Anemiyanın qarşısını necə almaq olar? – Həkim DANIŞIR
22 avqust 2025 11:06 (UTC +04:00)

Anemiyanın qarşısını necə almaq olar? – Həkim DANIŞIR

Anemiya cəmiyyətdə çox rast gəlinən, lakin əksər hallarda laqeyd yanaşılan sağlamlıq problemlərindən biridir. Xüsusilə dəmir, fol turşusu və B12 vitamini çatışmazlığına bağlı olaraq inkişaf edən bu xəstəlik həm uşaqlarda, həm də böyüklərdə ciddi fəsadlara səbəb ola bilir. Statistikaya görə, qadınlar və hamilələr anemiyadan daha çox əziyyət çəkirlər. Əslində isə düzgün qidalanma və vaxtında profilaktik tədbirlər görməklə bu problemin qarşısını almaq mümkündür.

Lent.az mövzu ilə bağlı Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Oksana Abbasova ilə müsahibəni təqdim edir.

- Oksana xanım, ilk öncə anemiya haqqında məlumat verərdiniz…

- Anemiya qan azlığı kimi tanınan bir vəziyyətdir və qanda kifayət qədər sağlam qırmızı qan hüceyrələrinin və ya hemoglobinin olmaması ilə xarakterizə edilir. Anemiyanın profilaktikası üçün düzgün qidalanma çox vacibdir. Bunun üçün əsas məqsəd orqanizmi lazımi qida maddələri ilə təmin etməkdir ki, qırmızı qan hüceyrələrinin istehsalı normal olsun.
Anemiya növləri və əsas səbəbləri kimi dəmir çatışmazlığı anemiyasını, B12 vitamini çatışmazlığı anemiyasını və fol turşusu çatışmazlığı anemiyasını deyə bilərik. Dəmir çatışmazlığı anemiyası – qidalanmada dəmir çatışmazlığı və ya dəmirin zəif mənimsənilməsi nəticəsində yaranır. B12 vitamini çatışmazlığı anemiyası daha çox heyvan mənşəli qida qəbul etməyən insanlarda rast gəlinir. Fol turşusu qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir və onun çatışmazlığı anemiyaya səbəb ola bilər.

- Profilaktik qidalanma prinsipləri hansılardır?

- Anemiyaya qarşı profilaktik qidalanma prinsipləri dedikdə, ağlımıza ilk olaraq dəmirlə zəngin qidalar gəlir. Dəmir, qırmızı qan hüceyrələrində oksigen daşıyan hemoglobinin əsas komponentidir. İki növ dəmir var: Heme dəmir və non-heme dəmir. Heme dəmir əsasən heyvan mənşəli qidalarda olur və orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Non-heme dəmir bitki mənşəli qidalarda olur və mənimsənilməsi daha çətindir.
Heme dəmir mənbələri kimi mal əti, quzu əti, qoyun əti, toyuq və hinduşka əti, balıq növləri (somon, sardina, ton balığı), ciyər (mal və quş ciyəri) və digər daxili orqanları misal olaraq göstərmək olar. Non-heme dəmir mənbələri kimi yaşıl yarpaqlı tərəvəzləri (ispanaq, pazı, kələm, brokoli), paxlalılar (mərcimək, noxud, lobya), tam taxılları (yulaf, buğda, darı),quru meyvələri (qaysı, kişmiş, gavalı qurusu), çərəzləri (badam, fındıq, balqabaq və günəbaxan tumu) misal gətirmək olar.
Vacib məqam kimi qeyd edim ki, non-heme dəmirin mənimsənilməsini artırmaq üçün bu qidalar C vitamini ilə birlikdə qəbul edilməlidir.

C vitamini dəmirin bağırsaqdan sorulmasını artırır və onun orqanizmdə daha yaxşı mənimsənilməsinə kömək edir. C vitamini ilə zəngin qidalara portağal, limon, kivi, çiyələk, quşüzümü, böyürtkən, pomidor, bolqar bibəri, ispanaq, brokoli, kələm, gül kələmi kimi bitkilərdir.
Həmçinin, B12 vitaminini xüsusi qeyd etmək lazımdır. B12 vitamini qırmızı qan hüceyrələrinin istehsalı üçün həyati əhəmiyyət daşıyır. Bu vitamin yalnız heyvan mənşəli qidalarda olur. Buna görə də, vegetarian və veqanlar əlavə B12 qəbul etməlidirlər. B12 mənbələri kimi mal əti, qoyun əti, balıq (somon, skumbriya, sardina), süd və süd məhsulları (qatıq, pendir, süd), yumurtanı demək olar. Bunlarla yanaşı, DNT sintezində və qırmızı qan hüceyrələrinin formalaşmasında fol turşusunun xüsusi iştirakını qeyd etmək lazımdır. Fol turşusu ilə zəngin qidalara yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, pazı, kələm), portağal, naringi və digər sitrus meyvələri, avokado, baklagillər (mərcimək, noxud, lobya), tam taxılları misal çəkmək olar.

- Doktor, qidalar haqqında başqa hansı tövsiyələri verə bilərsiniz?

- Anemiyalı xəstələr çay və qəhvədən imtina etməli və ya az qəbul etməlidirlər. Bu yüksək miqdarda taninlər və polifenollar ehtiva edir. Bu dəmirin mənimsənilməsini azaldır. Yeməklərdən dərhal sonra çay və qəhvə içməkdən çəkinmək lazımdır. Dəmirin mənimsənilməsini kalsium da zəiflədə bilər. Buna görə də, süd və süd məhsullarını dəmir mənbəyi olan qidalardan ayrı qəbul etmək tövsiyə olunur.

Dəmir çatışmazlığı riski olan insanlar (hamilələr, yeniyetmələr, menstruasiya dövründə olan qadınlar) həkim məsləhəti ilə dəmir əlavələri qəbul edə bilərlər. Əlavələrlə birlikdə C vitamini qəbul etmək daha təsirli olur.
Ümumiyyətlə, dəmir, fol turşusu və B12 ilə zəngin qidaların balanslı şəkildə qəbulu qırmızı qan hüceyrələrinin normal səviyyədə qalmasını təmin edir və anemiyanın yaranmasının qarşısını alır.

- Anemiya növləri üçün hansı pəhriz nümunəsi məsləhət görərdiniz?

- Anemiya növləri üçün pəhriz nümunəsi olaraq səhər yeməyində yumurta (qayğanaq və ya suda bişmiş), tam buğda çörəyi ilə hazırlanmış sendviç, bir stəkan təzə sıxılmış portağal suyu yemək olar.Nahar yeməyində qırmızı ət (qızardılmış və ya qaynadılmış), yaşıl salat (pomidor, ispanaq, limon suyu ilə), mərci şorbası, bir dilim tam buğda çörəyi yemək məsləhətdir. Axşam yeməyində isə toyuq və ya balıq, brokoli və gül kələmi ilə hazırlanmış tərəvəz qarışığı, qəhvəyi düyü və ya kinoa, bir stəkan qatıq yemek lazımdır. Ara yeməklərdə quru meyvələr (qaysı, kişmiş), fındıq, badam, meyvə (alma, armud və s) tövsiyə olunur.

Sonda qeyd etmək istərdim ki, düzgün qidalanma və sağlam həyat tərzi anemiyanın qarşısını almaqda əsas rol oynayır. Dəmir, fol turşusu və B12 vitamini ilə zəngin qidaların balanslı şəkildə qəbul edilməsi ilə qan dəyərlərini normada saxlamaq mümkündür. Ehtiyac olarsa, həkim məsləhəti ilə əlavələr qəbul edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar