Falçı: “Mənim “kliyent” dərdim yoxdu” - REPORTAJ
11 mart 2011 11:53 (UTC +04:00)

Falçı: “Mənim “kliyent” dərdim yoxdu” - REPORTAJ

Universiteti bitirər-bitirməz, əşyalarımın arasından üçkünc bükmələr, rəngbərəng düyünlər tapırdım, anamın əlində tutub, mənə yedirtmək istədiyi yemək kasasına nəsə əlavə elədiyini hiss eləyirdim və bərkinə durub, dirəşəndə məlum olurdu ki, tayfamızdakı on-on beş nəfərlik qohum qadınlar şurası mənim indiyə qədər ərə getməməyimdən təşvişə düşürək, müxtəlif yaşda və müxtəlif məkanlarda yaşayıb-yaradan falçıların yanına kömək istəməyə gedirlər. Əldə etdikləri duaları da ya paltarlarımın içinə qoyur, ya suya salıb, suyunu mənə içirir, ya da nə bilim, daha hansı yollarlasa istifadə etməyimə nail olurdular. Qohumlarımızın yaşadığı əyalətdə bir neçə seyid şorgözlük və bazlıq üstündə həbs edilib, külli-cahana rüsvay olana qədər bizimkilər yavaşımadılar. Nəysə, dərinə getməyək və məsələni şəxsiləşdirməyək.


Aradan bu qədər vaxt keçəndən sonra, istedadını belə gəlirli fırıldaqlara xərcləyən bacılardan biri və ya bir neçəsi barədə yazı yazmaq üçün hərdən əlim gicişirdi. Demək, bu günə qismətmiş.


Falçının ünvanını və nömrəsini təsadüfən ələ keçirdim. And olsun, bütün müqəddəslərə, koordinatları mənə verən xanım ölkə ictimaiyyətinin elə hörmət elədiyi, elə ziyalı, elə təmkinli xanımlarından biri idi ki, əlimə yazmaq imkanı düşdüyünə sevinməyim, belə ciddi xanımın falçı yanına gedəcək qədər cahil olduğuna təəssüflənməyin yanında yerlə bir oldu. Çünki bir-iki kəlmədən sonra başa düşmüşdüm ki, xanım bu nömrəni təsadüfən ələ keçirməyib, özü həmin falçının daimi müştərisidir. Nəsə, indi də məsələni ifrat ictimailəşdirməyək.


Falçı bacıya zəng eləməzdən əvvəl çoxsaylı təlimat aldım. Nömrəsini kimdən aldığını mütləq deməlisən, həmin adam inandığı adamdısa sənə görüş verə bilər. Hansı günü və hansı saatı təyin eləsə o vaxt görüşə bilərsiniz, başqa vaxt durub atıla-atıla onun yanına getməyin bir adı yoxdu. Hətta yanına gedəndən sonra üzünə baxıb, səninlə danışmaq istəmədiyini də deyə bilər. Buna da etiraz etmək olmaz. Kefinin yaxşı vaxtında bir də bəxtini sınaya bilərsən. Növündən asılı olmayaraq, hansı xidməti göstərir-göstərsin, buna görə ona bərk minnətdar olmalısan, çünki hər adama kömək eləmir.


Xub. Əlimizdən nə gəlir. Bacıya telefon açıram və gözlədiyim qart, əsəbi səsin yerinə incə, cingiltili bir səs gəlir:
- Eşidirəm.
- Gülzaman xanım?
- Bəli. Siz kimsiniz?
- Nömrənizi ....... xanımdan almışam. Dedi ki, mənə siz kömək edə bilərsiniz.
- Qızım, başqa vaxt zəng elə. İndi vaxtım yoxdu.
- Təxminən nə vaxt?
- Bilmirəm, bugündə-sabahda bir də yığarsan.




«Bugündə-sabahda» bir də zəng eləyirəm və bu dəfə xanımın xoş vaxtına düşürəm. Razılaşırıq və görüş vaxtını təyin edirik. Ertəsi gün sabah ertədən daban alıram yeddinci mikrorayona. «Səhər» dedim, amma nə qədər səhər olsa da, mən artıq gecikmişdim. Qapını üzümə açıb, geyinməyim üçün çəkələk göstərən, paltomu asıb, içəri otağa ötürən ortayaşlı, arıq və nimdaş paltarlı qadın günün iyirmi dörd saatını işləyən adamlara məxsus mexaniki əsəbilik və laqeydliklə dedi: «Nə gec gəlmisən, bilirsən, xanımı qonaq otağında neçə adam gözləyir?!»


Gözüm dəhlizdəki iri çilçırağa dəydi. İçimdən gülmək keçdi: heç teatrlarda bu boyda çilçıraq olmur. Divarlara gipsdən müxtəlif pəri, quş heykəlcikləri yapışdırılıb. Görüntüm dörd yanda bir-birinə yaxın düzülmüş onlarla güzgüdə əks olunur.


Qadının göstərdiyi otağa keçdim. Bərbəzəyi, ağır pərdələri, divarlarındakı pəri heykəlləri, imam-peyğəmbər, Məkkə-Mədinə posterləri ilə dəhlizi kölgədə qoyan iri otaqda yanaşı oturmuş iki qız, bir orta yaşlı qadın və yanında yeniyetmə qızı, bir də bir kənarda mısmırığını sallayıb oturmuş, pal-paltarından şəhərə gələn kimi əlində-ovcundakını zərli paltarla xərclədiyi his olunan yaşlı arvad vardı. Məni qıyqacı, maraqla süzsələr də, dindirib-danışdıran olmadı – eləcənə salamımı alıb, üzlərini döndərdilər.


Qızlar xısın-xısın nəsə danışır, biri o birisinə təskinlik verməyə çalışırdı. Qulağım asta səsə öyrəşəndən sonra danışıqlarından belə başa düşdüm ki, qızlardan əsəbisinin sevdiyi oğlan onu qoyub, başqası ilə nişanlanıb. Qızı ilə oturan qadın əsəbi-əsəbi hamıya baxır, aradabir telefonla kiməsə mesaj yazırdı. Qızı anasının əsəbiliyindənmi, ya nədənsə büzüşüb oturmuşdu. Yekəpər arvad aradabir əlini atıb, qolundakı bilərziklərini, boynundakı qızıl muncuğunu düzəldirdi.
Yarım saata yaxın vaxt keçdi. Arıq və əsəbi qadın içəri girib, ana-balaya işarə elədi. Qadınla qızı yerindən tərpənəndə, bayaqdan susub-oturmuş qadını qəfildən canlandı:
- A bajı hey, sən Allah dərdini tez de, qurtar. Gör, burda nə qədər adam gözləyir?! Hamımızın dərdi-odu var, sən Allah...
Qadın çəpəki baxıb, heç nə demədən qızının əlindən yapışdı və otaqdan çıxdı.


Belə qıyqacı baxmağın nəticəsini pis gözləsəm də, insafən ana-balanın dərdi-odu tez həll olundu. Hirsli xala içəri girib, qızıl muncuqlu arvada işarə elədi. Başları «xəyanətkar» sevgilinin sümüyünü çeynəməyə qarışmış rəfiqələrin tükləri də tərpənmədi. Qızlardan biri – «atılanı» dişlərini bir-birinə sıxıb, astadan yanıqlı-yanıqlı deyinir, o birisi isə sakitləşdirmək məqsədilə rəfiqəsini tumarlayırdı.


Qızılmuncuq xalanın işi bir az uzun çəksə də, o biri otaqdan ağzı dualı, özü razı halda çıxdı. Qonaq otağına keçmədən, «xilaskarına» alqış yağdıra-yağdıra dəhlizə keçdi və evdən çıxmağa tələsdi.
Əsəbi qadın bu dəfə qızlara işarə eləyəndə, rəfiqələrdən sakiti, yanındakını sakitləşdirməyə çalışan «sülh qaranquşu» alicənablıq nümayiş etdirdi:
- Bizim işimiz uzundu. Qoy, bu qız keçsin, onsuz da hələ heç kim yoxdu, biz sonra girərik xanımın yanına.


Ürəyimi bərkidib, keçdim göstərilən otağa. Qapını açıb, ayağımı içəri atan kimi, məni çaşdıran nə divarda az qala “oboy”ları əvəz eləyən dini motivli şəkillər, canamazlar, nə bahalı çərçivələrə salınıb, divardan asılan dualar, surələr, nə də otaqda mebeli əvəz eləyən, ortadakı tək xalçanın üzərinə qoyulmuş, üstü fincanlar, kartlar, qələmlər, kitabçalarla dolu alçaq masa oldu. Mən qapıdan içəri girəndə qarşımda üzü boyalı, saçları dağınıq, qəribə əyin-başlı, yaşlı qadın görəcəyimi düşünürdüm. Amma qarşımda incə, gözəl, gülərüz və uzaqbaşı otuz beş yaşı olan cavan qadın əyləşmişdi. Qızın elə xoş, elə incə üzü, vücudu, elə ağ və şumal boynu vardı, zalım qızı elə bil, durnaydı ki, yığcam döşəkcənin üzərinə qonmuşdu.



Özümdən asılı olmayaraq, gülümsədim. Salamımı xoş üzlə alıb, qarşısını göstərdi:
- Otur, görək. Belə gözəl qızın nə dərdi var?
Ağzımı açıb, əvvəlcədən uydurduqlarımı demək istəyirdim ki, sözümü ağzımda qoydu:
- Mənə bax, sən bura kömək üçün gələnə oxşamırsan. Ürəyində şəkk var, inanmırsan mənə.
Sözlərini qınayarcasına deyil, gülümsəyə-gülümsəyə, az qala məzələnə-məzələnə dediyi üçün, özümdə cəsarət tapıb, zarafata saldım:
- Eh, mən Allaha da şəkk gətirirəm, o ki qaldı, siz olasınız...
Bütün falçılarda olan yalançı Allah xofunu görəcəyimi düşünürdüm ki, məni dinsizlik üstündə danlamaq əvəzinə, hazırcavablıq göstərdi:
- O sənin Allahla öz aranda olan işdi. Ona qarışmıram. Amma mənə şəkk gətirirsənsə, bəri başdan de, işimizi bilək. Mənim “kliyent” dərdim yoxdu. Vaxtımı alma.
- Şəkk deyəndə ki, bəri başdan sizə necə yüz faiz inana bilərəm?
- Sənin dərdin nədi ki, belə hər şeyə şübhəynən-zadnan yanaşırsan? Dayan...əlini ver görüm...



Əlimi ovcunun içinə alır. Mənsə onun əllərinə baxıram: ağ, incə, uzun barmaqları, balaca ovcu var. Üzünə baxıram, gözlərini əlimin içində gəzdirə-gəzdirə gülümsəməyindən qalmır. Bir neçə dəqiqədən sonra, əlimi buraxır:
- Həəə, sənin işin çətindi. Amma hələlik çətindi, sonrasın yaxşı görürəm. Səndən bir söz soruşacam. Mənə düzünü de – belə də, öz aramızda, bacı kimi. Səni kimsə saxlayır?
- Nə?!
- Qışqırma ay qız. Sənin taleyində kişi görürəm. Özün də onu sevirsən. Amma ərin deyil. Ondan asılısan. Bütün günü onu fikirləşirsən. Ürəyində ona bərk acıqlısan, amma üzünə vurmursan. Aranızda çətinlik var. Hərdən onu atmaq istəyirsən, amma ürəyin gəlmir. Bir-birinizi çox istəyirsiz, amma dildə zəhərləyirsiz. Səbəbi də nə sənsən, nə də o. Onu səndən uzaqlaşdıran adam var. Bütün günü səni ona pisləyir. Sənin yanında üzünə gülür, amma arxanı çevirən kimi dalınca danışır. Paxıllığını çəkir. Görür ki, gözəlsən, hamı sənin xətrini istəyir, ona görə paxıllığından partlayır. Sənin əynində bir təzə paltar da görəndə özünə yer tapmır. Günü falçılarda, cindarlarda keçir. Sənə olmazın dualar yazdırır, cadu elətdirir. Beyninə verib ki, səni məhv eləsin...sən mənə qulaq asırsan, yoxsa mən burda öz-özümə danışıram.
- Hə, qulaq asıram.
- Tükün də tərpənmir, ona görə deyirəm. Deyirəm ki, təpədən dırnağa qədər cadulanmısan.
- Onda mən neyləməliyəm?
- Gözlə...Xuruş! Ordan bir kofe gətir, bir də sapları.



Bunu deyib, nəfəsini dərir və kitabçalardan birini götürüb, dodaqlarına yaxınlaşdıraraq, nəsə pıçıldayır və kitabçanı açır. Üzümə baxıb, gülümsəyir. Özlüyümdə fikirləşirəm ki, bu qız belə fırıldaqlarla məşğul olmasa, ondan bizim yazarlar üçün əsl məclis, ədəbiyyat adamı çıxardı.


Arıq və əsəbi xalanın adı Xuruş imiş. Xuruş üzündə eyni əsəbiliklə bir fincan qəhvə və iki büküm sap gətirir. Saplardan bir bükümü qara, bir bükümü qırmızıdır. Qız saplardan hərəsindən bir hissə qırır, ikisini də ayrıca, dodağının altında nəsə pıçıldaya-pıçıldaya düyünləyir. Hərəsindən barmaq boyda bir şey alınır. İkisini də mənə uzadır:
- Al bunu, öz əlinnən qoy ovcuma.
Bükümləri alıb, təzədən onun açıq ovcuna qoyuram. Əlini yumur:
- Sənə kömək eləmək mümkündüsə, taleyində işıq varsa, bu saplardan qarası yox olacaq, qırmızı qalacaq. İşıq görünmürsə, qırmızı yox olacaq, qara qalacaq.



Bunu deyib, ovcunu açır. Saplardan qırmızısı onun ovcundadı, qaranı isə harasa dürtüb. Bu hərəkəti ilə məni şoka salacağını düşünürdü, amma üzümün hələ də tərpənmədiyini görüb, özündən çıxır:
- Az, mən burda sənnən ötrü özümü öldürürəm, sən vecinə almırsan. Görmürsən, qırmızı çıxdı?!
Gülümsəyirəm:
- Başa düşdüm. Yaxşıdı da. İndi necə olacaq?
- Hələ sən mənə de görüm, elə bir kişi var, ya yox.
Söhbətin hansı kişidən getdiyini bilməsəm də, «hə» deyirəm və bundan sonra onun nə deyəcəyini gözləyirəm.
- Deyirəm dəə, mənim gözümnən heç nə qaça bilməz! Nəyindi?
- Belə də...bir-birimizi istəyirik.
- Bəs sən ərdə deyilsən?
- Yoox.
- Onda lap yaxşı. Oğlan da uzaqdadı hə?
- Hə.
- Özü də hündür, qaryanız oğlandı.
- Aha.
- Amma ayda-ildə bir dəfə buralara gəlir də?
- Hə, gəlir.
- Deməli, uzadır da məsələni. Dirənib, hə? Evlənmək istəmir?
- Yox hələ.
- Qələt eləyir. Ağzı nədi? Götür, bu qırmızı düyünü. Bir yerdə olursuz?
- Nə mənada?
- Az nə bilim, restoranda, kafedə bir yerdə oturursuz, yoxsa yox?
- Hə, otururuq. O buralara gələndə.
- Ay sağ ol. Oğlan tualetə-zada gedəndə, pencəyin cibini sök, bu düyünün yarısın qayçıynan kəs, qoy astarın içinə. O biri yarısın da yandır, külünü çayına-zadına səpərsən. Özün də bir az qılıqlı ol, dilini şirin elə, başını aşağı sal, evlənəcək. Səndən yaxşısını tapmayacaq ki, gül kimi qızsan...indi bu kofeni iç, “krujkanı” çöyür, kofeynən də baxım falına.



