Dodaqlara gülüş qonub...
12 oktyabr 2009 14:45 (UTC +04:00)

Dodaqlara gülüş qonub...

Əziz oxucu, bu günlərdə telekanalların birində olduqca maraqlı bir xəbər eşitdim. Futbolun inkişafına milyonlarla dollar xərcləyib xaricdən məşqçi və oyunçu alsaq da, heç kimin ağılına gəlməyən bir yarışda qələbə qazanmışıq. Azərbaycan bu yaxınlarda beynəlxalq karikatura müsabiqəsində ilk yeri tutub. Bu sevindirici xəbərin mahiyyətinə varanda, bir qədər kədərlə bizlərin bu sənəti bəlkə də hamıdan yaxşı bacardığımıza adam lap dilxor olur. Amma şəkil çəkmək qabiliyyətimizə görə deyil, karikatura üçün bolluca mövzulara malik olduğumuza görə. Bunun üçün hər hansı bir mənzərəli yer axtarmağa ehtiyac belə yoxdur - bir topa kağız, bir neçə qələm, ilhamı da özümüzdən.

***

Elə başlayaq küçələrimizdən. Hər tərəf zibil olsa da, etiraf edək ki, zibil yığanların da sayı xeyli artıb. Hər səhər balkondan onların didişə-didişə iş gördüklərini seyr edirəm. Ən maraqlısı isə işin finişində olur – yığılan zibil yandırılır! Küçə təmiz, hava üfunət, ətrafdakı evlər zibil qoxusu içində.

Yeri gəlmişkən, son iki ildə əsasən avtomobillə hərəkət etdiyimə görə küçələrdəki hadisələrdən daha çox yollardakı vəziyyətlə tanışam. Əvvəllər “qaişnik”lərə barmaqarası baxırdım, indi isə anlayıram ki, olduqca gəlirli və sərfəli peşədir. Özün yol qaydasını pozmaq istəyirsənsə, sadəcə “miqalka”nı yandırmaq kifayətdir - bütün sürücülər yol verəcək, heç kimin də qarşısında cavabdeh deyilsən. Üstəgəl, cərimə yerinə razılaşma yolu ilə nəsə almaq olar, narazı sürücüyə isə bunun şirinlik və ya siftə olduğunu əsaslandırırsan. Öz aramızdır, rüşvətə “halallıq” adını verən kimdirsə, böyük iş görüb – ölkədə buna görə o qədər ürəyinin içini yeyən adam vardı ki...

***

Yola çıxmışıqsa, bir az da bu mövzudan danışaq. Çox maraqlı hadisə ilə rastlaşmışam bu yaxınlarda. Avtomobili park etmək son 1-2 ildə artıq böyük problemə çevrilib əksər sürücülər üçün – evakuator maşınları yağışdan sonrakı göbələk kimi artıb şəhərdə. Elə onların qorxusundan iş yerimin yaxınlığında rəsmən icazəli bir dayanacaq yer tapdım yol kənarında, yaxınlıqdakı digər ərazilərdə isə maşın saxlamaq qəti qadağan olunub (xüsusi nişan da qoyulub). Amma sevincim çox çəkmədi, elə həmin gün mənə xəbərdarlıq olundu ki, bu yerdə bir daha maşın saxlamayım, çünki bu binanın hansısa mərtəbəsində cənub rayonlarından birinin icra başçısının yaşayış mənzili var və yol kənarı onun avtomaşınları (zalım oğlunun nə qədər maşını var!!!) üçün bron olunub. Dedim, axı bu “znak” burda maşın saxlamaq üçün icazə mənası daşıyır! Cavabında – bu “znak”ı əvvəlki yerindən bu tərəfə biz çəkdirmişik ki, Müəllimin avtomobilləri “parkovka” olunsun. Hələ qonşuluqdakı sanballı mağazaların qarşısında olan bron yerlərdən danışmıram. Hər marketin, təşkilatın qarısında dəmir parçaları basdırılıb ki, burda yalnız həmin dükanın sahibi maşın saxlasın.

