Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi artıb
12 iyul 2011 18:04 (UTC +04:00)

Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi artıb

Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Y. Xanvəlinin sözlərinə görə, bunun əsas səbəbi vəhşi heyvanlar arasında vaksinasiya işlərinin aparılmaması, sahibsiz itlərin artması, erməni işğalı altında olan ərazilərdən vəhşi heyvanların miqrasiyası, sel basmış ərazilərdən canavar, çaqqal və digər çöl heyvanlarının yerlərini dəyişməsi, vəhşi heyvanların artımının tənzimlənməsinin mümkün olmamasıdır: “Bu artım təkcə Azərbaycanda yox, digər ölkələrdə də müşahidə olunur. Avropa Konvensiyasına əsasən, heyvanların öldürülməsi qadağan edilib. Bu kimi amillər quduzluq xəstəliyinin artmasına təkan verir”.


Y. Xanvəli qeyd edib ki, bu il DBX-nin laboratoriyasına quduzluq xəstəliyi ilə bağlı 47 nümunə daxil olub. Onlardan 21-də xəstəlik aşkarlanıb, 20-də aşkarlanmayıb, qalan nümunələr isə yararsız sayılıb: “Bu günlərdə Zərdab rayonunun Əlvənd kəndindən laboratoriyaya daxil olan at başında da quduzluq xəstəliyi aşkarlanıb. Bu barədə rayonun baytarlıq idarəsinə və səhiyyə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb. Bundan başqa Şəkinin Baş Küngüt, Baş Kəldək və Zəyzid kəndlərində də quduzluq xəstəliyi aşkarlanıb və vaksinasiya işləri aparılıb”.


Y. Xanvəli qeyd edib ki, hazırda ölkədə quduzluğa qarşı ev heyvanları arasında vaksinasiya aparılır.
Xidmətin vəhşi heyvanların vaksinasiyası ilə bağlı layihə hazırlayıb hökumətə təqdim etdiyini deyən Y. Xanvəli bu tədbirlərin oral formada həyata keçiriləcəyini bildirib: “Yəni vaksin qatılmış qidalar vertolyot vasitəsilə meşə zolaqlarına atılacaq. Vəhşi heyvanlar bu qidaları qəbul etdikdə onlarda immunitet yaranacaq. Layihə hökumət tərəfindən qəbul edilsə, bu tədbirlərin həyata keçirilməsi mümkün olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar