Büdcə təşkilatlarında 30 min təqaüdçü işləyir – ARAŞDIRMA
02 iyun 2011 13:09 (UTC +04:00)

Büdcə təşkilatlarında 30 min təqaüdçü işləyir – ARAŞDIRMA

Azərbaycan parlamenti dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddini 65 yaş müəyyənləşdirib, “Dövlət qulluğu haqqında qanun”a və Əmək Məcəlləsinə dəyişikliklər etdi. Qərar icrasına hələlik başlanmasa da, artıq cəmiyyətin müxtəlif təbəqələri tərəfindən birmənalı qarşılanmır. Qərarın lehinə və əleyhinə olanların hər birinin öz həqiqəti var. Bəziləri bu qərarın əsasən də Azərbaycan təhsilində və elmində boşluq yaradacağını, digərləri isə əksinə, gənclərə geniş meydan veriləcəyini düşünür. Elə isə yaşı 65 yaşdan yuxarı insanların “yola salınması” nə vəd edir?



Azərbaycanda büdcə təşkilatlarında pensiya alıb işləyən 30 min insan var

“Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların yuxarı yaş həddinin 65 yaş müəyyən edilməsi xaricdə təhsil alıb işlə təmin oluna bilməyən gənclərə şərait yaradacaq”. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya bildirib ki, hazırda Azərbaycanda büdcə təşkilatlarında təxminən 30 min nəfər pensiya alıb işləyən var: “Biz qocalan, yaşlaşan insanlara ömürlərini sağlam, gümrah sürməyə şərait yaradırıq. Araşdırmalar göstər ki, bu adamların 97 faizi aldığı əmək haqlarını, pensiyalarını nəvələrinə, övladlarına xərcləyirlər. Bu gün cavanların təşəbbüsü ölüb. Çünki institutlarda müəllimlər 90 yaşa qədər otururlar, gənclər üçün perspektiv görünmür. Yaşlılar getsə, professorların yeri boş qalacaq. Bu zaman canlanma, irəliləyiş olacaq. Bu, cəmiyyəti tərpədən, hərəkətə gətirən bir addımdır. Lakin bu proses ağrısız keçməyəcək. Bütün sosial qanunvericilik belədir. İlkin hallarda problemlər yaranır. Həqiqətən professorlar gedəndən sonra təhsil müəssisələrində müəyyən boşluq olacaq. Amma onlar getməlidirlər ki, yerlərinə cavanlar gəlsin və stimul yaransın. Bu yaşda adamlara yalnız “büdcədən maliyyələşən təşkilatlarda işləmə” deyilir. Onlar bələdiyyələrdə, özəl müəssisələrdə işləyə bilərlər. Cavan, ya qoca olmasından asılı olmayaraq, ağıllı həkimin yanına hamı gedir. Yaxşı müəllimin də həmçinin... Bu adamlar çölə atılmırlar. Onlar cəmiyyətə başqa tərəfdən fayda verə, qeyri-hökumət təşkilatlarında işləyə bilərlər”.


H. Rəcəbli ağrılı və narahat addım olsa da, qəbul edilən qərarın cəmiyyətin inkişafına xidmət edəcəyini bildirib: “Təsəvvür edin ki, dövlət qulluğunda 80 yaşında adam işləyir. 80 yaşında adam nazirliklərdə nə edə bilər? 82 yaşında adam II sinfə dərs deyir. Göz görmür, qulaq eşitmir... Təsəvvür edin ki, çayın qabağını iri, qollu-budaqlı ağaclar kəsib, indi biz onu təmizləyirik ki, su axıb getsin. Bir az gərginlik olacaq, amma katastrofik vəziyyət yaranmayacaq. Boş qalan yerlər tutulacaq, elmə, təhsilə cavan adamlar gələcək, təhsilin forması dəyişəcək”.