Vallah, bizim bu yollar ayrı aləmdi, çox yazmaq olar. Məsələn, yeni, bahalı və böyük sərnişin avtobuslarının dar döngələrimizə girə bilməməsi, avtobus sürücülərinin nahar saatlarında övladları və ya digər sürücülük vəsiqəsi olmayan azyaşlı qohumları tərəfindən əvəz edilməsi, avtomobil nömrələrinin (bu, telefon nömrələrinə də aiddir) alınmasına minlərlə manat (və ya dollar) xərclənməsi, küçə dilənçiliyinin gəlirli peşəyə çevrilməsi və s. və i...

Vallah, bu ölkədə təzad çoxdur və bununla yəqin ki, çox adam razılaşar. Hansı ölkədə fizika müəllimi restoran işlədir, texniki işçi orta məktəbdə ingilis dilini tədris edir, elmlər namizədi bazarda meyvə-tərəvəz satır? Yəqin ki, yalnız Azərbaycanda. Gülüş doğuran məqamlar çoxdur, bir yazı yetməz.

***

Bəzən düşünürəm ki, görəsən, bu qədər ağla sığmayan təzad bizdə hardandır?! Maraqlısı odur ki, nə avropalıyıq, nə də 100% müsəlman. Mübahisə etməyə də dəyməz – “Konstitusiya ilə din dövlətdən ayrıdır” müddəasını əksəriyyətimiz şəriəti həyatından maksimum uzaqlaşdırmaq məcburiyyəti kimi qiymətləndirir. Belə olmasaydı, HACI marketində araq satdırmazdı, mənşəyi məlum olmayan aktrisalarımız seyidlikdən və din-imandan danışmazdı, “alkoqolik” da İslamdan fəlsəfi fikirlər söyləməzdi. “Alkoqolik” demişkən, təki ürəyin təmiz olsun (doğrudan da spirtin dezinfeksiya bacarığı var)!

***
Özümdən asılı deyil, ya mənim yumor hissim həddindən artıq güclüdür, ya da insanlarımız həddindən artıq təzadlara meyllidir. Adını çəkmək istəmədiyim bir yerli təşkilatımız var, tez-tez işlədiyim informasiya agentliyinə press-reliz göndərir. İlk baxışdan anormal bir şey yoxdur. Amma press-relizlər yalnız ingilis və rus dillərində göndərilir, mən də məcbur olub həmin yazıları verirəm müxbirlərimizə tərcümə etməyə. Bu təşkilatın rəsmilərindən soruşanda ki, niyə axı dövlət dilində, Azərbaycan dilində press-reliz göndərmirsiniz, analoqu olmayan cavab alıram: “İnanın ki, hələ də Azərbaycan dilini bilən tərcüməçi tapa bilməmişik”.

***
Milli şou-biznesimiz isə başqa aləmdir. Başdan-ayağa prikol, savadsızlıq, əxlaqsızlıq, zövqsüzlük və paxıllıq üstündə köklənmiş müasir milli “mədəniyyətimizi” ən çox tənqid edən telekanallarımız sonda ən kəskin tənqidçi rolunda çıxış edir. Təbliğ-tənqid obyekti olanlar da xüsusi diqqətə layiqdir. Əxlaqsızlıq simvolu olan bir çox müğənnimiz istənilən sahədə baş verənlərə dərhal münasibət bildirməyi xoşlayır (istər idman olsun, istər siyasi məsələ), ən çox da milli-mənəvi dəyərlər haqqında polemika aparmağa meyllidir. Yəqin ki, hər biriniz fikir vermisiniz - sənət adamlarının imkanı genişləndikcə, sənətləri zəifləyir, həm də nədənsə övladlarının bu yolu davam etdirməsinin əleyhinə çıxırlar. Əksər uğurlar isə sözsüz ki, boşanandan sonra əldə olunur!

***
Məncə, bir yazı üçün kifayət qədər sübut gətirdim. Yazıma müasir atalar sözü ilə nöqtə qoymaq istərdim. İstənilən şəraitdə, istənilən adamın leksikonunda artıq bir neçə ildir “Problem yoxdur!” kəlməsi ilə rastlaşmaq mümkündür. Reallığa uyğun gəlməyən bu sözə millətimizin sevgisi hardandır, bax bunu hələ tapa bilməmişəm.

Bütün problemlərinizin qısa zamanda həll olunması arzusu ilə,

Vüqar M.Mustafayev
# 924

Oxşar yazılar