İnsan komada neçə gün və ya ay qala bilər, o zaman nə hiss edir, nələri dərk etmir, bunu dəqiq heç bir həkim bilmir. Amma bu vəziyyəti yaşamış insanların xatirələri həmin anlarda orqanizmdə və şüurda baş verənləri az da olsa anlamağa imkan verir.
Komada nə baş verir?
Bir çoxları komanı sadəcə huşunu itirmə və ya çox dərin yuxu hesab edir. Əslində isə bu, orqanizmin travma, infeksiya, maddələr mübadiləsinin kəskin pozulması, zəhərlənmə və ya insult kimi hallara qarşı müdafiə reaksiyasıdır. Beyin güclü stress zamanı şüuru “söndürür” ki, həyatı qoruyub saxlaya bilsin. Bəzən həkimlər də xəstəni süni koma vəziyyətinə salır.
Adətən belə hesab olunur ki, bu “enerji qənaətli rejimdə” insan xarici qıcıqlara reaksiya vermir. Amma bəzi hallarda bu tam doğru olmur.
Məsələn, insanlar tez-tez soruşurlar: komadakı insan eşidirmi? Xatirələr göstərir ki, bəli, bəzən eşidir. Hətta koma dərin deyilsə və ya insan çıxış mərhələsinə yaxınlaşırsa, gözlərini də aça bilər. Uzun müddət komadan çıxmayan xəstələr isə “vegetativ vəziyyət”ə keçir və illərlə “boz zonada” qala bilirlər. Bu zaman orqanizmdə nəfəs, nəbz, yuxu və oyanıqlıq dövrləri bərpa olunur, amma şüur bağlı qalır.
Lent.az xarici mediaya istinadən komadakı insanların xatirələrini təqdim edir.
Reddit istifadəçilərinin şəxsi xatirələri
“Beyin əməliyyatından sonra bir neçə gün süni komada qaldım. Xatırlayıram ki, həkimlər məni yoxlayanda bədənim donmuş kimi idi, amma səs-küyü eşidirdim. Hərəkət edə və danışa bilmirdim.”
“Anam 80-ci illərdə beyin qanaxması keçirdi. O dedi ki, komada olarkən özünü elə rahat hiss edirdi ki, sanki isti yay günündə çəmənlikdə uzanıb.”
“Mənim üçün bu, sadəcə dərin yuxu idi. Nə yuxu gördüm, nə də kənar bir şey dərk etdim. Ayılanda özümü və ailəmi tanımırdım.”
“Ərim bir ay komada oldu. Ayılandan sonra dedi ki, bütün bu müddətdə dəhşətli yuxular görüb. Guya onu oğurlayıblar və o, azad olmağa çalışır.”
“Arvadım avtomobil qəzasından sonra 3 həftə süni komada idi. Oyananda harada olduğunu anlamırdı. İlk sözləri: ‘Siqaret ver’ oldu. Sonra ‘Sən kimsən?’ dedi. Yaddaşının bir hissəsi silinmişdi.”
“Ailə dostumuz qəza sonrası komada idi. Oyananda bacılarından soruşdu ki, hansı məşhur ölüb? Məlum oldu ki, həmin məşhur onun komada olduğu günlərdə vəfat edib.”
“Anamda beyin anevrizması olmuşdu, bir həftə komada qaldı. Ayılanda dedi ki, guya ölmüş iki dostu ilə pubda bilyard oynayırmış.”
“2011-ci ildə doğuşdan sonra ağciyər emboliyası keçirdim və 3 gün komada qaldım. Amma hər anını xatırlayıram: ağ fonun qarşısında sanki divarın yanında dayanmışdım. Ayılanda nəfəs borusundakı cihaz boğazımı sıxırdı və mən sadəcə yaşadığıma inana bilmirdim.”
“Anam iki dəfə ölüb dirilmişdi. Birincidə bədəni tərk edib, həkimlərin onu necə diriltdiyini görüb. İkincidə isə inanılmaz sakitlik hiss edib və yenə geri qayıdıb, çünki övladları üçün yaşamaq istəyirdi.”
“Babam komada olanda həkimlər ümid kəsməyə başlamışdı. Mən əlini tutub onunla danışırdım. Bir müddət sonra ayıldı. Sonradan dedi ki, işığa tərəf çəkilirmiş, amma mənim səsimi eşidib geri dönməyə qərar verib.”
“Mən özüm komada olduğumu bilmirdim. Amma ətrafda deyilən hər şeyi eşidirdim. Sadəcə danışa bilmirdim. Bu, kabus kimidir oyanmaq istəyirsən, amma alınmır. Buna görə deyirəm ki, komadakı insanlarla danışın, amma onların yanında ağır mövzuları müzakirə etməyin, çünki biz sizi eşidirik!”