları əldə etdikdən sonra yenidən sakinlərin yanına qayıdıram. Bəlkə də, həyatım boyu heç vaxt şükür ifadəsini eyni anda bu qədər eşitməmişəm. Torpağa şükür edən kim, suya şükür edən kim, ota-ağaca, daşa-kəsəyə, od-ocağa şükür edən kim... Bəs necə?! Azad edilmiş Qarabağda artıq hər şey müqəddəsdir, ot da, ocaq da, daş da, kəsək də... - məscid kimi...

Qocaman yol yoldaşlarımızdan biri deyir ki, o vaxt burada - məscidin yaxınlığında yaşayırmışlar.

– 1930-cu illərdə burada ibtidai məktəb olub. Mənim böyük qardaşım burada oxuyub. Ümumiyyətlə, mənim atam da, atamın atası da, ulu babam da məhz burada – bu məhəllədə yaşayıb. İndi elə bilirəm, hamısının ruhu şaddır. Bayaq məsciddə dua edəndə tapdığım rahatlıq mənə deyir ki, indi onların hamısı buradadır, bax burada, – əli ilə məscidin ətrafını göstərir...

– Allah Cənab Prezidentimizi qorusun, Allah ondan razı olsun. Biz razıyıq. Mən bütün zəngilanlılar adından, qarabağlılar adından deyirəm bunu. Allah Ordumuzu qorusun. Uca Allah bu torpaq uğrunda, bizim salamat evimizə dönməyimiz uğrunda, belə bir əzəmətli məsciddə dua edib azan oxumağımız uğrunda şəhid olanlara rəhmət eləsin, qazilərimizə şəfa olsun!

Beləcə yavaş-yavaş səfərimizi yekunlaşdırırıq. Hava da təmizlənib. Elə bil yurdun öz sahiblərinin duaları ilə illərdir, tutqun olan, qaranlığa bələnən Zəngilan səması da azadlığa qovuşub, günəşə qovuşub. Sakinlər, bəlkə də, həyatlarında ilk dəfədir ki, bir yerə gecikməyi, daha ləng addımlar atmağı bu qədər ürəkdən istəyirlər. Cəmi iyirmi-otuz addımlığımızda olan avtobusa, az qala, iyirmi-otuz dəqiqəyə çatırıq. Hər addım bir xatirə, hər deyilən söz keçmiş əhvalatı yada salır. Yeridikcə hamının gözündə fərqli mənzərə, fərqli xatirə və fərqli duyğular canlanır. Amma, sözsüz ki, bu səfərin yekununda Bakıya qayıdışımız barəsində hamısının təəssüratı eynidir:

– Biz yenə bura qayıdacağıq. Əbədi!..

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6300
avatar

Nihat Pir

Oxşar yazılar