Komitə sədri büdcədən maliyyələşən təşkilatlarda yuxarı yaş həddinin niyə məhz 65 yaş müəyyənləşməsinə də aydınlıq gətirib: “Kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə 60 müəyyən olunub. Demək, qadınlar pensiyaya çıxandan sonra 5 il, kişilər isə 2 il işləyə bilərlər. Əslində bu rəqəmin elə də ciddi mənası yoxdur. İnsanların fizioloji durumu nəzərə alınıb. Kişilərin orta ömür yaşı 71, qadınların orta ömrü isə 75-76 yaşdır. Biz onları pensiyaya qovmuruq, evə yola salırıq. İstirahətlərini təmin edirik”.


Elm qarşısında xüsusi xidmətləri olan adamlara fərdi yanaşılmalıdr

Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov APA-ya bildirib ki, alimlərin göstəricilərinə fərdi olaraq yanaşmaq lazımdır: “Elə alimlər var ki, onların həqiqətən də elm qarşısında xidmətləri var. Hər zaman onların potensialından istifadə etməyə ehtiyac duyulur. Ancaq elə alimlər də var ki, onlar nəinki 65, 50 yaşında da elm üçün heç bir fayda vermir. Onlar sadəcə 65 yaşını gözləyirlər. Qanun qanundur, hamı üçün eynidir. Amma elm qarşısında xüsusi xidmətləri olan adamlara fərdi yanaşmağa ehtiyac var. Bu daha yaxşı olardı. Elm üçün faydası olmayanları isə attestasiya edib çıxarmaq da olar”.


Son iki ildə doktoranturaya qəbul keçirilməməsi AMEA-da yaş həddinin qalxmasına səbəb olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov isə APA-ya deyib ki, AMEA-dakı vəzifələrin hamısı seçkili, konusvari vəzifələrdir. Seçkili vəzifələrdə seçilməyə yaş həddi qoyulmur: “Məntiqə əsaslanaraq deyə bilərəm ki, AMEA-da yaş göstəriciləri nəzərə alınmayacaq. Necə illərdir çalışırıq ki, AMEA-da orta yaş həddini təxminən 50 müəyyənləşdirək. 1990-cı ildən sonra bu yaş həddini saxlamaq bir qədər çətinləşib. Son iki ildə doktoranturaya qəbul keçirilməməsi AMEA-da yaş həddinin qalxmasına səbəb olub. Son iki ildə biz təxminən 500 gəncdən məhrum olmuşuq”. A. Həşimov deyib ki, “Təhsil qanunu”na görə, hazırda elmdə üç pillə - magistratura, fəlsəfə doktoru, elmlər doktoru pillələri var. Elmlə məşğul olmaq istəyən gənclər bu üç pilləni keçənə qədər yaş həddi kritik nöqtəyə gəlib çıxır: “30-40 yaş arası elmlər doktorlarının sayı barmaqla sayılacaq qədərdir. 50-60 yaş arası bu say daha çoxdur. Ondan sonra da 5 il işləsin və ən məhsuldar dövründə gedib otursun evdə? Bu, heç bir məntiqə uyğun gəlmir. Əvvəllər bu pillələrin sayı iki idi. Magistraturada təhsil almaq iki ildir. Fəlsəfə doktoru üçün əyani 3 il, qiyabi 4 il vaxt lazımdır. Gənc bu pilləni başa vurandan sonra onun müdafiə eləməyi ən azı 5 il çəkir. Hətta indi elə ixtisaslar var ki, müdafiə şuralarında növbəyə dururlar. Bir xeyli müddət də bu prosesə sərf olunur. Bu pillələrin hamısını keçənə və alim kimi formalaşana qədər saç ağarır”.


AMEA-nın I vitse-prezidenti 65 yaşdan yuxarı insanların tamam çıxdaş ediləcəyinə inanmadığını bildirib: “Fayda verə bilən müəllimlər, alimlər mütləq qalıb dərs deyəcəklər. Ola bilməz ki, onlara “Gedin evdə oturun” desinlər. Mən buna inanmıram. Ola bilsin ki, bəzi administrativ vəzifələrin tutulmasında cavanlara yer verilməlidir ki, işləsinlər. İnanmıram, təcrübəli insanlara desinlər ki, “Daha sizin təcrübəniz bizə lazım deyil”. Bu insanlara, əksinə, çox maaş vermək lazımdır”.


