Avstraliyalı alimlər uzunmüddətli araşdırma nəticəsində yuxu çatışmazlığının zamanla psixi sağlamlığa ciddi təsir göstərə biləcəyini müəyyən ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat La Trobe University alimləri tərəfindən aparılıb.
Alimlər beş il ərzində 133 mindən çox Yeni Zelandiya sakininin yuxu keyfiyyəti və müddəti barədə məlumat toplayıblar. İştirakçılar hər gecə neçə saat yatdıqlarını bildiriblər, paralel olaraq isə onların stress səviyyəsi və psixoloji vəziyyəti müxtəlif testlərlə qiymətləndirilib.
Nəticələr göstərib ki, davamlı olaraq kifayət qədər yatmayan insanlarda psixi pozuntuların ilkin əlamətləri bir il ərzində ortaya çıxa bilər. Araşdırmaya görə, iştirakçıların təxminən 40 faizi tövsiyə olunan 7–9 saatdan az yatır. Məhz bu qrupda sonradan psixi sağlamlıq problemlərinin yaranma ehtimalı daha yüksək olub. Gecə 7–8 saat yatan şəxslərdə isə belə risk müşahidə edilməyib.
Alimlər yaş qruplarına görə ideal yuxu müddətini dəqiqləşdiriblər:
0–3 aylıq körpələr: 14–17 saat
4–11 aylıq körpələr: 12–15 saat
1–2 yaş: 11–14 saat
3–5 yaş: 10–13 saat
6–13 yaş: 9–11 saat
14–17 yaş: 8–10 saat
18–64 yaş: 7–9 saat
65 yaşdan yuxarı: 7–8 saat
Mütəxəssislər vurğulayırlar ki, yuxu normasını azaltmaq məsləhət deyil. Qısa müddətli yuxusuzluq iş qabiliyyətinin azalması və əsəbilik yaratsa da, uzunmüddətli yuxu çatışmazlığı daha ciddi, xüsusilə psixi sağlamlıqla bağlı problemlərə səbəb ola bilər.