Müasir dövrdə yas və toy mərasimlərimiz: Biz hara gedirik? – ARAŞDIRMA
30 iyun 2011 15:29 (UTC +04:00)

Müasir dövrdə yas və toy mərasimlərimiz: Biz hara gedirik? – ARAŞDIRMA

“Toyda nə edərlər?!” Azərbaycan xalqının məişətindən, xüsusən toy adət və ənənələrindən bəhs edən “Bəyin oğurlanması” filmində məşhur aktyorumuz Səməndər Rzayevin dilindən səslənən bu ifadəni yəqin ki, çoxları əzbər bilir. Ancaq müasir dövrdə toylarımızda nələr etmirlər ki?! Artıq toylarımız öyünməli adət-ənənələrimizlə yox, narahatlıq doğuran məqamları ilə müzakirə mövzusuna çevrilib. Xüsusən şəhərlərimizdə şadlıq saraylarında keçirilən, səsgücləndiricilərin imkanlarından gen-bol istifadə edilən, səliqəsiz konsert proqramını xatırladan toylarımız məsrəf, süfrə xərcləri, bir sözlə, dəbdəbə baxımından yarış meydanına çevrilir. Yaslarımız da dəbdəbənin kölgəsində “boğulmaqdadır”.

Bəs hazırda toy və yas mərasimlərimizin xalqımızın sosial yaşam tərzini, mədəniyyətini nə dərəcədə özündə əks etdirir?

Bəhsləşmə problemi

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, bu cür cəmiyyətdə sosial təbəqələr necədirsə, o təbəqələrə uyğun da toylar olur. Ancaq o da etiraf edir ki, Azərbaycanda bəhs etmək problemi var və bu, pis cəhətdir: “Bəzən adamlar bir-birinin bəhsinə girir. Görürsən ki, kasıb olan da varlı ilə bəhs etməyə başlayır. Nəticədə də müflis olur, əziyyət çəkir”. Yas mərasimlərimizə gəlincə, Hadı Rəcəbli qeyd edir ki, İranda, Türkiyədə bir yas mədəniyyəti var: “Ancaq biz bunun ifratını yaşayırıq. Bəzən bizim adamlar həddini aşırlar. Tələb olunandan da artıq bədxərclik edir, şəriət qanunlarından da kənara çıxırlar. Bu problemin həlli üçün örnəklər olmalıdır. Məsələn, bu gün Naxçıvanda ciddi bir norma tapıblar. Varlısı da, kasıbı da yası o cür keçirir. Bu, hakimiyyət orqanı ilə dini qurumun birgə əməkdaşlığının yaxşı nəticəsidir. Naxçıvanda ifrat yeməklər olmur, süfrənin üstündə öpüşən bananlar qoymurlar. Qayda qoyulub, kasıblar da, varlılar da o cür süfrə açırlar. Yəni bəhsləşmə, kiməsə oxşama olmur”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov vurğulayır ki, toy və yas sərbəstdir. Eyni zamanda toy və yas bizim mədəniyyətimiz, ənənəmizdir, folklorumuzun tərkib hissəsidir. Bu, müxtəlif formalarda təzahür edir: “ Toy və yaslarımızın məzmunu pis deyil, yaxşıdır. Toylarımız kifayət qədər şən keçir, toylarımızı məzmunsuz da hesab etmək olmaz. Amma müəyyən məsələlər var ki, onların müzakirəsinə ehtiyac var. Məsələn, həqiqətən toylarımız bəzən konsertə çevrilir. Bir-biri ilə müqayisə, ötüşmək, bir-birindən daha dəbdəbəli olmaq təsəvvürü yaratmaq görüntüsü olur. Həddindən artıq musiqi, rəqs, yeməkdə israfçılıq halları da var. Başqa xalqlarla müqayisə edəndə bizim toy və yaslarımızın əsas bir nöqsanı var. Bu da dediyim kimi israfçılıqdır. Hər halda etiraf etmək lazımdır ki, bir sıra hallarda rəhmətə gedənlər də, evlənənlər də unudulur, diqqətdən kənarda qalırlar. Diqqət yetirmək lazımdır ki, toy evlənənlərin həyatında maraqlı olsun, vəfat edən insanın da xatirəsi yad olunsun. O insanın qohumları, cəmiyyət, mühiti üçün nə dərəcədə əhəmiyyətli adam olduğu ən müxtəlif formalarda xatırlansın, yada salınsın. Bu, həm də bir tərbiyə vasitəsi olsun”.

Adət-ənənələrimiz unudulur

Nizami Cəfərova görə, xüsusən regionlarımızda toy və yasla bağlı adət-ənənələrin qorunmasına ehtiyac var. Hər toyun xüsusiyyəti, özünəməxsusluğu olmalıdır. O qeyd edir ki, ənənənin özündə də standartlar və zaman keçdikcə istər-istəməz bir müasirləşmə də olur: “Məsələn, qabaqlar toylarda yeməyi bişirməyə başlamamışdan müəyyən formalar olurdu. Tutaq ki, bir necə gün çörək bişirilirdi. Camaat da çörək bişirilmə ilə bağlı gəlir, ev sahiblərinə gözaydınlığı verirdi. Bu, artıq özünü doğrultmayan bir şeydir. Daha toyun uzadılması ilə bağlı belə prosedurlara bəlkə də ehtiyac yoxdur, qısaldılmalıdır. Amma toylarda qardaşlıq kimi adətlər çox yaxşı adətlərdir. Bu adətlərin müəyyən elementləri, ünsürləri hələ də qalır. Görürsən ki, onların formasının müasirləşməsi istiqamətində də müəyyən proses gedir və bu, qaçılmazdır. Məncə, bütün hallarda o tarixi elementləri, ünsürləri təbliğ etmək lazımdır, tam aradan çıxardılmamalıdır. Bu, bir mərasimdir. İstər-istəməz bu mərasim gözəl, maraqlı, tərbiyəvi, ruhu qaldıran olmalıdır. Bir sözlə, standartlaşma istər-istəməz olacaq, amma özünəməxsusluqlar da qalmalıdır”.

Komitə sədri artıq kəndlərimizdə də şadlıq sarayı tikildiyini və mərasimlərin bir sıra hallarda həmin şadlıq saraylarında olduğuna da diqqət çəkir: “Ancaq o şey ki, gözəldir, maraqlıdır, bir estetik dəyəri var, insanların əhval-ruhiyyəsini yüksəldir, münasibət yaradır, unudulmamalıdır”.

Toy qonaqlara, yas sahibinə əlavə problem yaratmağa başlayıb

Nizami Cəfərov toy və yaslarımızın məzmunundakı dəyişikliklərin yaratdığı problemlərdən də söz açır: “Köhnə vaxtlar belə idi ki, toylarda mümkün qədər əhalidən pul yığılmasına çalışılırdı. İndi əksinədir. Bu gün cəmiyyətimizdə ən ağrılı hallardan biri budur ki, biri gəlib məndən xahiş edir ki, bəs toya gedirəm, pulum yoxdur! Toylarda istənilən halda sən restoranın pulunu verirsən, üstünə də müəyyən qədər əlavə edirsən. Bunun toy edənlərin və sənin münasibətlərinə nə dəxli var? Əlbəttə, toy xərcləri azaldılmalıdır. Yasa gəlincə, xüsusən Bakıda xərclər daha çox yas sahibinin üzərinə düşür. Yas mərasimi sadələşdirilməlidir ki, bu qədər xərc çəkilməsin. Bu qədər xərci çəkən çəkir, axı çəkməyi bacarmayan da var və vəfat edənini başqasından az istəmir! Ümumiyyətlə, o yerdə ki, mərasim insanların kimisə xatırlamasına, yaxud kiminsə şad gününə sevinməsinə səbəb olmur, problemə çevrilir, deməli, bu həmin mərasimin humanist bir şey olmadığını göstərir”.

Bəs çıxış yolu nədir?

Çıxış yolları

Nizami Cəfərov çıxış yollarının olduğu qənaətindədir. O hesab edir ki, cəmiyyətimiz toylarla bağlı problemləri müzakirə etməlidir: “Burada dövlət nə isə tədbir görə bilməz. Gərək cəmiyyətimiz özü bu məsələni müzakirə etsin, toy mərasiminin həm estetik tərəfini, həm maddi tərəfini, həm yemək-içmək tərəfini bir az qaydaya salsın”.

Yas mərasimlərinə gəlincə, Naxçıvanda yasların keçirilməsi ilə tətbiq olunan qaydaya toxunan Nizami Cəfərov deyir ki, Muxtar Respublikanın özünəməxsusluqları var, müəyyən məcburiyyətləri tətbiq etmək lazımdır ki, Naxçıvanın normal ritmlə yaşamasına kömək etsin: “Lakin Azərbaycan miqyasında vahid yas modeli tətbiq etmək bir az çətin məsələdir. Amma bu həyata keçsə, çox yaxşı olardı. Məsələn, yasla bağlı dövlətin hansısa qərar qəbul etməsi, bunu inzibati qaydada həyata keçirməsi o qədər də özünü doğrultmazdı. Yaxşı olardı ki, bizim din xadimlərimiz aktiv olsun. Çünki bu sahə ümumiyyətlə, din xadimlərinin ixtiyarındadır və onlar bu işlə məşğul olsunlar. Yəni yaslarda dəbdəbənin, xərcin çox olmasının qarşısını alsınlar. Yəni müşavirə keçirsinlər, bir məsləhət versinlər”.

Din xadimlərindən söz düşmüşkən, Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) üz tutduq. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, QMİ yas mərasimləri ilə bağlı məsələləri dəfələrlə gündəmə gətirib, dəbdəbəyə, ifratçılığa, islama zidd hərəkətlərə yol verilməməsi ilə bağlı tövsiyələrini bu və ya digər vaxtlarda mütəmadi şəkildə səsləndirib.

QMİ hərəkətə keçib

Rəhimə Dadaşovaya görə, bütövlükdə cəmiyyətin bu məsələlərə hazırlanması, mənəvi təkamül baxımından mətbuatda yazıların getməsi, cəmiyyətdə bu müzakirələrin aparılması lazımdır. Çünki bu məsələlərdə hansısa inzibati metodlar, hansısa bir məcburiyyət səmərə verə bilməz. İllərlə mərasimlərlə bağlı formalaşmış ənənələr var və bu, streotiplərə əsaslanır. Bu streotipləri qırmaq üçün 1 gün, 5 gün azdır: “Amma QMİ bir dini bir mərkəz olaraq bu məsələlərin dini aspektinə müxtəlif vaxtlarda həmişə münasibət bildirib. Həm QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışlarında bu məsələlərə toxunub, həm də Qazılar Şurasının iclaslarında bu və ya digər axundlar, qazılar tərəfindən tövsiyələr səsləndirilib”.

Bəs tövsiyələrin müsbət nəticəsi müşahidə olunub?

Rəhimə Dadaşova deyir ki, heç bir nəticə olmadığını demək olmaz, amma böyük nəticələrdən danışmaq da tezdir. Onun sözlərinə görə, yas və toy hər bir insanın ailəsində baş verən məsələdir və insanlar öz nümunəsi ilə bunu kimlərəsə təlqin edə bilər: “Şəxsi nümunəsi ilə QMİ-nin tövsiyələrinə əməl edənlər bu işə real töhfə vermiş olurlar. Əsas odur ki, tendensiyalar var. Bu tendensiyanın, müsbət istiqamətdə irəliləyişin olması böyük nəticənin, təkamülün də yaxın vaxtda olacağına ümid verir”.
Rəhimə Dadaşova onu da nəzərə çatdırdı ki, bu məsələlərin sosial sifariş olduğunu nəzərə alaraq, QMİ-də bununla bağlı tövsiyələr toplusu şəklində bir forma, sənəd hazırlanır: “Beləliklə, bu məsələlərə birdəfəlik ümumi şəkildə münasibətin əksini tapacağı bir sənədin ortaya qoymaq istəyirik. Bunun fətva, yaxud hansı formada olacağını bəri başdan deyə bilməyəcəm. Hazırda sənəd layihə formasındadır, üzərində iş gedir”.

Ramiz Mikayıloğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335

Oxşar yazılar