Bakının orta təhsil müəssisələrində təqaüd yaşlı 3300 müəllim işləyir

Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin baş məsləhətçisi Xəyyam Nəcəfov APA-ya bildirib ki, Milli Məclisdə aparılan müzakirələrdən sonra respublikanın bütün rayonlarındakı təhsil şöbələrinə işçilərin yaş göstəriciləri ilə bağlı məlumatların toplanması tapşırılıb: “Hazırda bununla bağlı dəqiqləşmələr aparılır. Əvvəllər təqaüd yaşının seçilməsi üçün ayrı kriteriyalar var idi, qadınlar 57, kişilər isə 63 yaşında təqaüdə çıxırdı. Müvafiq qanun qəbul olunandan və məlumatlar tam toplanandan sonra təhsil sistemində çalışan işçilərin göstəricilərinə aydınlıq gətiriləcək”.


Bakının ümumtəhsil məktəblərində çalışan 33 min müəllimin isə 10 faizini təqaüd yaşlı müəllimlər təşkil edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya deyib ki, bu, təxminən 3300 müəllim deməkdir. Paytaxtın ən yaşlı müəlliminin isə 85 yaşı var. Z. Əliqızının sözlərinə görə, mayın 19-da təhsil naziri Misir Mərdanovun iştirakı ilə keçirilən müşavirədə paytaxt məktəblərinin direktorlarına işçilərin yaş göstəriciləri ilə bağlı məlumatları toplayaraq BŞTİ-yə təqdim etmək göstərişi verilib: “Əgər yaş senzi ilə bağlı qanun qüvvəyə minərsə və müəllimlərə dövlət qulluqçusu statusu verilərsə, bu prosesə hazır olmaq lazımdır. Artıq paytaxt məktəbləri müəllimlərlə bağlı göstəriciləri idarəyə təqdim ediblər”. Z. Əliqızı deyib ki, sözügedən müşavirədə işdən çıxarılacaq işçilərin yerinin vakant elan olunmaması da qərara alınıb: “Həmin yerlər vakant elan olunmayacaq. Həmin müəllimlərin sayı digər fənn müəllimləri arasında bölüşdürüləcək”.


Həkimlər də 65 yaşa “hazırlaşır”

Digər büdcə təşkilatı olan Səhiyyə Nazirliyində də 65 yaşla bağlı “hazırlıq” görülür. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, qanuna edilən dəyişiklərlə əlaqədar həkimlərin vahid reyestrindən çıxarışlar hazırlanır: “Bununla bağlı statistik məlumatlar toplanılır. Əlavə göstəriş yoxdur. Qanuna dəyişiklər olandan sonra proses başa çatdırılacaq. Hələlik isə 65 yaşdan yuxarı həkimlərin siyahısı tam hazır deyil”.
Qeyd edək ki, hazırda Azərbaycanda 30 min həkim və 60 min nəfərdən çox orta tibb işçisi var.