Fincanı əlimə götürürəm və zarafata salıram:
- Deyəydiniz, sizə də gətirəydilər də. Yoldaşlı içərdik...
- Bacı, mən burda sənə kofe qonaqlığı vermirəm eee, bu iş üçündü. İnşallah, ərə gedərsən, xələtimi gətirərsən, oturub, kofe içərik sənnən. İndi, tez ol, vaxtımı alma, iç qurtar görüm.
Kəmşirin kofeni tələsik içib, fincanı o deyən kimi çevirirəm və bir neçə dəqiqədən sonra qadın fincanı götürüb, baxır:
- Həəə, burda da hər şey yaxşıdı. Budu, kofe də göstərir ki, istədiyin adama gedəcəksən, dörd dənə də uşağın olacaq. Bir müddət aranızda çətinlik olacaq, sonra düzəlməlidi. Bu dəqiqədən söhbət gedirsə, indi ailənizdə nəsə ciddi çətinlik var. Çox yaxın bir adam görürəm, cavandı, özü də deyəsən kişi xeylağıdı, nəsə ailə məsələsi var. Qardaşın olmasın?


Bu arada falçıya zəng gəlir. Mənə göz vurub, telefonu açır:
- Həəə...eşidirəm. Yox, yadıma düşmür. Bıy, hə, hə, demişdi axı mənə! Neynək, gətirsin. Qızın neçə yaşı var? Otuz altı?! Ooooy, az, gətirsin, gətirsin! Sən Allah, onnan heç pul-zad da istəmirəm, savabdı, bəxtin açım, çıxsın getsin. Başıma xeyir aaaz, o yaşacan qızmı qalar adam?!


Telefonu söndürüb, gülür:
- Rəhmətliyin uşağı, o yaşacan qızın qurusun qurudublar elə bil. Vaxtında düşün də əl-ayağa. Həə, harda qalmışdıq? Qardaşın idi, hə?
- Hə, qardaşımdı.
- Nişanlıdı deyəsən. Qıznan bu aralar bərk qırğındadılar. Özü də deyəsən, atan-anan o qızı almaq istəmir. Qız özü qurumuş qurbağaya oxşayır, amma qardaşını sevir. Amma işi buran var. Qız tərəfdən bir yaşlı qadın var, qızı öyrədir. Elə qızın ata-anasının da ürəyinə xal salıb. Qızgilin həyətlərinə də dua basdırıb.


Bacı burada lap ağ elədi. Mənim iki qardaşım var, ikisi də evlidi, hərəsinin də iki uşağı var. Amma falçının yalanını üzünə tutmuram. Başqa «dərd»imi deyirəm:
- Bu qız məsələsidi ee, həll olar inşallah. Amma mənim dərdim ayrıdı. Atam yaman içəndi. Neçə ildi, tərgitdirə bilmirik. Qadan alım, onu gör neynəyə bilirsən. Eşitmişəm, belə şeylərdə əlin yaxşıdı.
Bir az fikirləşir.
- Atasının, anasının adını de. Yaşın de, bir baxım.


