Sel və daşqınlara həssas rayonlar
Hər gün 39 idarə və müəssisəyə hava proqnozu barədə rəsmi xəbərdarlıq göndərilir
Sentyabrın 20-də Hacıqabul rayonunda ciddi dağıntılara səbəb olmuş sel və daşqınlar ölkənin başqa ərazilərində də təkrarlanır. Xoşbəxtlikdən bu dəfə sel və daşqınların dağıdıcı təsirləri bir qədər zəif formada müşahidə olunur. Bununla belə, qorxunc və təhlükəli selin ciddi fəlakətlərə səbəb ola biləcəyi çoxlarının rahatlığını pozub. Təkcə son bir sutkada ölənin üç rayonunda – Salyanda, Şəki və Masallıda selə çevrilən yağış suyunun təsərrüfatlara ciddi ziyan vurduğu bəllidir. Dünən günorta bir saatdan çox davam edən leysan nəticəsində Salyanın mərkəzi küçələrini yağış suları basıb. Güclü yağış iki iri gövdəli ağacı yerindən qopararaq yolu kəsib. Transformatorlardan birinin yanması nəticəsində rayona elektrik enerjisinin verilişi dayandırılıb. Mərkəzi küçələrdə suyun səviyyəsi 20-30 santimetrə çatdığından avtomobillərin hərəkəti məhdudlaşıb, sel suları küçə və ev həyətlərə yığılıb. Masallıda isə ötən gecə 20-dən çox yaşayış məntəqəsi sel suları altında qalıb.
Bu cür sel və daşqınların ölkənin daha hansı ərazilərində baş verə biləcəyi indi çoxlarını düşündürür. Narahatlıq həm də sel və daşqın təhlükəsi ilə bağlı xəbərdarlıqlara müvafiq qurumların necə hazırlaşması ilə bağlıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometeoroloji proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a açıqlamasında ölkədə bir çox rayonların sel və daşqınlara həssas ərazilər olduğunu deyib. Onun sözlərinə görə, ölkə ərazisində Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Daşkəsən, Gədəbəy, Quba, Qusar, Xaçmaz, Naxçıvan Muxtar Respublikasının Şahbuz və Culfa rayonları sel və daşqınların ən çox müşahidə olunduğu bölgələrdir.
Asif Verdiyev bildirib ki, hava proqnozu barədə xəbərdarlıqlar hər gün 39 müəssisəyə göndərilir. Bunların arasında Fövqəladə Hallar Nazirliyindən tutmuş Dövlət Yol Polisi İdarəsi, rayon icra hakimiyyətlərinədək müxtəlif dövlət təşkilatları, şirkətlər, idarə və müəssisələr var. Onun sözlərinə görə, faks və elektron poçt vasitəsilə göndərilən bu xəbərdarlıqların əsas məqsədi təşkilatların hava şəraitinə uyğun müvafiq tədbirlər görməsi üçün onları əvvəlcədən məlumatlandırmaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bildirirlər ki, onların əsas vəzifəsi gözlənilən hava şəraiti ilə bağlı müvafiq təşkilatlara əvvəlcədən məlumat verməkdir. Hava şəraitinə uyğun hansı hazırlıq tədbirlərini görmək bu qurumların işidir.
Nazirliyin hidrometeoroloji proqnozlaşdırma bürosunun direktoru İmran Məmmədov deyir ki, ölkə ərazisində ən çox yağıntılar Böyük Qafqaz, Kiçik Qafqaz, Lənkəran-Astra bölgəsinə və Naxçıvan Muxtar Respublikasına düşür. Bu səbəbdən daşqın dövründə həmin ərazilərdən keçən çaylarda gursululuq daha çox müşahidə olunur. İmran Məmmədov deyir ki, bu bölgələrlə müqayisədə Mərkəzi Aran və Kür-Araz ovalığında yağıntıların miqdarı az olur.
Müsahibimiz deyir ki, onlar müvafiq sxemə uyğun olaraq hava proqnozuna dair xəbərdarlıqları lazımi qurumlara göndərirlər: “Bu, bizim işimizdir, bundan ötəri burada oturmuşuq. Sel, daşqın onsuz da olacaq, insan təbiətə qarşı güc gələsi deyil ki! Amma qabaqcadan məlumatlı olanda, işini planlaşdıranda dəyən ziyanın məbləğini heç olmasa, minimuma endirmək olar. Biz gözlənilən hava şəraiti barədə əvvəlcədən xəbərdarlıq edirik, kimin hansı hazırlıq tədbirləri görəcəyi özündən asılıdır. Xəbərdarlıqdan sonra yerlərdə tədbir görən görür, görməyən ziyan çəkir”.
Elxan SALAHOV

893