Ali təhsil işçilərinin yaş senzi yenidən parlamentdə müzakirə olunacaq

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə APA-ya bildirib ki, sözügedən qərar gənclər üçün daha yaxşı imkanlar yaradacaq: “Ona görə də ölkə prezidenti Milli Məslisə yaş senzi ilə bağlı sərəncamın layihəsini göndərmişdi. Milli Məclisdə çox geniş müzakirələr oldu və müvafiq qərar qəbul edildi. Ölkə prezidentinin göndərdiyi layihəni ürəkdən bəyənirik. Ancaq bununla bərabər bugünkü reallıq ondan ibarətdir ki, yaşlıların yerini tutan cavanlar nə dərəcədə hazırdırlar, sayca nə dərəcədə balansa uyğun gəlirlər. Bu bizi narahat edir. Artıq dünən məlum oldu ki, ölkə prezidenti Milli Məclisin müvafiq komitəsinə yenidən müraciət edib ki, qərarda yenə müəyyən güzəştlər artırılsın. Nəticədə AMEA-nın alimləri bu yaş senzindən azad olundular. Bu, çox böyük göstəricidir. Əminəm ki, təhsil işçiləri üçün də müəyyən korrektələr olacaq. Ölkə prezidentinin apardığı siyasət yaşlı nəslə diqqət, cavanları önə çəkməkdən ibarətdir. Bu balans gözləniləcək. Nəticədə heç bir narahatlıq olmayacağını hiss eləyirəm”.
A. Məhərrəmov təhsil işçiləri üçün mümkün olan güzəştləri də sadalayıb: “Yaşın dərəcəsindən asılı olaraq ola bilər ki, onları saat hesabı saxlansınlar. Digər tərəfdən, həmin şəxslərə bu gün aldıqları maaşdan çox maaş veriləcək. Ancaq son qərarı gözləmək daha yaxşı olar. Bu günlərdə parlamentdə ali təhsil işçilərinin yaş senzi ilə bağlı yenidən müzakirələr olacaq”.



Qərarın nə qədər adama şamil olunacağına gəlincə, rektor deyib ki, bunu indidən demək mümkün deyil: “Keçən dəfə narahatlıq keçirirdik ki, bu qərar çoxsaylı adamlara şamil olunacaq. Amma məlum oldu ki, AMEA işçiləri bu qərardan azad olundu. İndi ola bilər ki, təhsil işçilərindən də xeyli hissəsi kvotaya düşə bilsin. Yəni orada müəyyən faiz verirlər ki, onları universitetlər xüsusi icra hakimiyyəti orqanının qərarı ilə saxlaya bilərlər. Ona görə də indidən bu rəqəmin neçə olacağını deyə bilmərəm. Tələsmək istəmirəm. Amma elm qarşısında xüsusi xidmətləri olan adamlara, əməkdar elm xadimlərinə, “Şöhrət” və digər ordenlərin sahiblərinə xüsusi yanaşmalar olacaq”. Rektor xatırladıb ki, hazırda BDU-da 1500-ə qədər müəllim heyəti çalışır, əməkdaşların ümumi sayı isə 3500 nəfərdən yuxarıdır. Professorların sayı isə 300-ə yaxındır. Universitetdə 13 millət vəkili, çoxsaylı əməkdar elm xadimi, “Şöhrət” ordenli şəxslər var.



Büdcədən maliyyələşən təşkilatlarda çalışanların yuxarı yaş həddinin 65 yaş müəyyənləşməsi ilə bağlı qərar Bakı Slavyan Universitetinin (BSU) rektorluğunda və Elmi Şurasında da geniş müzakirə olunub və qərarın BSU-nun kadr potensialına təsiri, 65 yaşa çatmış yüksək ixtisaslı mütəxəssislərdən gələcəkdə də istifadə formaları araşdırılıb. Universitetin rektoru Kamal Abdulla APA-ya deyib ki, hazırda BSU-da 619 müəllim çalışır, bunlardan 93 nəfəri 65 yaş həddini keçib: “Təbii ki, onları əvəz edə biləcək gənclər yetişib, ancaq uzun illər çalışmış mütəxəssislərin təcrübəsinə yiyələnmək və varisliyi təmin etmək də vacib məsələdir. Qərarın müsbət tərəfi gənclərin özünüifadəsi və işlə təminatı üçün yeni imkanlar yaratmasıdır. Tələbələrin düşüncə tərzi, maraqları dəyişib və gənc mütəxəssislərin özlərini ifadə etməsinin bir yolu da elmi və pedaqoji formalaşmadan, inkişafdan keçir. Bu inkişaf yaşca, təcrübə cəhətdən daha yetkinlərin diqqəti altında getməlidir”. Rektor bildirib ki, sözügedən qərardan sonra BSU-nun Elmi Şurasının tərkibində cüzi dəyişikliklər olacaq: “Şuranın xeyli hissəsi gənc əməkdaşlardan, magistrantlardan və tələbələrdən ibarətdir, buna görə də qərarın işimizə köklü təsir edəcəyini düşünmürük. BSU-da gənclər hələ tələbəlik illərindən ictimai işlərə və universitet idarəçiliyinə cəlb olunurlar, tələbələrin bir gün ərzində inzibati idarəçiliyi icra etdikləri “Bir günlük xəlifə” tədbiri keçirilir, “Kölgə kabineti” fəaliyyət göstərir. Müəllimlərimizin də böyük hissəsi gənclərdən ibarətdir. Gənclərin, o cümlədən məzunlarımızın əmək fəaliyyətinə yardım məqsədilə BSU-da “Məzunlarla iş və karyera” şöbəsi də yaradılıb”.


