Metroloqların Günü
19 may 2011 19:57 (UTC +04:00)

Metroloqların Günü

YUNESKO-nun qərarı ilə 20 may Ümumdünya Metrologiya günü hesab edilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu günün tarixi 1875-ci ilin 20 mayından - Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.


Konvensiyaya uyğun olaraq Beynəlxalq Kəmiyyət Ölçüləri və Çəkiləri Bürosu (BKÖÇB) yaradılmış və ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb. Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilmiş və onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb.


Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri – səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Dünya ticarətinin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri – bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir.


Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır. 13 iyun 2000-ci ildə təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirmiş və metrologiyanın inkişafına ciddi təkan olub.


Bu sahədə daha ciddi məsələlərdən biri isə etalon laboratoriyalarının yaradılmasıdır. Azərbaycanda etalon bazasının genişləndirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi etalon istehsalı ilə məşğul olan “Fluke”, “Neolab”, “DHİ”, “WIKA”, “METTLER TOLEDO” kimi dünyanın tanınmış şirkətlərindən elektrik, təzyiq, kütlə, özüllülük və sıxlıq kəmiyyət vahidləri üzrə etalon cihazları alınıb quraşdırılıb. Milli Metrologiya Mərkəzinin etalon bazasında spesifik xüsusiyyətləri ilə fərqlənən “Vaxt və Tezlik” etalon kompleksi də artıq işlək hala gətirilib. Etalonların alim-saxlayıcı funksiyalarını həyata keçirən mütəxəssislər müvafiq təlimlər keçmişlər. Hazırda isə kəmiyyət vahidlərinin dövlət etalonları laboratoriyalarının beynəlxalq metroloji təşkilatlar tərəfindən tanınması məqsədilə işlər aparılır.


Bundan başqa, radioloji kəmiyyətlərin ölçülməsi sahəsində etalonların alınması ilə bağlı müzakirələr aparılır. Çox kəskin ehtiyac duyulan geniş bir sahə olmaqla yanaşı, əhalinin şüalanmaya nə dərəcədə məruz qaldığını, istər iş şəraiti, istərsə ərzaq, ekoloji, tibbi xidmət təhlükəsizliyinin təminatı baxımından bu laboratoriyanın qurulması respublikamız üçün çox faydalı olacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – respublikada texniki tənzimlənmə və ölçmələrin vəhdətinin təmin edilməsi fəaliyyətini həyata keçirən dövlət qurumu olaraq, Azərbaycanın inkişaf edən iqtisadiyyatına öz zəhməti ilə böyük töhfə verən güclü metroloq ordusunu bir daha təbrik edir, onlara can sağlığı, yorulmaz əmək arzulayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1205

Oxşar yazılar