Tükürpədici olay: gəlin qaynatası tərəfindən zorlandığını iddia edir
21 avqust 2009 11:00 (UTC +04:00)

Tükürpədici olay: gəlin qaynatası tərəfindən zorlandığını iddia edir

“Günahkar cəzasını almasa, rayon prokurorluğunun qarşısında üstümə benzin töküb, özümü yandıracağam”
Ağcabədi rayonunun A. kəndində biabırçı olay baş verib: kənd sakini F. qayınatası tərəfindən cinsi zorakılığa məruz qalıb. Bu barədə “Azadlıq” qəzetinin redaksiyasına zərərçəkən özü məlumat verib. Daha doğrusu, o, başına gələnləri bizə yolladığı məktubunda qələmə alıb və israrla onun dərc olunmasını xahiş edib. “Azadlıq” onun fikirlərini dərc edərkən göstərilən faktların doğruluğunu nə təsdiq, nə də inkar etiyini yazır...
`
Dəhşət dolu məktub

“Mən 2005-ci ildə Ağcabədi Pedoqoji Texnikumunun ibtidai təhsil şöbəsinə daxil olmuşam. Ötən il yaşıdım olan həmkəndlimə el adəti ilə ərə getdim. O, atası ilə birgə evlərinin yanındakı avtomobil təmiri sexində işləyir. Dolanışacağımız pis deyildi. Yeganə arzumuz övladımızın olması idi. Təhsilimi bu il başa vurdum. Yaxın günlərdə diplom alacaqdım. Evdəkilərdən xahiş edirdim ki, rayon mərkəzinə gedəndə diplomumun hazır olub-olmaması ilə maraqlansınlar. Avqustun 13-də səhər qayınatam - mən ona ”papa” deyə müraciət edirdim - dedi ki, diplomun məktəbinizə gəlib çıxıb, hazırlaş, gedib alaq. Sevincimin həddi-hüdudu yox idi,- demək növbəti il müəllim işləyəcəyəm! Geyinib-keçinib oturdum maşına. Elə qayınatamın da kefi kök idi. Nə biləydim ki, o, günlərlə baş sındıraraq barəmdə heç vaxt ağlıma gətirə bilməyəcəyim murdar plan cızıb…
Ağcabədi şəhərinin Rəsulzadə küçəsindəki ikimərtəbəli yaşayış evində bu ailənin ayrıca dördotaqlı mənzili var. Düzdür, orada heç kəs daimi olaraq yaşamır. Amma rayon mərkəzinə yolu düşənlər tez-tez ora baş çəkir, bəzən bir-iki gün qalırlar. Dərs açılan gün ora ailəvi getmişdik. Bir dəfə də mənə pal-paltar alınanda hamımız orada olmuşuq, yemək-içmək hazırlayıb saatlarla oturmuşuq. Qayınatamın Ağcabədidə işi çox olan vaxtlar evdən çıxmazdan əvvəl özüylə yemək götürərdi. Nə isə, həmin gün də qayınatam məni ilk əvvəl ora apardı. Yolboyu deyinirdi ki, ərin məndən gizlin siqaret çəkir, sən isə bilib gizlədirsən. Dedi ikinizi də evdən qovacağam,- onu Rusiyaya yollayacam, səni isə atan evinə qaytaracam. Demə, məni özündən tam asılı vəziyyətə salmaq üçün zəmin hazırlayırmış. Ağcabədiyə çatanda dedi gedək buradakı evə, gəlmişkən oranı təmizlə, neçə vaxtdır əl dəymədiyindən tozun içində itib-batır. Maşından düşəndə yoldakı bulaqdan içmək üçün su doldurduğu qabı və içərisində yemək olan qara rəngli sellafon paketi mənə verib dedi ki, sən qalx yuxarı, mən maşının qapılarını bağlayıb gəlirəm. Pilləkənlə yuxarı qalxanda qonşu qadınla rastlaşdım. Onunla salamlaşdıq. Qadın məndən soruşdu ki, bu kişinin nəyisən. Dedim ki, gəliniyəm. Başını bulayıb öz işi ilə məşğul oldu. Qonşunun bu hərəkəti məni təəcübləndirdi. Demə səbəbsiz deyilmiş. Sonradan orada yaşayanlar dedi ki, bu kişi tez-tez bura müxtəlif yaşda olan qadınlar gətirir.
Mən evi süpürüb təmizləməyə başladım, o isə istirahət otağına keçib qoşa yataq taxtına uzandı. Döşəməni yumağa qoymadı, dedi daha bəsdir, əlini yu. Durub mənzilin əsas qapısını açarla bağladı, məni orta otağa salıb onu da arxadan bağladı. Dedi neçə vaxtdır deyə bilmirdim, indi əsl imkan yaranıb, bu gün səndən istədiyimi alacağam. Əlim əsdi, bədənim keyidi. Götürüb məni zorla çarpayıya salanda, ögüməm tutdu. Belə görəndə qapını açdı, keçib o biri otaqdakı qırmızı ləyənə qusmağa başladım. Gördüm əlinə mətbəx bıçağı alaraq kəsdirib başımın üstünü. Dedi nahaq yerə artistlik edirsən, onsuz da mən fikrimdən daşınan deyiləm. Düşüb ayağına yalvardım, xeyri olmadı. Məni sürüyüb yatağa saldı. Səhər çörək yemədiyimdən heyim də yox idi. Əlindəki bıçağı gözlərim qarşısına tutaraq dedi: - Mane olsan, yaxud çığırıb eləsən, bax buradaca səni doğrayacağam. Məni ardıcıl olaraq üç dəfə zorladı. Evdən çıxıb maşına oturduq. Yolda dedi ki, heç narahat olma, bu, bizim aramızda sirr olaraq qalacaq. Özümdə güc tapıb ona son sözümü dedim: “Səni öz atası kimi qəbul edən, qabağına çay-çörək qoyan, ayaqlarını yuyan qadının namusuna toxundun. Mən heç, oğlunu düşünürsənmi?” Azacıq vicdanı olan adam gec də olsa etdiyi bu hərəkətdən peşman olduğunu söyləyərdi. Amma kimə deyirsən?! “Neçə vaxtdır səndən ötrü kəsirdim. Bu, nə vaxtsa olmalıydı. Oğlumu neynirsən, sən deməsən o hardan biləcək,- üstünə möhür basmayıb ki?..” Daha dediklərinin mənə fərqi yox idi, yalnız bircə şeyi - onun əlindən salamat çıxıb evə getməyi düşünürdüm.
Texnikumun yanından keçəndə maşını saxladı, yolun o biri hissəsində - bankın yanında dayanmış Y. müəllimin yanına qaçdı. Nəsə soruşub tez geri qayıdıb maşına oturdu. Dedi müəllimindən öyrəndim, hələ diplomun hazır deyil. Bunu öyrənib deməsəydi də, artıq bilirdim ki, məni diplom almaq üçün rayon mərkəzinə gətirməmişdi. Evə yaxınlaşdıqca bu hadisəni ərimə necə deyəcəyimi düşünürdüm. Biz bir-birimizi sevib ailə qurmuşduq və birgə yaşayışımız dövründə də hər şey ürəyimizcə idi. Bunu ərimdən gizli saxlaya bilməzdim. Namusuma toxunan, şirin həyatımı bircə günün içində pozan bu murdar insanı cəzasız da buraxmaq olmazdı! Daha hər şey gözümdən düşmüşdü, bəlkə də ölüm bundan yaxşıydı. Bu vəziyyətdə gəlib evə çıxdım. Heç kəsə heç nə demədən qalxıb öz otağıma keçdim, üzüqoyulu vəziyyətdə yatağımda süst qaldım. Axşamüstü anam gəldi. O, tez-tez bu evə süd-qatıq gətirirdi. Ümumiyyətlə, valideynlərim bizdən 350 metr aralıda yaşayır. Anam gəlib çıxmasaydı da, onsuz da imkan tapan kimi qaçıb gedəcəkdim. Üstəlik başıma gələnləri bu evdəkilərə deməyə də qorxurdum. Qan düşə bilərdi, ola bilsin kişi sirri ört-basdır etmək üçün məni öldürərdi. Anamı görən kimi ağlaya-ağlaya dedim məni apar, daha burada qala bilmərəm. Başıma yığılışdılar, məsələdən qayınanam da, baldızım da, qaynım da hali oldu, elə yoldaşım da. Heç kəsə inana bilmirdim. Qaynım dedi ki, getmə, özümüz araşdırıb, tədbir görərik. Amma razılaşmadım, anama qoşulub evdən çıxdım. Qayınatam düşdü ayağımıza ki, bir qələtdir olub, bu sirri açmayın. Evdəkilər nə edəcəyini bilmədən bizə baxırdı. Hamı şokda idi, yoldaşımın ürəyi getmişdi.
Başıma gələnləri atama, qardaşıma danışıb onlara and verdim ki, qisas almaq üçün başqa şey fikirləşməsinlər, mənim həyatım puç oldu, bu dərdin üstünə bir dərd də gətirməsinlər. Qərara gəldik ki, bu şərəfsiz adamı qanuni yolla cəzalandıraq. Zəng vurdular, sahə müvəkkili və polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşı gəldi. Məndən izahat alıb məsləhət gördülər ki, polis idarəsinə gedək. Orada isə dedilər ki, bu, bizim səlahiyyətimizə aid deyil, prokurorluğa şikayət edin.
Rayon prokuroru məzuniyyətdə olduğundan, bizi Əsgər müəllim qəbul etdi. Burada da ətraflı izahat verdim. Zəng vurub o adamı çağırdılar prokurorluğa. Amma orada nə desə yaxşıdır,- guya dediklərim yalan və uydurmadır, ona şər atıram. Üstəlik mənə məsləhət gördü ki, sənə nə olub bilmirəm, amma ərizəni geri götürsən heç nə olmayıbmış kimi səni apararam evə. Elə prokurorluq işçilərinin yanında sözümü dedim: səni bağışlamayacağam. Həmin gün məni Ağcabədi şəhər poliklinikasında müayinə etdilər, ertəsi gün isə Beyləqanda yerləşən məhkəmə-tibbi ekspertizasına apardılar. Eyni zamanda cinsi zorakılığa məruz qaldığım mənzilə də baxış keçirildi. Hamı gördü ki, yataq bulaşıb, yastıq üzərində fərqli saç tükləri var. Bıçaq da tapıldı. Hələ mən bilməyən şeylər də varmış - videomaqnitofon üstündə pozğun filmlər olan videokassetlər də aşkar olundu. Istintaq üçün əhəmiyyət kəsb edən əşyalar şahidlərin iştirakı ilə götürüldü. Binanın qarşısına toplanan adamlardan öyrəndik ki, o necə adam imiş.
Çox istərdim ki, istintaq obyektiv aparılsın. Artıq buna görə məndə narahatlıq yaranıb - bu deyilənlərə baxmayaraq, adamı tutub saxlamayıblar. Hadisə yerinə baxış keçiriləndə müstəntiq mənə və orada olan şahidlərə hələ yazılmamış protokola - eləcə ağ kağıza qol çəkdirdi. Bilmirəm idarədə verdiyim izahatlar da öz sözlərimlə yazılıb, yoxsa yox,- nədən ki, müstəntiq verdiyi sualları və mənim cavablarımı kompüterdə özü yığdı. Deyirlər hər şey ekspertizanın nəticəsindən asılıdır, amma ekspert rəylərinin nə vaxt hazır olacağı da bizə məlum deyil.
Artıq bu hadisədən kənd camaatı və bizi tanıyanlar xəbərdardır. Elin ağzını bağlamaq da olmaz, hərə bir söz danışa bilər. Başıma gətirilən bu iyrənc işdən sonra camaat arasına çıxa bilmirəm. Səbr edib araşdırmaların nəticəsini gözləyirəm. Əgər günahkar qanuni cəzasını almasa, rayon prokurorluğunun binası qarşısında üstümə benzin töküb yandırmaqla özümü öldürəcəyəm və bunun məsuliyyəti hüquq-mühafizə orqanlarının üstünə düşəcək. İnanmıram ki, bu qeyri-insani, azərbaycanlıya, müsəlmana yaraşmayan hərəkətin üstünü ört-basdır etsinlər.”