Məhsuldar alimi işdən ayırıb, evdə oturtmaq elmə ancaq ziyan gətirə bilər

Sabiq təhsil naziri Firudun Cəlilov isə APA-ya bildirib ki, büdcə təşkilatlarında işləyənlərin 65 yaşdan sonra məcburi təqaüdə göndərilməsinin müsbət və mənfi tərəfləri var: “AMEA-da, universitetlərdə və digər təhsil müəssisələrində hər adama fərdi yanaşılmalıdır. Elə adamlar var ki, 65 yaşdan sonra daha məhsuldar olur, aspirantları, tələbələri var. Belə alimi işdən ayırıb, evdə oturtmaq elmə ancaq ziyan gətirə bilər. Yaxud məhsuldar bir professoru auditoriyadan ayırmaq tələbələr üçün ziyandır. Elə adamlar da var ki, onları nəinki 65, heç 55 yaşında belə auditoriyaya buraxmaq olmaz. Belə adamları, əlbəttə, yola salmaq, boşalan yerləri gənclərə vermək lazımdır”. Dəyərli və dəyərsiz işçiləri seçməyin yoluna gəlincə, F. Cəlilov bunu ictimaiyyətin öhdəsinə buraxmağı daha düzgün hesab edir: “Müstəqil komissiyalar olmalı, onlar sorğular keçirməli, işçilər bal sistemi ilə qiymətləndirilməlidir. Müəyyən bal toplayan işçilər qalmalıdırlar. Universitetlərdə və məktəblərdə isə bunu tələbələrin və şagirdlərin öhdəsinə buraxmaq olar. Onlar arasında anonim sorğular aparmaq olar. Əgər müstəqil sorğular keçirilsə, sizi inandırıram ki, Bakı Dövlət Universitetinin və digər universitetlərin müəllimlərinin yarısı yola salınmalıdır. Bu, elmimizin, təhsilimizin və tələbələrin xeyrinə olar”.


Statistika nə deyir?

Dövlət Statistika Komitəsinin bu il yanvarın 1-nə olan məlumatına görə, ölkədə dövlət qulluğuna aid vəzifələrdə çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 28,6 min nəfər təşkil edib. Dövlət qulluğu vəzifələrində işləyənlərin 6,9 faizi 1 ilə qədər, 25,1 faizi - 1 ildən 5 ilə qədər, 24,2 faizi - 5 ildən 10 ilə qədər, 17,8 faizi - 10 ildən 15 ilə qədər, 26,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçuları vəzifələrində işləyənlərin yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunub: 30 yaşa qədər olan qulluqçular 16,3 faiz, 30-34 yaşda olan qulluqçular - 13,1 faiz, 35-44 yaşda olan qulluqçular - 22,2 faiz, 45-54 yaşda olan qulluqçular - 30,6 faiz, 55-61 yaşda olan qulluqçular - 13,4 faiz, 62 və yuxarı yaşda olan qulluqçular - 4,4 faiz təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1789

Oxşar yazılar