Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin dindirilməsi ilə davam edib.
Zərərçəkən Oqtay Qasımov ona dəyən maddi zərərin tam ödənilmədiyini deyib:
"Onun mənə ümumilikdə 150 000 dollar qaytaracağı var. Mənə ayrı vaxtlarda 15 000, 31400 və 25 000 dollar qaytarılıb. Öz torpaq sahəmi 2014-cü ildə satmışam. Torpağın o vaxtkı dəyəri 44 000 manat olub. İlk 50 000 dolları İstanbuldakı ev layihəsinə görə Anara vermişəm. Danışmışdıq ki, hər satışdan qazanc payım olacaq. Məsələ uzananda Anar dedi ki, ev hazırdır, lakin satılmayıb. Tenderlər ləğv olunub, Türkiyə iqtisadi problemlər içindədir. Ona dedim ki, qayıt Azərbaycana, işləri burada qurub davam edək. 2017-də ikinci 50 000 dolları verdim. Anar mənə dedi ki, iş başlananda mənə bir ay öncədən de, pulunu qaytaracam. Aramızda müqavilə filan olmayıb. Eyni ildə İzmirdəki xəstəxana layihəsi üçün üçüncü dəfə 50 000 dollar Anara verdim. Mənə dedi ki, özü tenderə 287000 dollar xərcləyib, mən də 50 000 versəm, pay sahibi ola bilərəm. 2022-də o, axırıncı dəfə mənə 25 000 qaytarıb. Ondan ilk şikayətimi 2022-ci ilin oktyabrda etmişəm".
Təqsirləndirilən Anar Əsədli "Sən 2014-dən mənimlə problemin var idisə, niyə gözləyib şikayətini 2017-də edirsən? Sənin niyyətin məndən yalançı, dələduz portreti yaratmaqdır. Mən tenderə bu qədər məbləğ qoyub iş görürəmsə, sənin 50 000 dollarına ehtiyacım vardı ki? Ədalət insanın əxlaq və davranışlarındadır, bunu yaxşı nümayiş etdirirsən" deyib.
Zərərçəkən Tamara Allahverdiyeva təqsirləndirilənin anası ilə iş yoldaşı olduğunu, Əsədlini yaxşı insan kimi tanıdığını deyib:
"Anası məndən 45 000 manat pul istədi. Dedi ki, Anarın iş layihəsi üçün çatdırılacaq. Mən pulu Anarın anasına və qardaşı Hilala vermişəm. Əlavə 2000 manatı da Anarın bir torpağa sənəd düzəltməsi üçün borc kimi ona vermişdim. Ondan heç vaxt şikayət etməmişəm. İndi də ona qarşı şikayətim yoxdur".
Növbəti proses 13 mart saat 15:00-a təyin olunub.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Anar Əsədov yüksək gəlir gətirmək adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlada ümumilikdə 255 min manat alıb. Həmin puldan 23 manat geri qaytarıb.
Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manat ödəniş edib. Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manat geri qaytarıb.
Xatırladaq ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.