Rəsmi mövqe

Ağcabədi sakininin məktubunda səslənən fikirlərə və ittihamlara münasibət öyrənmək və bəzi faktları dəqiqləşdirmək üçün “Azadlıq”ın məəkdaşı rayon prokurorluğunun müstəntiqi Şahin Şükürovla telefon vasitəsi ilə əlaqə saxlayıb. Cənab Şükürov etik səbəblərə görə adını və yaşayış ünvanını açıq verə bilmədiyimiz xanımın həqiqətən avqustun 14-də onlara rəsmi müraciət etdiyini təsdiqləyib, lakin fakt üzrə hələlik cinayət işi açılmadığını bildirib: “Bunun üçün əlimizdə əsas yoxdur. Kimsə kimisə cinayət törətməkdə məlumat verirsə, o demək deyil ki, bu doğru məlumatdır. Biz xanımın zorlamaqda ittiham etdiyi şəxsi də saxlaya bilməzdik, bunun üçün o, cinayəti törətməkdə şübhəli şəxs kimi tanınmalıdır. Mən indi sizinlə danışarkən (avqustun 18-i saat 15.06-da- RED) yoldayam - maddi sübutların ekspertizadan keçirilməsi üçün Bakıya gətirirəm. Hələlik araşdırmaların ilkin nəticəsi hazır deyil, heç nəyə qiymət vermək olmaz. Xanımın narahatlığına da əsas yoxdur, hadisə yerinə baxış protokolu və izahatları ona tanış edilməklə imzalatdırılıb, istənilən vaxt gəlib bir də tanış ola bilər. Allaha şükür, savadı, təhsili də var. Isrtər qanunvericiliyin tələbləri baxımından, istərsə də bir azərbaycanlı kimi bu məsələdə heç kəsə güzəşt edilə bilməz. Hətta bu iş zorla deyil, könüllü olubsa belə, yenə də o adama əxlaqsız hərəkətə görə barəsində cinayət qanunvericiliyinə uyğun ittiham irəli sürüləcək. Amma xanımın dedikləri böhtan olduğu təsdiqlənsə, onun da barəsində iş qaldırılacaq, çünki bu, çox ciddi ittihamdır. Təsəvvür edin, bizə müraciət edən gün mən gecə saat 3-ə qədər idarədə olmuşam. Bu araşdırmalar üçün görün nə qədər adam cəlb olunub. Mən bütün kütləvi informasiya vasitələrinə eyni gözlə baxıram və bu işlə bağlı əlimizdə səhih məlumat olanda elə sizin qəzet vasitəsi ilə də onu ictimaiyyətə açıqlamağa hazıram.”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1847

Oxşar yazılar