Atamın tərcümeyi-halını deyirəm. Masanın üstündəki kitabçalardan bir neçəsini açıb-baxandan sonra, köksünü ötürür:
- Həəə, bunun işi bir az çətindi. Amma mənim əlimdən qurtarmaz. Bir şərtnən ki, gərək dədəni də götürüb, yanıma gələsən. Özüynən danışım, duasın yazım, kilidin vurum, getsin çimsin-qusullansın, sonra mən hər ay onun duaların oxuyacam.
- Onda mən atamı hər ay gətirməliyəm bura?
- Yoox. Bir dəfə gətirdin, bəsdi. Mən hər dəfə burda ona lazım olan duaları oxuyacam. Bir şey də deyim, mənə qapınızın torpağınnan bir ovuc gətirərsən. Evinizdən də bir çimdik duz. Bir qara toyuq, bir ağ toyuq. Elə eləyəcəm, dədən bir il içməyəcək. Bir ildən sonra duanın qüvvəti ölür. Gərək, gəlib təzələyəsən. Haqqı da yüz dollardı. Bəri başdan. Dediyim kimi olsa, bir il içməsə, gətirib yaxşı, öz adına layiq bir “padarka” da verərsən. Sənin tayların qızılların soyunub qoyullar burda.
- Bacı, mən qızıl taxmıram axı.
- Nahaq yerə. Qızılın yaxşı enerjisi var. Qadını şux saxlayır. Sən maşallah, yaxşısan, amma özünə bir az da fikir ver. Nə deyirsən, dədəni nə vaxt gətirirsən?
- Bu günlərdə zəng eləyərəm sizə. Hələ görüm, özünü razı sala bilirəmmi?
- Bax da, öz işinizdi...di get, özün də ev satmaq, ev almaq istədin, qohum-qardaşdan imtahandan kəsilən oldu, bəxt açmaqdı, çətinə düşən işi rahata salmaqdı, nə lazım olsa, çəkinmə, gəl. Kimi lazımdı, dilin ağzın bağlayım. Oldumu. Di get, vaxtımı çox alma, gözləyən var.


Ayağa qalxanda, masanın üstündəki kitabçaların üstünə göz atıram. Qurandan müxtəlif surələrin kitabça variantı. Dualar. Hədislər. Mərsiyələr. Rusca «Ulduzlar və Talelər» kitabı. Vəssalam.


«Fala inanma, falsız da qalma».
Ağbirçəklərimizin uzaqvuran siyasətinin bariz göstəricisi olan bu deyim, günümüzdə beş ali məktəbin fərqlənmə diplomunu «stenka»nın cözündə saxlayıb, yaxşı yerdən ər əldə etmək arzusu ilə falçı yanına qaçan qadınlarımızın sevimli devizidir. Oğlunu pullu və qarınlı kişinin qızı ilə evləndirmək, uşağının yaxşı təhsil almasının qeydinə qalmaq əvəzinə, onu ali məktəbə baxıcının köməyi ilə düzəltmək, kişisinin üzünə gülümsəyib, mehribanlıqla evinə, ailəsinə bağlamaq əvəzinə, günü qorxusundan seyidə dua yazdırmağa qaçan zənənlərimizin ən mərhəm, canayanan, bağrı-badaş adamıdır falçılar.
Falçıların müştərilərinə, daha doğrusu onlara pənah aparanlara münasibətim birmənalıdır – ancaq cahil, küt, savadlı olsa belə, oxuduqlarından heç nə qanmayan adamlar falçı, baxıcı yanına gedə bilərlər. Amma falçılara münasibət birmənalı ola bilməz. «Falçı», «baxıcı» deyib keçməyək, nəzərə alaq ki, əgər insan olmayan bacarığını nümayiş etdirirsə, insanları kütləvi şəkildə inandırmaq bacarığı varsa, ən pis halda camaatı barmağına dolaya bilirsə, deməli o mənasız, boş adam deyil. Fırıldaqçıdı, itoynadandı, yalançıdı, amma hər nədisə, istedadlı adamdı. Heyf ki, istedad düzgün yönləndirilməyəndə, ortaya belə idbar bir şey çıxır.


Günel
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7335

Oxşar yazılar